Bizimlə əlaqə

Bizimlə əlaqə saxlamaq istəsəniz bu
telefonlara  zəng edə bilərsiniz:
(070) 375-73-11;
və yaxud aşağıdakı elektron poçtamıza məktub göndərə bilərsiniz; E-mail: kurinfo@gmail.com

Söz dünyasının ənginliyində

Gəncə şəhərində belə bir ünvan var: “Kür” İnformaiya Agentliyi, www.kur-ia.com. Adından göründüyü kimi əsasən müxtəlif səpkili informasiyalar, operativ məlumatlar və xəbərlər hazırlayıb internet vasitəsilə dünyanın bütün regionlarına yaymaq onun əsas məqsədidir. Agentlik respublikamızın qərbində təsis edilmiş ilk qaranquşlardandır. Düzdür, qərb regionumuzun mərkəzi şəhəri sayılan Gəncədə eyni, yaxud buna yaxın təyinatlı agentliklərin olduğunu eşitsəm də onların faktiki fəaliyyətləri qətiyyən hiss edilmir. Mövzumun əsas məğzi özünün geniş əhatəli və yüksək keyfiyyəti ilə fərqlənən “Kür” İnformasiya Agentliyi barəsində olduğuna görə yazımın əvvəlindəki fikirlərimə davam etməyi lazım bilirəm.

Bəri başdan qeyd edim ki, “Kür” İnformasiya Agentliyi yarandığı gündən onun keçdiyi yolun ilk mərhələləri ilə yaxından tanışam, daha doğrusu ilk dövrlərdəki fəaliyyətinin ən fəal iştirakçılarından biri olmuşam. Onun pillə-pillə inkişafında, gündən-günə, aydan-aya dinaamik yüksəlişində fəallıq göstərmişəm. Agentliyin ilk bir il ərzində ərsəyə gəlməsində, yüksələn xətlə geniş diapazonlu xəbərlər müəssisəsinə çevrilməsində baş direktor İsrafil Zeynalovla çiyin-çiyinə sərf etdiyim əməyimlə öyünüb qürurlandığıma görə özümü haqlı sayıram.

Ilk günlərdən, ilk aylardan baş direktor İsrafil Zeynalovun yorulmadan, usanmadan gecəsini gündüzünə qataraq çalışması, saatlarla kompüterin qarşısında oturması, xəbərləri, məlumatları operativ olmaqla internetə ötürməsi heç yadımdan çıxmır. Işinə olan ehtiraslı münasibətinə, daim arayıb axtarmaq meylinə, yazıları məzmunlarına uyğun gələn illüstrasiya rəngarəngliyi ilə ifadələndirməsinə heyran qalırdım. Həmişə də mənimlə məsləhətləşir, tapdığı tərtibatlar haqqında fikirlərimi bilmək istəyirdi. Bu, onun sadəliyindən, ürəyinin təmizliyindən irəli gəlirdi. O, müdam axtarışda olan adamdır. Istəyinə, arzularına yetərincə nail olsa da yenə axtarır, arayır. Məhz ən çox onun fəallığının, yorulmazlığının, kollektivi qarşıya qoyulan vəzifələri layiqincə icra etməyə yönəldə bilməsinin nəticəsidir ki, informasiya agentliyi respublikada fəaliyyət göstərən həmkarları arasında layiqli yer tutub.

Agentliyin işə başlamasından iki ilə yaxın vaxt ötür. Onun təsisçisi və baş direktoru olan İsrafil Zeynalov barəsində arayış xarakterli qısa məlumat verməyi zəruri sayıram. Ixtisasca tarixçidir. Bir müddət müəllim işləyib. Həmin dövrdə bir sıra qəzetlərlə əməkdaşlıq edib. Dolğun, məzmunlu yazıları ilə həm oxucuların rəğbətini qazanıb, həm də qəzetlərin redaktorlarını razı salıb. Püxtələşdikcə, təcrübə topladıqca imzası da tanınıb. Bir sıra məsul işlərdə çalışdığı vaxtlarda da mətbuatla əlaqəsini üzməyib. 1999-cu ildən “Agah” poliqrafiya müəssisəsində icraçı direktor olmaqla əmək fəaliyyətinə davam edib. Müəssisəyə rəhbərliyi dövründə həm də müxtəlif səpgili kitabların, əsasən də tarixdən bəhs edən kitabların redaktoru olub. Istedadlı bir tarixçi kimi Gəncənin keçən əsrin 70-80-ci illərini əhatə edən tarixini araşdırmaqla, maraq doğuran faktları ortaya qoyub.

Jurnalist peşəsinə olan həvəsi və məhəbbəti onu qəzet təsis etməyə gətirib çıxardıb. 2005-ci ildən ictimai siyasi “Feniks” qəzetini yaradaraq nəşr etdirməyə başlayıb. Üç ilə yaxın müddətdə qəzetin ətrafına topladığı əməkdaşların səyləri ilə qələmə alınan yazıların əsas motivində Vətən və insan amili dayanıb. Mənəvi dəyərlərimizdən, mədəni həyatımızdan, sosial məsələlərdən, təhsilimizdən, səhiyyəmizdən, iqtisadiyyatdan bəhs edən və cəmiyyətin problemlərinin həllinə kömək etməyə yönəldilən yazılar qəzeti geniş auditoriyada tanıdıb. Bu yazılarda cəmiyyətimizdəki neqativ hallar, mənfi təzahürlər iti qələmə tənqidə tutlub, müsbət nüanslar isə təqdir edilərək oxucularda xoş emosiyalar oyadıb. Müxtəlif janrlardakı yazıların əksəriyyətində dilimizin ifadə vasitələrindən ustalıqla istifadə edilməsi, məntiqə söykənən ardıcıllıq özünü qabarıq göstərib. Israfil müəllimin özünün səmimiyyətlə etiraf etdiyi kimi qəzetdəki fəaliyyəti onu daha da püxtələşdirib və o, burada daha çox təcrübə toplayıb.

Yazımın əvvəlində qeyd etdiyim kimi 2007-ci ilin oktyabr ayında “Feniks” qəzetinin nəşrini dayandıraraq “Kür” İnformasiya Agentliyində baş dirktor kimi işləməyə başlayıb. Iki ilə yaxındır ki, agentlik respublikamızın informasiya meridianında öz sözünü inamla deyir. “Dünya”, “Ölkə”, “Bölgə”, “Siyasət”, “İqtisadiyyat”, “Təhsil”, “Mədəniyyət”, “Səhiyyə”, “İdman” rubrikaları altında hazırlanan və operativ sürətdə internetə ötürülən yüzlərlə aktual mövzulardakı xəbərlər, korrespondensiyalar, digər səpgili informasiyalar agentliyin bu gün geniş miqyaslı fəaliyyətindən soraq verir. Bölgə müxbirlərinin, xüsusi müxbirlərin səyi və bacarığı, yaradıcı münasibətləri sayəsində agentliyin respublika informasiya məkanında öz sanballı yeri var, özünəməxsus dəsti-xətti yaranıb. Onun internet səhifəsindəki yazıları obyektivlik, prinsipiallıq, vətəndaşlıq mövqeyindən işıqlandırılır.

“Kür” İnformasiya Agentliyi barəsində düşüncələrimi yekunlaşdırarkən onun bu günkü fəaliyyətində Ramiz Təmkin, Fəridə Əbülfəzqızının, Mail Vəlioğlunun, Ceyhun Əliyevin, Cahan İsgəndərovanın zəhmətlərini qeyd etməmək mümkün deyil. Hər birinin qabiliyyətinə, yazmaq bacarığına, ziyalılıqdan doğan məziyyətlərinə söz ola bilməz.

“Kür” İnformasiya Agentliyi həqiqətən də qısa müddətdə çox iş görüb. Bu gün daim yeni-yeni axtarışlarla fəaliyyətinə inamla davam edən bu informasiya müəssisəsi təzə səs, novatorlu üslub və naxışları pozulmayan ahəngdarlıq sorağındadır. Agentliyə insanların marağı günü-gündən artır, onun yayım dairəsi genişlənir, respublika səviyyəsində populyarlaşır. Bu gün agentliyin Rusiyada, Qazaxıstanda və Ukraniyada müxbir postları fəaliyyətdədir. Sözsüz ki, uğurlar daha ürəkaçan olacaq, fəaliyyəti daha geniş arenada özünü göstərəcəkdir.

Eldar Zülfüqaroğlu.