23.01.2010/09:11; AZƏRBAYCANDA İLK QADIN MƏTBUATI

«İŞIQ»QƏZETİNİN  100  İLLİYİ

AZƏRBAYCANDA İLK QADIN MƏTBUATI

Bu il yanvarın 22-də Azərbaycanda ilk qadın mətbuatının çapdan çıxmasının 100 illiyi tamam olur. «Adiloğlu» nəşriyyatı bu münasibətlə jurnalist , tarixçi-alim Amalya Qasımovanın «Azərbaycanda ilk qadın mətbuatı: «İşıq» qəzeti kitabını çapdan buraxmışdır.

Sovet hakimiyyəti illərində hakim dairələrin maliyyə vəsaiti və yaxından dəstəyi ilə «Şərq qadını» («Azərbaycan qadını») adlı qadın jurnalı nəşr olunsa da «İşıq» qəzeti Azərbaycanda qadın mətbuatının bayraqdarı kimi tarixdə öz yerini tuta bilməmişdi. O burjua mətbuatı kimi qiymətləndirilmiş, tədqiqatlardan kənarda qalmışdı. Bu gün cəsarətlə deyə bilərik ki, «İşıq» son yüz ildə Azərbaycanda ana dilində nəşr olunmuş yeganə qadın qəzetidir.

«İşığ»ın  ilk sayı 1911-ci il yanvarın 22-də çapdan çıxmış, bu mətbu orqanın nəşri 1912-ci ilin sonunadək davam etmişdir. Bu müddət ərzində onun 68 sayı işıq üzü görmüşdür. Qəzetin redaktoru Xədicə Ələddin qızı Əlibəyova, naşiri onun həyat yoldaşı Mustafa bəy Əlibəyov olmuşdur.

Amalya Qasımovanın «Azərbaycanda ilk qadın mətbuatı: «İşıq» qəzeti » adlı kitabında  bu mətbu orqanın nəşrə başlaması tarixindən, maarifçilik fəaliyyətindən, ideyasından, mövzularından, milli mətbuatımızın tarixində onun yeri və əhəmiyyətindən bəhs olunur.

Qəzetin ilk nömrəsinin  oxucular üçün maraqlı ola biləcəyini nəzərə alaraq o, latın əlifbasında kitaba əlavə edilmişdir. Kitabdakı «İşıq» qəzetdir, jurnal, yoxsa məcmuə?» başlığında A. Qasımova  indiyədək «İşığ»ın elmi nəşrlərdə, hətta orta məktəblərin tarix dərsliyində gah jurnal, gah da məcmuə adlandırılmasını düzgün hesab etməyərək yazır: Bəs «İşıq» nədir?

Bu suala düzgün cavabı mətbu nəşrin özü verir. Onun birinci səhifəsində başlığın altında: «İndilikdə həftədə bir dəfə şənbə günləri nəşr olunacaq tərbiyeyi-əftala, ədəbiyyata, təbabət və evdarlığa dair xanımlar qazetəsidir», onun altında isə rusca: «Yejenedelnaya qazeta» sözləri yazılmışdır.  Xədicə xanımın müasirləri də «İşığ»a qəzet kimi yanaşmışdılar. Azərbaycanın müxtəlif bölgələrindən qəzetə göndərilən oxucu məktublarında «Qəzetinizi aldım», «İşıq» qəzetini oxudum» kimi sözlər vardır… Ona görə də «İşığ»ı Azərbaycan tarixində ilk qadın mətbuat orqanı və həftəlik qəzet kimi adlandırmaq lazımdır.

Amalya Qasımova, Azərbaycan Jurnalistlər İttifaqının üzvü, tarix elmləri namizədi.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *