• 29.03.2010/13:34; Aqrar bölmədə kompleks tədbirlər həyata keçirilməlidir

      0 şərh

    Aqrar bölmədə kompleks tədbirlər həyata keçirilməlidir

    Əhalinin ərzaq məhsulları ilə təminatını yaxşılaşdırmaq, yaranmış iqtisadi böhrandan çıxmaq, bir sözlə müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatını sağlamlaşdırmaq aqrar bölmədə kompleks tədbirlərin həyata keçirilməsini tələb edir.

    Samux Ərazi Kənd Təsərrüfatı İdarəsi Yevlax, Samux, Daşkəsən, Göy-göl, Goranboy rayonlarını əhatə edir. Gəncə və Naftalan şəhəri ərazilərində yaşayan və kənd təsərrüfatı ilə məşğul olan əhali də lazım gələndə bizə müraciət edir.

    Bu ərazidə  Kənd Təsərrüfatı Nazirliyi tabeçiliyində olan bayratlıq idarələri, aqrokimya laborotoriyaları, bitki mühafizə mərkəzləri, aqroservislər, dövlət istehsal müəssisələri, yəni toxumçuluq, heyvandarlıq, damazlıq, eyni zamanda elmi tədqiqat insitutları, onların yardımçı təsərrüfatları və bu ərazilərdə fəaliyyət göstərən fermer təsərrüfatları bizim əhatə dairəmizə aiddir.

    Söhbət normal işləyən fermerlərdən gedir. Bizdə səhvən kənddə bir balaca torpaq sahəsi olana fermer deyirlər, əslində fermer  hüquqi şəxs deməkdir.

    Fermerin torpaq sahəsi olmalıdır və o dövlətə vergi ödəməlidir. Onlara müəyyən məsləhətlərin verilməsi, kömək olunması tərəfimizdən həyata keçirilir. Bizim mütəxəsislərimiz Kənd Təsərrüfatı Nazirliyi ilə fermerlərin arasında əlaqə yaradır, onların  problemlərini həll edir.

    Problemlərin hamısı son nəticədə bizim Kənd Təsərrüfatı idarəsinə gəlib çıxır. Bu məsələləri hüquqşünaslarımız yerindəcə araşdırırlar. Regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhaliyə dövlət tərəfindən olunan köməklikləri – cins mal-qara, kübrə və onlara çatdırılmasına idarəmiz yaxında köməklik göstərir.

    Azərbaycanda kənd təsərrüfatı sahəsində bir sıra problemlər vardır. Doğrudur, son zamanlarda rayonlarda istər  taxıl istehsalı və istərsə də heyvandarlıq məhsulları  artır. Lakin bu artım intensiv yolla deyil,  ekstensiv yolla müşahidə edilir. Ekstensiv yol nə deməkdir? Tutaq ki, 3 mln. ton taxıl istehsal etmək üçün əkinə yararlı torpağın 70-80%-dən  istifadə olunur. Əkinə yararlı torpaq sahəsinin 70-80%-dən yox, 40-50%-dən  istifadə etməklə həmin miqdarda taxıl istehsal etmək mümkündür. Buna intensiv texnologiya deyilir.

    Azərbaycanda intensiv texnologiya yoxdur. Respublikamızda son dövrdə gedən torpaq islahatı nəticəsində torpaqlar kənddə yaşayan əhaliyə paylanmışdır. Hesab edin ki, hər kəndli ailəsinin payına 2-5 hektar pay torpağı düşür.  Bu həcmdə torpaq sahəsində isə ən müasir kənd təsərrüfatı  texnologiyalarından istifadə etmək mümkün deyil. Samux Regional Kənd Təsərrüfatı İdarəsi belə bir təklif irəli sürmüşdür ki, bu torpaqların hamısı könüllülük prinsipi əsasında, kooperativ briqada formasında birləşsin və hər hansı formada olursa olsun özəl pay torpağı olan əhali müəyyən istehsalla məşğul ola bilsin.

    Bu formada yaradılan ərazilərdə müasir texnologiyadan istifadə etmək mümkündür. Müasir texnologiya deyəndə mən nəyi nəzərdə tuturam. Amerkada müasir suvarma sistemi var ki, suya 4 dəfə qənaət edir. Hesab edək ki, 100 hektar sahəni suvarmaq üçün 4 artezian quyusu lazımdır, amerkanların texnologiyası ilə həmin ərazini suvarmaq üçün 1 artezizan quyusu kifayət edir və 4 dəfə artıq məhsul götürülür.

    Bizim fikrimizcə Azərbaycanda buna nail olmaq üçün pay torpaqları mütləq birləşməlidir. Bizim bu təklifimiz artıq dövlət proqramına salınmışdır.

    2008-ci ilin avqust ayının 25-də proqram Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmişdir. Həmin proqram Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bəyənilmiş və Milli Məclisin müzakirəsinə verilmişdir. Lakin artıq iki ildir ki, bu məsələ yerindən tərpənmir.

    Azərbaycanın aqrar sahədə inkişaf etməsi üçün köhnə, primitiv metodlardan uzaqlaşmaq, müasir kənd təsərrüfatı texnologiyalarından geniş şəkildə istifadə etmək lazımdır.

    Bir torpağa iki il buğda səpmək olar, üçüncü il bu torpaq fiziki cəhətdən zəifləyir, torpağa normadan artıq kübrə veriləndə orada nitratlar toplanır və torpaq degradasiya olunur, onun strukturu pozulur. Deməli orada növbəli əkin sistemi yaradılmalıdır. 100 hektar sahənin 50%-nə taxıl əkilərsə, 50%-nə tərəvəz, buğda, yonca və paxlalı bitkilər əkilməlidir. Belə olanda xəstəliklər də çox yayılmır.

    Son iki ildə, Prezident Fondundan 25 milyon manat ayrılmış pulun hesabına Almaniyadan  respublikamıza cins  inəklər, düyələr gətirilmidir. Bu nə üçün lazımdır. Mal-qaranın sayını artırmaqla əti, südü artıqmaq olmaz. Çünki bizim ərazimiz məhduddur. Bu gün 1 inəkdən avropada 40 litr süd alırlarsa, Azərbaycanda hər inəkdən 8 litr süd alınır. Yəni 5 inəyin verdiyi südü 1 inəkdən alırlar. Bu yenə intensiv texnologiyadır. Biz artıq cırlaşmış yerli cinslərin yerinə Avropadan təxminən 700 baş cins inək gətirərək paylaşdırmışıq.

    Lakin onların düzgün saxlanılması sahəsində də bir sıra problemlər vardır. Onlar üçün lazımı şərait yarada bilməmişik, onlara müəyyən mikroelementlərlə, vitaminlərlə zəngin olan bitkilərdir ibarət yaxşı yem vermirik, quru yoncanı tökürük qabaqlarına və  bununla da yüksək məhsuldarlıq əldə etmək mümkün deyil.

    Bitkiçilikdə yeni kooperasiyaların yaranması yeni texnologiyanın tətbiqi  ilə  sürətlənəcək. Paralel olaraq biz artıq biləcəyik ki, bizə yüksək reproduksiyalı toxumlar lazımdır. Məsələn amerkanların, almanların tərəvəz toxumları var ki, 1 hektardan 100 ton məhsul götürürlər. Həmin texnologiya bu gün İmişli kənd zavodunda onların sahəsində tədbiq edilir.

    Bu məhsullar Avropa bazarında öz durumluğunu itirməyən Azərbaycanda “Bizim tarla” adı ilə satılan tomat, yaşıl noxud və s. məhsullardır.

    Torpaqdan danışırıq, torpaq canlıdır, torpağın qorunması vacibdir. Bilməməzlikdən aqroservizdən gedib kotan gətirib torpağı çevirirlər. Yağış, su torpağın tərkibində olan kübrələri və mineralları yuyub aparır. Torpaq yararsız hala düşür. Onun təbii şəkildə yararlı hala düşməsi üçün 100 il vaxt lazımdır. Xaricdə elə yeni texnologiyalar mövcuddur ki, onun vasitəsilə torpaqda heç bir şum əməliyyatı aparmadan torpağı becərmək olur.

    Bir sıra rayonıarımızda elə hallara rast gəlirik ki, əkinə yararlı torpaqlar dövriyyədən çıxarılır, tikinti üçün istifadəyə verilir. Bu əsl mənada cinayətdir. Dəhşətli vəziyyət odur ki, pay torpaqları içində ferma tikənlər də vardır.

    Gəncədə Üçbulaq deyilən ərazidən sağ tərəfdə – Göy-göl rayonuna qədər olan ərazidə vaxtı ilə üzüm bağları olub, lakin əfsuslar olsun indi həmin ərazi tikinti altında qalıb. Dövlət səviyyəli strateji obyektlərdə xüsusi əhəmiyyətli tikinti işləri aparmaq olar. Lakin belə ərazilərin məhlə  yerləri üçün verilməsinə göz yummaq ağır cinayətdir və bu cinayəti  törədənlər mütləq cəzalanmalıdırlar. Çünki belə torpaqlarda yalnız əkin və səpin işi aparılmalıdır.

    Ziyat Abbasov, Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi.

    Şərh yazmaq




    Spam protection by WP Captcha-Free