Yeraltı çaylar niyə çağlamır?

Yeraltı çaylar niyə çağlamır?

Söhbət min illər yaşı olan kəhrizlərdən gedir

Əlövsət Quliyev ixtisasca mühəndis-hidrotexnikdir. Naxçıvan Dövlət Universiteti ekologiya və ümumitexnikifənlər kafedrasının müdiri, kənd təsərrüfatı elmləri doktorudur. Elmi işləri Azərbaycanın yerüstü və yeraltı sularından səmərəli istifadə olunmasına, qədim su sistemləri olan kəhrizlərin tədqiq və bərpasına həsr olunmuşdur. Bir sıra beynəlxaq və respublika simpozium və konfranslarında çıxış etmişdir. Müsahibimizlə söhbətin mövzusu əsrlər boyu Azərbaycanda, xüsusən Naxçıvanda həyat mənbəyi olmuş — ata-babalarımızı bol içməli və suvarma suyu ilə təmin etmis kəhrizlərin taleyidir.

—Əlövsət müəllim, elmi-texniki inqilabın qurbanı olmuş tarixi sərvətlərdən biri də «yeraltı çaylar»-kəhrizlərdir. Kəhrizlər nadir meliorasiya sistemi olmaqdan əlavə, həm də iqtisadi tariximizin bir səhifəsidir. Zaman göstərdi ki, bu sərvətin də qədərini bilməmişik…
—Tamamilə doğrudur. Kəhrizlər qədim tariximizin silinməz izlərini yaşadır. Arxeoloji qazıntılar nəticəsində əldə edilmiş məhımatlara əsasən demək olar ki, Azərbaycan qədim suvarma əkinçiliyi mədəniyyətinə malik bir ərazi olub Yaxın Şərq və Orta Asiya ölkələri ilə bir səviyyədə durur. Tarixən, su qıtlığı olduğundan regionda suvarma mənbəyi kimi kəhrizlərdən geniş istifadə edilmişdir. Təkcə Qarabağda 50 min desyatindən çox torpağın məhz kəhrizlər vasitəsilə suvarılması yaxın vaxtlara qədər davam etmişdir.
— Azərbaycanda hətta Kəhrizli adlanan kənd də var.
— XIX əsrin 80-ci illərində Qarabağ bəylərindən olan Əhməd bəy Cavanşirin mülki olan Kəhrizli kəndində xeyli kəhriz olduğundan əraziyə belə ad verilmişdi. Əhməd bəyin özünün kəhrizinin suyu iki dəyirmanı eyni zamanda, işlətməyə kifayət etmiş və onun suyu ilə 1100 ha sahə suvarılmışdır. 1917-ci ilin məlumatlarına görə, yalnız Yelizavetapol, Şuşa və Cəbrayıl qəzalarında 1160 kəhriz olmuş və onların suları
ilə 39 min desyatin ərazi suvarılmışdır. Bəzi kəhrizlərin su sərfı həddindən çox olduğundan onların suyundan digər məqsədlər — məsələn, dəyirmanların işlədilməsi üçün istifadə edirdilər.
1938-ci ildə Gəncə şəhəri yaxınlığında, Şəmkir çayı vadisində arxeoloji qazıntı aparmış İ.Y. Hümmel qədim kəhriz qalıqları aşkar etmişdir. Bu qalıqların eramızdan əvvəl birinci əsrə aid olduğu təsdiq edilmişdir. Kəhrizlərin qazılma işi çox illik təcrübəyə və ya nəsildən-nəslə keçən sənətə aiddir. Ənənəyə görə, kəhrizlər əsas etibarı ilə meyilli dağətəyi ərazilərdə, sulu çay məcralarında qazılardı.
— Ötən əsrin 50-60-cı illərinədək kəhrizlər respublikamızda etibarlı su mənbələrindən olmuşdur…
— Bəli, ötən əsrdə də, ondan əvəllər də Azərbaycanın çay şəbəkəsi zəif inkişaf etmiş yerlərində böyük ərazidə münbit torpaqların suvarma suyu, əhalinin içməli su ilə təmininatı kəhrizlər hesabına ödənilirdi. XX əsrin 20-30-cu illərində əkinçilikdə kəhriz suvarma şəbəkəsi mühüm rol oynamışdır. Mənbələrə görə 1938-ci ildə Azərbaycanda 885 kəhriz fə-aliyyətdə olmuşdur ki, onlahın su sərfi 13,354 kubsaniyə idi. Bu isə, təxminən, il ərzindo 420 milyon kubmetr su demək idi.
Bu gün isə Azərbaycanda kəhrizlərdən götürülən suyun miqdarı 1938-ci ildəki həcmin 20-25 faizini təşkil edir. Deməli, Azərbaycanda vaxtı ilə fəaliyyət göstərmiş kəhrizləri bərpa etməklə daha 315 milyon kubmetr yeraltı su ehtiyatından istifadə etmək olar. Bu onu göstərir ki, Azərbaycan Respublikasında kəhrizlərin potensial imkanları böyükdür və onları bərpa etmək vaxtı gəlib çatmışdır. Yeri gəlmişkən deyim ki, Azərbaycan kəhrizlərinin 339-a qədəri düşmən işğalı altındadır.
— Şəhərsalma mədəniyyəti tarixi baxımından da kəhrizlərin əhəmiyyəti böyük olub…
XX əsrin əvvəllərinə qədər Bakı, Gəncə, Bərdə, Ağdam, Naxçıvan, Ordubad və s. kimi şəhərlərin və 200-dən çox kənd yaşayış məntəqələrinin su təchizatını kəhrizlər təmin etmişdir. Ona görə şəhərlərin inkişafında, onların genişlənməsində və abadlaşdırılmasında kəhrizlərin rolunu xüsusi qeyd etmək lazımdır. Maraqlısı budur ki, 1970-ci illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyində kəhrizlər şöbəsi fəaliyyətdə olmuşdur. Sonrakı illərdə kəhrizlər tamamilə unudulmuş, əvəzində subartezian quyularına üstünlük verilmişdir. Beləliklə kəhriz sistemləmləri tamailə unudulmuş, onların quyuları tullantı materialları ilə doldurulmuş, kəhrizlərdə təmir-bərpa işləri tamamilə dayandırılmışdır.
— Sizin təqdiqatlarınızda Naxçıvanın kəhriz şəbəkəsinin öyrənilməsi aparıcı yer tutur. Bir q dər də bu barədə …
— XVII əsrin əvvəllərində Ordubadda cümə məscidi, mədrəsə, buzxana, zorxana, hamam, karvansaralar tikilmiş, Aşağı və Yuxarı Ambarəs məhəllələrində örtülü bazar kompleksi salınmışdır. Mənbələrə görə, üstü günbəzlərlə örtülmüş əsas su təchizatı olan kəhriz sistemi də bu dövrdə yaranmışdır. 71 kəhriz və məscidi ilə tanınan Ordubad şəhərinin su təchizatı və kanalizasiya sisemləri Şərq memarlıq və mədəniyyət abidələridir.
Şəhərdə kəhrizlərin və onların izərində inşa olunan «40 pillə»lərin yerləşdirilməsi məharətlə həyata keçirilmişdir. Belə abidələr Hacı Abutalib, Hacı Tağı, Hacı Fəttah, Hacı Abbas, Dilbər çeşməsi, Mingis çeşməsi, Sərşəhər çeşməsi, Hamam çeşməsi, Nəhər çeşməsi, Əngəc çeşməsi və s. kəhrizlər üzərində daha çoxdur.
Kəhrizlərdə həm qidalanma zonası ətrafında, həm də suyun yer səthinə çıxana qədərki yolu boyunca hər yerdə sanitariya normalarına riayət olunmuşdur. Yəni kəhriz quyuları elə etibarlı mühafizə olunmuşdur ki, oraya heç bir yerüstü axınlar və çöküntülər daxil ola bilməmişdir.
Ordubadda həyətlərdən keçən kəhrizlərdən olduqca məharətlə istifıdə olunmuşdur. Kəhriz hesabına həyətlərdə həmişə əlverişli mikroiqlim yaranırdı. Bəzi həyətlərdə kəhrizlərin yer səthinə çıxışından sonra su arxla həyəti dolanır, hovuzun doldurulmasını təmin edir və qonşu həyətə ötürülürdü. Məhəllələrdə qoyulmuş «40 pillə»lər yalnız su götürmək üçün istifadə olunurdu.
Qədim zamanlarda düşmənə arxadan zərbə vurmaq məqsədi ilə də kəhriz quyuları və kürələrindən istifadə etmişlər. Məlumatlara görə, Naxçıvan şəhərində qədim «Köhnə qala» abidəsi altından keçən kəhrizlərin kürələrıdən gizli yol kimi istifadə edərək, gecələr qalanı mühasirə etmiş düşmənlərə arxadan zərbə vurarmışlar.
— Yaşlı nəsillər kəhrizlərə biganə münasibətlə heç cür barışa bilmirdi, onun həmişə gərək olacağını söyləyirdi.
— Müharibə və blokada vəziyyəti, sistemin dəyişməsi, yaranan şərait Azərbaycanın içməli su problemi olan bəzi bölgələrini, xüsusən Naxçıvanı çox ağır vəziyyətə saldığı bir dövrdə kəhrizlərin əhəmiyyəti daha da artmışdır. Ata-babalarımız belə halları çox görmüşdülər. Məlumdur ki, içməli su probleminin həllində kəhriz suyu ən etibarlı və strateji əhəmiyyətli bir mənbədir. Elektrik enerjisi, mexaniki enerji, maşın və mexa-nizm tətbiq etmədən yeraltı suyu yer səthinə çıxaran kəhrizlərin qorunması və bərpası dövrümüzdə də aktuallığını saxlayır.
Artıq Azərbaycanda və eləcə də onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında əhalinin suya olan tələbatını ödəməkdə, meyvə və bostan sahələrinin suvarılmasında kəhriz sularından istifadə etməyin vacibliyi müvafıq dövlət strukturları-nın diqqət mərkəzində durur. 2004-cü ildən Naxçıvan MR Meli-orasiya və Su Təsərrüfatı Agentliyi nəzdində kəhrizlər idarəsinin yaradılması təqdirəlayiq iş kimi əhali tərəfındən alqışlanır. Lakin Azərbaycanın digər rayonlarında da bu işə başlamağın vaxtı gəlib çatmışdır. Bu işdə yeni texnologiyaların tətbiqi, ağır əl əməyinin yüngülləşdirilməsi, yeni materiallardan istifadə diqqət mərkəzində olmalıdır.
— Siz mütəxəssis kimi nə təklif edərdiniz?
— Bunun üçün hidrogeoloqlar, hidrotexniklər, hidroloqlar, dağ mədən mütəxəssisləri və peşəkar kankanların iştirakı ilə müzakirələr aparmaq, yollar tapmaq olar. Kəhrizlərin pasportlaşma işi mühəndis qrafikası əsasında (kəhrizin planı, profili, saybəndli və saybəndsiz yerləri, uçma təhlükəsi olan və ya öncədən qəzaya uğramış yerləri) sənədləşdirilməlidir. Belə sənədlər kəhrizin morfometrik ölçülərini təyin etməyə və maliyyə vəsatilərinin yerində istifadə edilməsinə şərait yaradır, digər tərəfdən isə kəhrizi meliorativ qurğu kimi mövcudluğunu təsdiq edir. Kəhrizdə bərpa işlərinin aparılması müəyyən vəsait tələb edir. Bu vəsait dövlət, bələdiyyə, iş adamları və beynəlxalq təşkilatlar tərəflndən kəhrizə yönəldilə bilər.
— Kəhrizlərə münasibət dünyada necədir?
— XX əsrin ortalarından başlayaraq kəhrizlərə həsr olunmuş ümumdünya konqresləri də keçirilir. 2004-cü ildən İranın Yəzd şəhərində YUNESKO-nun köməyi ilə «Su muzeyi» və Taft şəhərində «Qanat» kolleci yaradılmışdır. Naxçıvan MR-də 1999-cu ildən başlayaraq kəhrizlərin bərpası işi ilə beynəlxalq təşkilatlar (Beynəlxalq Miqrasiya Təşkilatı, (BMqT) məşğuldur. Onlar Azərbaycanın Goranboy, Samux, Gəncə və s. bölgələrində kəhriz bərpa işləri ilə də məşğul olmuşlar. Lakin BMqT tərəfindən aparılan işlərin əksəriyyəti «özfəaliyyət» prinsipindən kənara çıxmadığına görə görülən işlərin keyfiyyəti aşağı olmuşdur.
Təəssüflə deməliyik ki, kəhriz sahəsində mütəxəssislərin olmaması və ya görülən işlərin qəbulundakı biganəlik, qədim irs abidələrimizin bu cür təşkilatlar tərəfindən yarıtmaz hala salınması halları bu gün də davam etməkdədir. Kəhriz sistemlərinin batması ərazilərdə qrunt suları səviyyəsinin artmasına, sahələrdə bataqlaşma və suffoziya kimi ekzogen proseslərin inkişaf etməsinə şərait yaratmışdır.
— Necə düşünürsünüz, kəhrizləri xilas etmək mümkündürmü?
— Kəhrizlər tariximizin bir parçasıdır. Onları qorumaq, yaşatmaq da tarixi bir işdir. Kəhriz sistemlərinin bərpası və onların suyunun təmizliyinin qorunması, quyuların ağzının
örtülməsi, onlardan potensial su mənbəyi kimi istifadə olunması genişmiqyaslı tədqiqatların yerinə yetirilməsi vacibdir. Müasir texnologiyanın məhsulu olan subartezian quyular müəyyən üstünlük təşkil etsə də, kəhrizlər iqtisadi cəhətdən daha səmərəli bir hidrotexniki qurğudur. Buna görə də bu sahəyə diqqətin artırılması ilə mövcud kəhrizləri qorumaq və yeni kəhrizlər qazmaq lazımdır.
Qaldırılan məsələnin aktualliğını nəzərə alan Naxçıvan MR Ali Məclisi 2004-cü ildə Meliorasiya və Su Təsərrüfatı Agentliyi nəzdində kəhrizlər idarəsi yaradılmasına dair sərəncam vermişdir. Artıq 70-dən çox kəhriz bərpa olunaraq əhalinin istifadəsinə verilmişdir.
Kəhriz sistemlərinin strateji əhəmiyyətli abidələr kimi dovlət qeydiyyatına alınması və mühafizəsinin təşkili olduqca zəruridir. Kəhrizlər və onların üzərində inşa olunmuş abidələr qədim memarlıq abidələri kimi qorunmalıdır. İnanıram ki, tarixi-mədəni irsə böyük qayğı göstərən ölkə rəhbərliyi bu məsələyə də diqqətlə yanaşacaq, kəhrizlərimiz xilas olunacaq.
—Maraqlı söhbət üçün sağ olun.

Söhbəti apardı:
Tahir AYDINOĞLU

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *