29.05.2011/08:58; Nəsib bəyin şərəfinə ucaldılan ən böyük abidə qədirbilən insanların ürəklərindədir

Nəsib bəyin şərəfinə ucaldılan ən böyük abidə qədirbilən insanların ürəklərindədir

Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli 1881-ci ildə keçmiş Yelizavetpol quberniyasının Gəncə şəhərində tanınmış maarifpərvər ziyalı ailəsində dünyaya göz açmışdır. Orta təhsilini Gəncə klassik gimnaziyasında başa vuran Nəsib bəy 1902-ci ildə Novorossiysk (Odessa) universitetinin hüquq fakültəsinə daxil olur. Universitetdə oxuduğu illər onun ictimai- siyasi həyatında mühüm rol oynamışdır. Nəsib bəyin siyasi fəaliyyətə başlaması da məhz bu illərə təsadüf edir.

O tez bir zamanda universitetdə azərbaycanlı tələbələr tərəfindən yaranan «Azərbaycanlı həmyerlilər» («Zemlyaçestvo») təşkilatının rəhbərlərindən birinə çevrilir. Onun Nəriman Nərimanovla, Xosrov-Paşa bəy Sultanovla, Şahmalıyev qardaşları və başqaları ilə tanışlığı məhz bu dövrdə başlayıb. Tələbəlik illərində milli-azadlıq hərəkatında fəal mübariz olan Nəsib bəy çar xəfiyyələri tərəfindən dəfələrlə təqiblərə məruz qaldığından 1906-cı ildə Krımın Bağçasaray şəhərinə mühacirət edir. O burada dövrünün görkəmli siyasi və ictimai xadimi, milliyyətcə tatar İsmayıl bəy Qasprinskinin (1851-1914) redaktor olduğu məşhur «Tərcüman» qəzetində işləməyə başlayır. Qəzet səhifələrində o, bir sıra ictimai- siyasi mövzularda silsilə məqalələrlə çıxış edir.

Bağçasarayda Nəsib bəy lsmayıl bəyin qızı Şəfiqə Sultan x-nım Qasprinskaya (1886-1975) ilə ailə həyatı qurur. Onların birgə nikahından Niyazi adlı oğlanları, Zəhra xanım adlı qızları olub.

Nəsib bəy Bağçasarayda yaşadığı müddətdə də çar hökumət orqanlarının təqibindən yaxa qurtara bilmir. 1908-ci ildə məcburiyyət altında İstanbul şəhərinə mühacirət edir. Türkiyədə də siyasi fəaliyyətlə məşğul olan Nəsib bəy «Türk dərnəyi» adlı cəmiyyətə üzv olur. Tez zamanda o, həmin cəmiyyətin fəal üzvlərindən birinə çevrilir. İstanbulda yaşayan Nəsib bəy belə qənaətə gəlir ki, sultan istibdadı öz qəddarlığı ilə heç də rus çarizmindən geri qalmır. Şəraitin mürəkkəbliyini dərk edən Nəsib bəy 1909-cu ildə Türkiyədən doğma Ğəncə şəhərinə qayıdır. O, Gəncədə açılan «Mədrəseyi-ruhaniyyə» məktəbində müəllim işləməyə başlayır. Həmin «Mədrəseyi-ruhaniyyə» məktəbində əsas dərs deyənlərdən biri də Nəsib bəyin böyük qardaşı Şəmid bəy Yusifbəyli idi. Onun təşəbbüsü ilə mədrəsədə coğrafiya, tarix, fizika, riyaziyyat və digər fənlər üzrə gizli dərslər keçirilirdi. Burada dərs deyən iki nəfərin — Molla Qurban və Molla Atakişinin satqınlığı nəticəsində məktəbdə sorğu-sual aparılmış və bunun nəticəsində Həmid bəy Yusifbəyli, onun bacısının əri Şeyxülislam Ağası Pişnamazzadə, axund Molla Məhəmməd Pişnamazzadə, Molla Məhəmməd Axundzadə və Hacı Abbas həbs edilərək Tiflisə göndərildi. Bir müddət saxlandıqdan sonra buraxıldılar. Həmid bəy isə Gəncə namestniki tərəfindən Baxçasaraya sürgün olundu. Oradan da o, İstanbula mühacirət etdi. Nəsib bəy Gəncədə birinci dəfə olaraq Azərbaycan dilində kitabxana təsis edir. 1911-ci ildə M.F.Axundovun (1812-1878) anadan olmasının 100 illiyini geniş qeyd etmək üçün ilk təşəbbüs göstərir.

Nəsib boy bir müddət İstanbulda yaşayır və burada o, «Türk ocağı»nın ən fəal üzvlərindən biri olub. 1911-ci ildə Gəncəyə gələrkən Bələdiyyə idarəsində işə girir və doğma şəhərində genişmiqyaslı, ictimai-siyasi fəaliyyətə başlayır. 1917-ci ilin fevral-burjua inqilabı istiqlal aşiqlərinin arzularına güclü təkan verir. Həmin ilin martında Gəncə ziyalıları Milli Müsəlman Şurasını yaradırlar. Novruz bayramı günü isə günorta namazı vaxtı Nəsib bəy Yusifbəyli Şah Abbas məscidinin həyətinə gələrək Türk Ədəm — Mərkəziyyət Partiyasının proqramını elan edir, milli qurtuluş yolunda elin xeyir-duasını alır.

1917-ci ildə Bakıda toplaşan 1-ci Müsəlman qurultayında gəncəli Nəsib bəyin inamla dediyi bu sözlər çoxunun qəlbindən xəbər verdiyi üçün yaddaşlara həmişəlik həkk olunur: «Kim deyə bilər ki, biz özümüzü idarəetmə səlahiyyətində bir millət deyilik?!».

Beləcə, Nəsib bəyin səsi həmişə milli mübarizənin ön sıralarından gəlirdi. Sonralar, Zaqafqaziya Seymi yarananda Nəsib bəy burada milli siyasətin ən çətin, ən məsul vəzifələrini icra edirdi. M.Ə.Rəsulzadənin dediyi kimi, «Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formula etmək şərəfi mərhum Nəsib bəyindir».

Nəsib bəy Yusifbəyli Azərbaycan Cümhuriyyətinin beşiyi başında duranlardan biri olub. May ayının 16-da Batum yaxınlığındakı Çafkada M.Ə.Rəsulzadənin və Əhməd Cavadın da iştirak etdikləri məşvərət zamanı «Gəncə» sözü ilk əvvəl elə Nəsib bəyin dilindən çıxıb. 1918-ci il aprelin 22-də Zaqafqaziya Demokratik Federativ Respublika elan olundu. Aprelin 26-da təşkil edilən Zaqafqaziyanın yeni hökumətində N.Yusifbəyli Maarif naziri təyin edilir. Lakin Zaqafqaziya Federasiyasının yaradılması bu ərazidə yaşayan xalqlara heç bir yenilik gətirmədi. Siyasi gərginliyin son həddə çatması nəticəsində Zaqafqaziya Seymi 1918-ci il mayın 26-da özünün buraxıldığını elan edir.

1918-ci il mayın 27-də Seymin keçmiş azərbaycanlı nümayəndələrinin yığıncağı keçirilərək burada Milli Şura yaradılır. N.Yusifbəyli MŞ Rəyasət Heyətinə üzv seçilir. MŞ mayın 28-də Azərbaycanın müstəqilliyini elan edir və Azərbaycan hökumətini təşkil etməyi Fətəli xan Xoyskiyə tapşırır. Təşkil olunan yeni hökumətdə N.Yusifbəyli Xalq Maarifi naziri vəzifəsini tutur. Sonralar F.Xoyskinin təşkil etdiyi ikinci və üçüncü Nazirlər Kabinetində o, Xalq Maarif naziri vəzifəsini icra etmişdir. N.Yusifbəyli Azərbaycan Xalq Maarifini təşkil etmək üçün konkret tədbirlər planı hazırlayaraq hökumətə təqdim edir. Məhz N.Yusifbəylinin təqdimatı ilə Azərbaycan hökuməti 1918-ci il avqustun 28-də məktəblərin milliləşdirilməsi, noyabrın 7-si və 13-də isə Azərbaycan dilinin ölkə ərazisində bir fənn kimi tədris edilməsi haqqında qərar qəbul edir.

N.Yusifbəyli Azərbaycanda maarifi inkişaf etdirmək üçün yeni məktəblər açmağa, müəllimlər hazırlayan kurslar təşkil etməyə başlayır. Məhz onun ciddi səyləri nəticəsində 1919-cu ilin əvvəllərində artıq Azərbaycanda dövlət hesabına 637 ibtidai və 23 orta ixtisas təhsili məktəbi fəaliyyət göstərirdi.

1919-cu ilin martında F.Xoyskinin başçılıq etdiyi Nazirlər Kabineti istefa verir. Yeni hökumətin təşkili  N. Yusifbəyliyə tapşırılır. Aprelin 14-də yeni hökumətin tərkibini elan edir. Nəsib bəy baş nazir vəzifəsi ilə yanaşı, daxili işlər naziri vəzifəsini də daşıyır. Öz hökumətinin daxili və xarici siyasət məsələləri haqqında parlamentdə proqramla çıxış edir. Elan edir ki, xarici siyasət sahəsində başlıca məqsəd Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən tanınmasına nail olmaq və onun ərazi bütövlüyünü qoruyub saxlamaq uğrunda mübarizə aparmaqdır. Daxili siyasət sahəsində isə hər bir mədəni və demokratik ölkə üçün zəruri olan ən vacib şərtlər həyata keçiriləcəkdir. N.Yusifbəyli özünün ikinci hökumətinə 1919-cu ilin dekabrından 1920-ci il martın axırına qədər başçılıq etmişdir. O, baş nazir olduğu vaxt xalqımızın tarixində ən mühüm hadisə baş verir -1920-ci il yanvarın 11-də Azərbaycan Cümhuriyyəti böyük dövlətlər tərəfindən tanınır. Bu dövrdə Nəsib bəyin təklifi əsasında Bakı Dövlət Universiteti açılır, müxtəlfi ixtisas üzrə ali təhsil almaq üçün 100 nəfərə yaxın azərbaycanlı gənc Avropanın ali məktəblərinə göndərilir, müxtəlif adda dərsliklər nəşr edilir. Torpaq islahatları haqqında qanun layihəsi hazırlanır, qısa müddətdə Azərbaycanın Milli pulu dövriyyəyə buraxılır və 40 minlik nizami ordu formalaşır, yüksək kadrlar  əvəz edilir. Əfsuslar olsun ki, N. Yusifbəylinin həyata keçirmək istədiyi planlar yarımçıq qalır.

Nəsib bəy həmişə hətta ən çətin məqamlarda belə tam müstəqilliyin tərəfdarı olub. O nə Osmanlı Türkiyəsinə, nə də Çar Rusiyasına sığınmağın tərəfdarı deyildi. Həmin illərin şahidi Hücaməddin Tuğac «Bir nəslin dramı» əsərində Nəsib bəylə olan söhbətini belə xatırlayır: «Azərbaycana türk ordusunun gəlməsi ərəfəsində Nəsib bəy deyirdi ki, gözüm bu işdən su içmir. Biz Milli və demokratik bir idarə istəyirik. Halbuki Osmanlı dövlətinin rejimi çarlıq idarəsindən heç nə ilə fərqlənmir. Əlbəttə, Osmanlı türkləri Azəri türklərinin böyük qardaşıdır. Ancaq heç vaxt Bakı İstanbuldan idarə oluna bilməz».

Milli müstəqillik ideyası Nəsib bəyin qanına, canına hopmuşdu. M. Ə. Rəsulzadə Cümhuriyyətin liderləri arasında Nəsib bəy Yusifbəyliyə xüsusi ehtiramla yanaşır, ona çox yüksək qiymət verirdi. 1929-cu ildə o, İstanbulda çıxan «Odlu Yurd» toplusunda Nəsib bəyə həsr etdiyi geniş məqalədə yazır: «Bu mənhus günün nəticəsində Azərbaycan istiqlal hərəkatının verdiyi ən mühüm qurbanlardan biri Yusifbəyli Nəsib bəydir…

Azərbaycan fikrini bir tələb maddəsi halında formula etmək şərəfi mərhum Nəsib bəyə məxsusdur… Mərhum Nəsib bəyin xarakterində əsl təhsil görmüş Azərbaycan ziyalılarında az olan bir keyfiyyət vardır. O, ədəbi türkcədə mükəmməl yazır və danışırdı. Nəsib bəy 1917-ci ildə Bakıda toplanan birinci müsəlman Qafqaz qurultayının ən fəal təşkilatçılarından və iştirakçılarından biri olmuşdur… Azərbaycan siyasi həyatının müxtəlif sahələrində Nəsib bəyi biz fəal bir siyasətçi olaraq görürük. İstər Rusiya Müəssislər Məclisindəki çıxışlarında, istər Tiflisdə təşkil edilən Qafqaz Seymində Nəsib bəy Milli siyasətin ən çətin və ən məsuliyyətli vəzifələrini yerinə yetirirdi. Nəsib bəy müasir Avropa kültürü ilə bərabər, türkcə də danışması və Milli həyat, ədəbiyyat tarixini dərindən bilməsi ilə bütün Azərbaycan gənclərinə güclü təsir etmişdir.

Bunu söyləməyə bilmərik ki, o, milli nümayəndələrdən biri idi. Elə bir nümayəndə ki, Milli Azərbaycan hərəkatının istiqlalla nəticələnən qayəsini formula etmək onun adı ilə bağlıdır. Bu sadə əlavə Nəsib bəyin adını Azərbaycan tarixində ölməz və unudulmaz bir ad halına gətirilməsinə kifayətdir…»

Baş nazirin taleyi necə oldu. «Fələk məni çox yüksəltdi. Fəqət, mən dünyanın ən bədbəxt insanıyam». Nəsib bəy Yusifbəylinin Türkiyədə yaşayan mərhum qızı Zəhra xanım 1969-cu ildə Gəncədə olanda –Göygöldə olarkən demişdir ki, atası bu sözləri parlamentin axırıncı iclasından qayıdanda söyləyib. Bu onların son görüşü olub. Hakimiyyət bolşeviklərə təhvil verilmişdi. Arzuları boşa çıxan baş nazir elə həmin gecə dövlət sənədlərini qoşa çamadana yığaraq iki nəfər mühafizəçi ilə yola düşdü. Kürdəmir-Yevlax yolunda iri çamadanlara gözü düşən quldur dəstəsi arxadan onları güllə ilə vurub Kürə atır. Elin istiqlalı yolunda çırpınan daha bir ürək  beləcə, nadan gülləsinin qurbanı olur.

Elə bir ürək ki, el yolunda şam kimi alışıb yanırdı. Məslək dostları ilə birlikdə o, zülmətlər içində işıqlı bir dünya-Azərbaycan Demokratik Cümhuriyyəti yaratmış və bu hökumətin Baş naziri vəzifəsinə kimi yüksəlmişdir.

Bu da sonu.

Azadlıq əldə etmiş Azərbaycan respublikasında — Bakıda və ya Gəncədə yəqin ki, Nəsib bəyə nə vaxtsa layiqli abidə ucaldılacaqdır. Nəsib bəyin şərəfinə ucaldılan ən böyük abidə isə qədirbilən insanların ürəklərindədir».

Rafat ÇUVARLİNSKİ, Həmid bəyin bacısı nəvəsi, onun varisi

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *