13.10.2011/08:10; Azərbaycanın dahi şairi Nizami Gəncəvi

Nizami Gəncəvi-870

Azərbaycanın dahi şairi Nizami Gəncəvi

Nizami Gəncəvi Yaxın və Orta Şərq ədəbiyyatında yeni bir ədəbi məktəbin əsasını qoyan dahi Azərbaycan şairi və mütəfəkküridir.

Nizami dövründə Azərbaycanda iki böyük dövlət olmuşdur: şimalda Şirvanşahlar, cənubda isə Atabəylər. XII əsrdə hər iki dövlətdə ictimai həyatın bütün sahələrində böyük bir canlanma və yüksəliş olmuşdur. Bu isə ədəbiyyatın, mədəniyyətin yüksək dərəcədə inkişafına və Nizami kimi dahi bir sənətkarın ortaya çıxmasına səbəb olmuşdur.

Nizaminin adı İlyas, atasının adı Yusifdir. Nizami şairin təxəllüsüdür-nəzmə çəkən, nizamlayan deməkdir. Gəncəvi isə Nizaminin nisbəsidir, doğulduğu yeri bildirir. Nizami Gəncəvi 1141-ci ildə Gəncədə doğulmuş, təhsilini doğma şəhərdəki mədrəsədə almışdır. Əsərlərinin diqqətlə öyrənilməsi götərir ki, şair dövrünün bütün əsas elmlərini( tarix, fəlsəfə, fiqh-müsəlman hüquqşünaslığı, nücum-astranomiya, tibb və.s) dərindən bilmişdir. Nizami heç bir sarayda yaşamamış, bütün ömrünü Gəncə şəhərində keçirmiş və 1209-cu ildə burada vəfat etmişdir.

Nizami gənc yaşlarında Dərbənd hökmdarı Müzəffər ibn Məhəmmədə şeirlər həsr etmişdir, hökmdar da ona Afaq (Apaq-Ağappaq) adlı bir kəniz – qıpçaq qızını hədiyyə olaraq göndərmişdir. Nizami Afaqla evlənmiş və 1174 -cü ildə ondan Məhəmməd adlı oğlu olmuşdur. Vaxtsız vəfat edən Afaqı şair “Xosrov və Şirin”və “İsgəndərnamə”poemalarında böyük məhəbbətlə xatırlamışdır.

Nizamiyə dünya şöhrəti qazandıran “Xəmsə”sidir (beşlik) ki, bu adı sonradan katiblər və təzkirəçilər (ədəbiyyatşunaslar) vermişlər. Nizaminin özü isə poemalarını “Pənc gənc” (beş xəzinə) adlandırmışdır. Həmin poemalar aşağıdakılardır:

1. “Sirlər Xəzinəsi”-1174-1175-ci illərdə yazılmış və Ərzincan hakimi Fəxrəddin Bəhram şaha həsr edilmişdir.

2. “Xosrov və Şirin”-poeması 1180-1181-ci illərdə tamamlanmış və Azərbaycan Atabəylərindən Məhəmməd Cahan Pəhləvana həsr edilmişdir.

Poema yazılandan az sonra hökmdar vəfat etmiş və hakimiyyətə keçən qardaşı Qızıl Arslan Nizaminin görüüşünə gəlmişdir. Nizami sonradan poemaya artırdığı əlavədə bu görüşü təsvir etmişdir. Gəncədən 200 km aralıda olmuş bu görüş zamanı Qızıl Arslan şairə Həmdünyan adlı bir kənd bağışlamışdır.

3. “Leyli və Məcnun”- Şirvanşah Axistanın sifarişi ilə 1188-ci ildə yazılmışdır.

4. “Yeddi gözəl”-“Bəhramnamə” adı ilə də tanınan bu poema 1197-ci ildə yazılmış və Marağa hakimi Əlaəddin Körpə Arslana həsr edilmişdir.

5. “İsgəndərnamə”-1200-cü ildə tamamlanmış və Azərbaycan Atabəylərindən Nüsrətəddin Abubəkr ibn Məhəmmədə həsr edilmişdir.

Nizami dövrün tələblərinə və ədəbi ənənələrinə görə əsərlərini fars dilində yazmışdır.

Nizami yaradıcılıq fəaliyyətinə lirik şeirlə başlamışdır. “Sirlər xəzinəsi”poemasında əvvəl yazdığı bir fəxriyyəsində Nizami müsiqi kimi ürəkləri oxşayan, könül açan qəzəllərindən bəhs edir. Şair “Xosrov və Şirin”poemasında Qızıl Arslanla görüşünü təşkil edərkən, xanəndələrin onun qəzəllərini oxuduğundan söz açır.

“Leyli və Məcnun” poemasında isə o, “Divani” haqqında danışır. Nizaminin Şirvanşah Axistana bağışladığı bu “Divan” da 20 min beytə yaxın şeirdən ibarət olmuşdur. Lakin şairin “Divan”ından cəmi altı qəsidə, 120 qəzəli və 30-dan çox rübaisi bizə gəlib çatmışdır. Nizaminin “Qocalıq” adı ilə tanınan qəsidəsi (bu şairin son əsəri sayılır) göstərir ki,  o, ömrünün sonlarında da lirik şeirlər yazmışdır.  Nizaminin lirik şerlərinin, xüsusilə də qəzəllərinin əsas mövzusu  məhəbbətdir.

Nizami dünya ədəbiyyatında qabaqcıl humanist fikirləri ilə tanınan dahi söz ustadıdır. Şairin yaradıcılığında ən səciyyəvi mütərəqqi xüsusiyyətləri humanizm, vətənpərvərlik və əməksevərliyin tərənnümüdür.  Şairin bütün əsərlərində insan adının ucalığı, insanın böyük amallar uğrunda şərəflə yaşaması, cəmiyyətin səadəti yolunda çalışması, nəcib və xeyirxah əməllər görməsi kimi məsələlərə geniş yer verilmişdir. Şairin bu cür humanist baxışları bütün xalqlara hörmət və məhəbbətlə yanaşmasında da özünü göstərir.

Nizami özündən əvvəlki Azərbaycan  və Yaxın Şərq xalqları ədəbiyyatını dərindən öyrənən və onun mütərəqqi cəhtlərini yaradıcılıqla mənimsəyən dahi sənətkardır. Nizami saraylardan uzaqda yaşayıb-yaratmış, xalq kütlələri ilə daim təmasda olmuş, onlar içərisində geniş nüfuz qazanmışdır. Məhz buna görə də Nizaminin yaradıcılığı həyat və insanla bağlı mütərəqqi baxışları, humanizm və insansevərliyi, zülmə qarşı güclü etirazı və əməkçi insana böyük məhəbbəti, xeyirin şər üzərində qələbəsinə daim inam hissləri ilə səciyyəlidir.

Bu keyfiyyətlər isə Nizami əsərlərinə əbədi şöhrət qazandırmış, dahi sənətkarı dünya ədəbiyyatının klassikləri səviyyəsinə qaldırmışdır.

Nizami Azərbaycan ədəbiyyatı tarixinə ilk dəfə olaraq həyatın müxtəlif sahələrini geniş və rəngarəng epik lövhələrlə əks etdirən poemalar müəllifi kimi daxil olmuşdur. Nizaminin özünün “Beş xəzinə” adlandırdığı, sonradan isə “ Xəmsə” adını alan beş poemasında dahi şair ən yüksək və nəcib bəşəri dəyərləri təbliğ etmiş, insanları həyatı və özünü dərk etməyi, insan adını şərəf və ləyaqətlə daşımağa səsləmişdir. Beləliklə, Nizaminin ölməz sənət əsərləri toplusu olan “Xəmsə”si ilə Azərbaycan və Yaxın Şərq xalqları ədəbiyyatı tarixində yeni bir ədəbi məktəbin əsasını qoymuşdur.

Nizaminin “Xosrov və Şirin” poemasının təsiri ilə Azərbaycan ədəbiyyatında ana dilimizdə ilk epik əsər ”Dastanı-Əhməd Həramı” adlı məsnəvi əsər yaradılmışdır. Bu əsər “Xosrov və Şirin” kimi əruz vəzninin həzəc bəhrində yazılmışdır. XIV əsrdə yaşamış Azərbaycan şairlərindən Arif Ərdəbili “Fərhadnamə”, Əssar Təbrizi isə “Mehr və Müştəri” poemalarını Nizaminin “Xosrov və Şirin” əsərlərinin təsiri ilə fars dilində yazmışlar.

Nizaminin təsiri ilə Şərqdə farsca ilk tam “Xəmsə” yaradan sənətkar hind şairi Əmir Xosrov Dəhləvidir (1253-1325).

Fars -tacik şairi Əbdurrəhman Cami (1414-1492) də Nizami “Xəmsə”sinə tam cavab yazmışdır. Türkdilli xalqlar ədəbiyyatında isə Nizami “Xəmsə”sinə ana dilində tam cavab yazan sənətkar dahi özbək şairi Əlişin Nəvaidir (1441-1501).

Nizami yaradıcılığının təsiri ilə XX əsrdə yazılmış əsərlər sırasında isə Səməd Vurğunun “Fərhad və Şirin” mənzum faciəsi və Abdulla  Şaiqin “Nüşabə” pyesini göstərmək olar. Qara Qarayev “Yeddi gözəl” baletini Nizaminin eyni adlı əsərinin süjeti əsasında yaratmışdır. Ədəbiyyatımızda Nizaminin həyat və yaradıcılığından bəhs edən bədii əsərlər də yazılmışdır. Məmməd Səid Ordubadi “Qılınc və Qələm” romanında, Mehdi Hüseyn isə”Nizami” pyesində Nizaminin ölməz bədii obrazını yaratmışlar.Nizami haqqında “Nizami” adlı bədii film də çəkilmişdir.

“Xəmsə”yə daxil olan poemaları aşağıdakı şairlər tərcümə etmişlər.

1. “Sirlər Xəzinəsi”- Süleyman Rüstəm.

2. “Xosrov və Şirin”- Rəsul Rza

3. “Leyli və Məcnun”- Səməd Vurğun

4. “Yeddi gözəl”- Məmməd Rahim

5. “İsgəndərnamə”- Abdulla Şaiq (“Şərəfnamə”), Mikayıl Rzaquluzadə (“İqbalnamə”).

Nizami Azərbaycan və dünya ədəbiyyatının fəxri və iftixarıdır. O, dünya ədəbiyyatı xəzinəsində özünə əbədi yer qazanan dahi və ölməz sənətkardır.

 

   Aynur Həsənova, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun

ekskursiya şöbəsinin aparıcısı

 

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *