24.01.2011/10:32; YÜZ İL ƏVVƏL VƏ İNDİ

YENİ KİTABLAR

YÜZ İL ƏVVƏL VƏ İNDİ

Məlumdur ki, XX yüzilliyin əvvəllərində Azərbaycanda  qadın hərəkatı baş verməmişdir. Azərbaycanın ziyalıları və mətbuatı müsəlman qadının azadlığı uğrunda mübarizə aparmaq kimi məsul bir  vəzifəni öz üzərinə götürmüş, fikir plüralizmi şəraitində qadınların təhsil, ailə-nigah, sosial problemlərinin ictimai şüura çatdırılması yolunda  gərgin əmək sərf etmişdir.

«Adiloğlu»  nəşriyyatında  jurnalist,  tarix elmləri namizədi  Amalya Qasımovanın «XX əsrin əvvəllərində Şimali  Azərbaycan  mətbuatında  qadın problemləri (1901-1917» və «XX əsrin əvvəllərində Şimali  Azərbaycan  mətbuatında  qadın mövzusu (1901-1917). Biblioqrafiya»  kitabları çapdan buraxılmışdır.      

AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan «XX əsrin əvvəllərində Şimali  Azərbaycan  mətbuatında  qadın problemləri (1901-1917» adlı əsərdə Azərbaycanda mövcud  qadın problemlərinin ictimai şüura çatdırılmasında və qadınların  sosial, təhsil, ailə-nigah  məsələləri ilə bağlı  qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında mətbuatın apardığı mübarizə öz əksini tapmışdır.  Əsərdə XX əsrin əvvəllərində Azərbaycanda qadının cəmiyyətdəki  mövqeyinə nəzər salınır, qadın problemlərinin  mətbuatda işıqlandırılmasının ictimai- siyasi   amilləri araşdırılır.    «Şimali Azərbaycan mətbuatında qadın  problemlərinin qoyuluşu və həlli yollarının axtarılması» adlı fəsildə isə  ziyalıların qadın təhsili, ailə  və nigah məsələləri, sosial problemlərlə bağlı qaldırdığı məsələlər və mətbuatda  hicab ətrafında  gedən müzakirələr  öz  əksini   tapmışdır.

Biblioqrafiyada   isə  «Kaspi» (1901-1917-ci illər   dövrü), «Şərqi-Rus» (1903-1905), «Həyat» (1905-1906), «İrşad» (1905-1908), «Molla Nəsrəddin» (1906-1917-ci illər),    «Füyuzat» ( 1906-1907),          «Tazə həyat» (1907-1908), «Təkamül» (1906-1907),   «Bakinskiy den» (1907), «Tərəqqi» (1908-1909), «Zənbur» (1909-1910), «Səda» (1909-1911), «İşıq» (1911-1912), «İqbal» (1912-1915), «Şəlalə» (1913-1914), «Dirilik» (1914-1916), «Tuti» (1914-1917), «Babayi-Əmir» (1915-1916)  və digər  mətbu orqanlarda qadın mövzusunda dərc olunmuş müxtəlif səpgili materialların,  həmçinin bir çox müasirimizin   XX yüzilliyin əvvəllərində qadın problemlərinə həsr olunmuş məqaləsinin  adı, müəllifi,  dərc olunma tarixi və yeri əks etdirilmişdir.

Hər iki elmi nəşr  mətbut tariximizi öyrənənlər, jurnalistlər və universitetlərin jurnalistika fakültələrinin tələbələri, həmçinin gender problemləri ilə məşğul olanlar üçün faydalı ola bilər.

Amalya Qasımova, Azərbaycan Jurnalistlər İttifaqının üzvü, tarix elmləri namizədi.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *