17.11.2011/14:09; 17 Noyabr — Milli Dirçəliş Günü

17 Noyabr — Milli Dirçəliş Günü

Milli Dirçəliş Günü kimi tariximizə daxil olmuş hadisənin ictimai-siyasi həyatımızda mühüm rolu və əhəmiyyəti vardır. 200 ildən artıqdır ki, Azərbaycan torpaqları hesabına, “dənizdən-dənizə Böyük Ermənistan” dövləti yaratmaq həvəsinə düşmüş ermənilər  xalqımıza qarşı ən çirkin hərəkətlərdən belə çəkinməmişlər.

Öz məkrli məqsədlərinə çatmaqdan ötrü rus şovinizminin və digər xarici havadarlarının əlində siyasi alətə çevrilmiş erməni daşnakları zaman-zaman əzəli torpaqlarımızı ələ keçirərək XX əsrin əvvəllərində Qərbi Azərbaycan ərazisində öz erməni dövlətlərini yaratmağa nail olmuşlar.

Keçən əsrin 80-ci illərinin ikinci yarısı, 90-cı illərin əvvəllərində isə xain ermənipərəst Qorbaçovun SSRİ-yə başçılıq etdiyi illərdə ermənilərin əlinə yeni bir fürsət düşdü. Onlar nəinki Ermənistan SSRİ-dən, hətta Dağlıq Qarabağdan azərbaycanlıları öz dədə-baba torpaqlarından qovub çıxararaq mənfur siyasət-lərini həyata keçirməyə başladılar. Xalqımızın böyük oğlu, dahi siyasətçi Heydər Əliyevin 1987-ci ildə Siyasi Bürodan uzaqlaşdırılması ermənilərin əl-qolunu daha da açaraq onları ruhlandırdı.

Elə həmin illərdə üzdəniraq erməni yazıçısı Zori Balayan “Ocaq” adlı kitabında ulu xalqımızın tarixini saxtalaşdıran şər-böhtanla dolu fikirlərini açıq-aşkar yaymağa başladı.

1987-ci ilin noyabrında M. Qorbaçovun ən yaxın əlaltısı Aqambekyan  Parisdə “Hümanite” qəzetində Dağlıq Qarabağın Ermənistana verilməsinin məqsədə müvafiq olması barədə mənfur bəyanat verdi. Bu bəyanat əslində, Dağlıq Qarabağ düyününün başlanğıcı oldu. Qırmızı imperiyanın liderləri nəinki bu cür özbaşınalıqların qarşısını aldılar, əksinə ermənilərin daha da azğınlaşmasına şərait yaratdılar. Bütün bunlardan sonra Ermənistandan azərbaycanlıları dədə-baba torpaqlarından qovmaq üçün silahlı dəstələr təşkil etdilər.

1988-ci ilin yanvarında Qafan və Mehridən ilk qaçqın axını Azərbaycana daxil oldu. Az sonra, yəni həmin il fevral ayının 8-də Xankəndində DQMV-nin Ermənistana birləşdirilməsi üçün imza toplandı. Fevralın 8-də Xankəndində ermənilər “miastum”, “yazıq, məzlum erməni” çağırışları ilə mitinqlər keçirməyə başladılar.

1988-ci ilin fevralın 21-də DQMV-nin Ermənistana birləşdirilməsi haqqında DQMV XDS-nin sesiyası qərar qəbul etdi.

Bundan hiddətlənən Qarabağın azərbaycanlı əhalisi etiraz mitinqləri keçirsələr də hakim dairələr bunun qarşısını qətiyyətlə aldılar. Ermənilər isə vəhşiliklərini davam etdirərək 1988-ci ilin fevralında Əsgəran rayonunda iki azərbaycanlını qətlə yetirdilər. 19 nəfərə qanlı divan tutdular. Az sonra Paşa ləqəbli Qriqoryanın başçılığı ilə daşnaklar Sumqayıt faciəsini törətdilər.

Bundan sonra Ermənistanda azərbaycanlılara qarşı vəhşiliklər geniş vüsət aldı. Hətta Spitakda 70 nəfər uşağı böyük borunun içərisinə yığıb diri-diri yandırdılar.

Erməni vandalizminin həddi-hüdudu yox idi. Bununla da azərbaycanlıları öz dədə-baba torpaqlarından çıxarmaqla xain düşmən etnik təmizləməyə nail oldu. Belə bir şəraitdə ölüm-qalım anlarında xalqımızın qeyrətli oğul və qızları Vətənin səsinə səs verərək ayağa qalxdılar.

1988-ci ilin mayında Bakıdakı Azadlıq meydanında Azərbaycan xalqının iradəsini ifadə edən izdihamlı mitinq oldu. İttifaq hökuməti xalqın qəzəbini yatırmaq məqsədi ilə AKP-nin I katibi Kamran Bağırovu Əbülrəhman Vəzirovla əvəz etdi. Lakin Moskvanın diqtəsi ilə işləyən  Ə.Vəzirov heç bir siyasi uzaqgörənlik nümayiş etdirə bilmədi, müşahidəçi və seyrçi mövqedə dayandı. Erməni şovinistləri daha da azğınlaşaraq Şuşa şəhəri yaxınlığındakı Topxana meşəsində özləri üçün nəhəng sənaye obyekti tikməyə  başladılar. Bu xəbər xalqın qəzəbini daha da artıraraq, hakim dairələrə qarşı kütləvi etiraz mitinqlərinin keçirilməsinə şərait yaratdı.

Nəhayət 1988-ci ilin noyabrın 15-16-da Bakıda mitinqlər başladı. Hərəkatın ən yüksək mərhələsi noyabrın 17-dən geniş vüsət aldı və 17 noyabr Azərbaycan xalqının tarixinə Milli Dirçəliş Günü kimi daxil oldu. Həmin gün mitinqdə yarım milyondan artıq soydaşımız iştirak edirdi. Mitinqə Respublikanın bütün bölgələrindən insanlar axışırdı. Hətta gecələr belə Meydan izdihamlı olurdu. Iştirakçılar gecəni çadırlarda tonqal başında, izdiham içərisində keçirir, meydanı tərk etmirdilər.

Həmin anlarda sanki dünyanın bütün siyasətçilərinin diqqəti Bakıya yönəlmişdi, ən nüfuzlu qəzetlər, aparıcı televiziya kanalları mitinqlərin gedişi barədə informasiya yayırdılar. Mitinqlər dekabrın 4-nə kimi davam etdi.

Bakı küçələrinə tanklar yeridildi. Bu hadisə tariximizə Meydan Hərəkatı kimi daxil oldu və böyük ictimai-siyasi əhəmiyyət kəsb etdi.

Meydan Hərəkatı xalqımızı ümummilli mənafelər, torpaqlarımızın bütövlüyü naminə aparılan mübarizədə daha da birləşdirdi və təşkilatlandırdı.

Mitinqdə üçrəngli bayrağımızın qaldırılması, “Suverenlik”, “Azadlıq” kimi çağırışların səsləndirilməsi Sovet imperiyasına qarşı müqəddəs mübarizənin başlanğıcı oldu.

Mitinqlərdə Ermənistana iqtisadi sanksiyaların tətbiqi, Azərbaycana qarşı aparılan məqsədli təcavüzün dayandırılması kimi çağırışlar, bəyanatlar əslində Qorbaçov rejiminin məkrli siyasətinin bütün iç üzünü ictimaiyyətə bəyan etdi. Bu hadisə sözün əsl mənasında xalqın milli oyanışına, öz taleyini həll etmək kimi, müqəddəs haqqına qovuşmaq üçün mübarizəyə qalxmasına təkan oldu.

Bu hadisələrin aktuallığı bir də ondadır ki, Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş istər daxili, istərsə də xarici siyasi qüvvələr vahiməyə düşərək xalqımızın monolit birliyinin, vahid mövqedən iradə nümayiş etdirmək bacarığının şahidi oldular. Separatçı ünsürlər bundan sonra nə qədər hiyləgər planlar qursalar da, istər 20 yanvarda, istərsə də Xocalıda xalqımıza qarşı vəhşiliklər, neçə-neçə dəhşətli terror hadisələri törətsələr də, onlar xalqımızın azadlıq mübarizəsinin qarşısını ala bilmədilər. 17 noyabrda başlayan azadlıq  mübarizəsi 18 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqillik gününün əldə olunması ilə  nəticələndi. Bununla da Azərbaycan imperiya zəncirini qıraraq öz tarixi haqqına-müstəqil, azad, suveren, hüquqi dövlətdə yaşamaq haqqına qovuşdu.

Ancaq Ulu Öndərimiz H.Əliyevin təbirincə desək “Azadlığı qorumaq onu qazanmaqdan qat-qat çətin oldu”. 1 milyondan artıq soydaşımız öz dədə-baba torpağından didərgin düşdü, ərazimizin 20 %-i, o cümlədən doğma Kəlbəcər işğal altına alındı. Minlərlə vətən övladı şəhid oldu, itkin düşdü ya da əlil oldu.

Lakin bu itkilər nə qədər acı olsa da xalqımızın azadlıq əzmini sındıra bilmədi. “Heydər-Xalq, Xalq-Heydər” birliyi və Ulu Öndərimizin polad iradəsi ilə məkrli erməni siyasəti iflasa uğradı. Azərbaycanın Dövlət müstəqilliyi daimi, əbədi və dönməz edildi.  Indi müstəqil dövlətimiz dünyanın ən sivil dövlətləri sırasındadır. Üçrəngli bayrağımız dünya dövlətlərinin bayraqları ilə bir sırada dalğalanır.

İnamla deyə bilərik ki, Ümummilli Liderimizin müdrikliklə həyata keçirdiyi köklü islahatların, dövlət quruculuğunun, bünövrəsini qoyduğu neft strategiyasının nəticəsidir ki, müasir Azərbaycan dövləti bütün dünyanın diqqət mərkəzində duran, iqtisadiyyatı, mədəniyyəti sürətlə inkişaf edən, xalqının güzəranı durmadan yaxşılaşan, çiçəklənən bir ölkəyə çevrilmişdir. İndi Bakı beynəlxalq tədbirlərin, simpozium və konfransların keçirildiyi etibarlı məkandır. Azərbaycan xarici sərmayə qoyuluşuna görə dünya ölkələri arasında ön yerlərdən birini tutur.

Transmilli layihələrin, nəhəng qaz, neft, dəmiryol xətlərinin istismara verilməsi Heydər Əliyevin uzaqgörənliyinin bəhrəsi, arzularının reallaşması və xalqımızın xoşbəxt, firavan gələcəyi üçün möhkəm əsas olan faktorlardır.

Böyük məmnuniyyət hissi ilə qeyd edilir ki, bu gün Ümummilli Liderin siyasi kursunu, onun arzularının gerçəkləşdirilməsini möhtərəm Prezi-dentimiz cənab İlham Əliyev fədakarlıqla, əsl siyasi uzaqgörənliklə həyata keçirir.

Artıq şübhə yoxdur ki, Ulu Öndərin bütün arzuları, strateji planları cənab Prezidentimizin ağıllı, düşünülmüş siyasəti ilə  tamamilə gerçək-ləşəcək, ölkəmiz daha da sürətlə inkişaf edərək əsrin qüdrətli  dövlətlərindən birinə çevriləcək. Xüsusilə möhtərəm Prezidentimizin regionların tərəqqisi, qeyri-neft sektorunun inkişafına daimi diqqəti, bölgələrə intensiv səfərləri, məsləhət və tövsiyyələri; əhalinin maddi rifahına qayğısı, əmək haqlarının, müavinətlərin mütəmadi olaraq artırılması istiqamətində gördüyü tədbirlər, diplomatiya, hərbi quruculuq sahəsində qazandığı uğurlar xalqımız tərəfindən rəğbətlə qarşılanır; gələcəyimizə nikbin baxmağa, böyük ümidlərlə yaşamağa ruhlandırır. İndi dünyanın ən böyük dövlətlərinin siyasi xadimləri də etiraf edirlər ki, “Azərbaycan müsbət dəyişikliklər ölkəsidir”.

Respublikamız ümumdaxili məhsul istehsa-lının həcminə görə dünyanın inkişaf etmiş ölkələri sırasındadır.

Noyabr ayının 7-də ölkəmizdə keçirilən  parlament seçkiləri də bir daha sübut etdi ki, xalqımız demokratiya yolu ilə  inamla irəliləyir və Prezidentin ətrafında sıx birləşmişdir. Azərbaycanda hüquqi sivil dövlətin bütün təsisatları bərqərar olmuşdur, artıq heç bir anarxizmə, xaosdan danışmağa belə dəyməz. Xalq özünün taleyüklü məsələlərinin həllində sərbəst və azaddır. Artıq heç bir şəxsin və ya qrupun mənafeyi xalqın ümummilli mənafeyinin fövqündə dayana bilməz. Vətən və dövlət naminə xalq öz iradəsini, monolit birliyini hər an nümayiş etdirməyə qadirdir və Azərbaycan siyasi sabitlik ölkəsidir. Əlbəttə ki, bunlar böyük tarixi nailiyyətdir və hər birimizdə böyük iftixar və qürur  hissi yaradır.

Hazırda xalqımızı narahat edən yeganə problem, Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsidir. Biz inanırıq ki, cənab Prezidentimizin apardığı danışıqlar  öz bəhrəsini verəcək,  işğal altında olan torpaqlarımızın azad edilməsi təmin olunacaq, bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.

Bu müqəddəs mübarizədə  hər an möhtərəm Prezidentimizlə birlikdəyik və onun hər çağırışına hazırıq.

17 noyabr – Milli Dirçəliş günü ölkəmizdə 1992-ci ildən qeyd edilir.

Novruz Çıraqov, politoloq

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *