05.03.2010/14:49 DEMƏK İSTƏDİKLƏRİM- SƏN DEMƏ, ZAMAN HEÇ NƏYİ GÖZLƏMİR

DEMƏK İSTƏDİKLƏRİM- SƏN  DEMƏ, ZAMAN HEÇ NƏYİ GÖZLƏMİR

Onun haqqında həmişə nə isə demək, yazmaq istəmişəm. Lakin özümü hazır bilməmək duyğusu arzumun qarşısını kəsib. Birdən bacarmazsan, qələmin demək istədiyinin öhdəsindən gələ bilməsə necə? Ancaq indi görürəm ki, biz gözləsək də zaman gözləmir. Hər şey vaxtında deyiləndə daha qiymətli olur.

Təyinatımı alıb Gəncəyə gəldiyim günü indi də həyəcanla xatırlayıram. İllərlə, intizarla gözlədiyim o xoşbəxt günlərin lap astanasında idim (Bəlkə də gənclik başdan-başa romantika ilə dolu olmasaydı o bu qədər qiymətli sayılmazdı). Mənə elə gəlirdi ki,  jurnalist diplomuna görə məni təntənə ilə qarşılayacaqlar. (Bu mənim qurduğum dünya idi). Lakin təqdimat da, ilk iş günü də çox adi və sadə keçdi. Üstəlik də kollektivdə yeganə qadın jurnalist Asya xanım da mənimlə elə bir mehriban ünsiyyətə girmədi. O zaman Asya xanım məktublar şöbəsinin müdiri idi. Redaktorun tapşırığı ilə mənə üzərində işləmək üçün məktub verdi Asya xanım. Məktuba baxanda ağlamağım gəldi. Bu, rus dilində çapı olan makinada Azərbaycan dilində yazılmış bir məktub idi. Müəllif sanki məktubu oxuyanı imtahana çəkirmiş kimi o qədər qəliz ibarələr işlətmişdi ki. Onu oxuyandan sonra məktublar şöbəsinin müdirindən yardım istəmək arzum həmkarımın ciddi çöhrəsini görəndə sanki suya düşdü. Sən demə, onun bu ciddi simasının arxasında son dərəcə böyük və mərhəmətli bir ürək döyünürmüş. İnsanlara etdiyi yaxşılığın müqabilində kimsədən heç nə ummayan bu jurnalist qadın mənim həyat müəllimim oldu desəm yanılmaram.

Redaksiyada ən ciddi tənqidi yazılar ona tapşırılırdı (tərbiyə və mənəvi dəyərlərlə bağlı). Yazırdı. Lakin bu yazılardan sonra az da olsa keçirdiyi həyəcanları nəzərə almasaq heç nə dəyişmirdi. Yəni başından yağan tərif və “qorxmadınmı” sözlərinə kiçicik bir təbəssümlə cavab verərdi (bəzən haqqında yazılan adamlar redaksiyaya gəlib dava-qışqırıq salardı). Hər dəfə qalmaqallı yazıdan sonra mənə elə gəlirdi ki, Asya xanım daha cürət etməyəcək. Lakin yanılırdım. Bir neçə nömrə sonra yenə Asya Əliyeva imzası qəzet səhifəsində böyük maraq dairəsi yaradırdı.

İnsanların çox böyük bir qisminə xas olan şöhrətpərəstlik hissi ona tamamilə yaddır. Heç vaxt, heç zaman jurnalist vəsiqəsindən xüsusi imtiyaz üçün istifadə etməyib. Ad, rutbə üçün dava döyməyib. Əlindəki qələmi ilə demək istədiyini deyib, ona müraciət edənlərdən köməyini əsirgəməyib.

Məktublar şöbəsi redaksiyanın ən qaynar nöqtəsi olub. Və Asya xanım bu “səngərdə” çox ləyaqət və peşəkarlıqla “vuruşub”. Əyilən və əzilən həqiqəti bərpa edəndən sonra ona müraciət edib işləri qaydasına düşənə ikinci “sağolu” söyləməyə imkan verməyib. “Bu mənim borcumdur” – deyərək hər şeyə nöqtə qoyub.

Asya xanım çox danışan deyil. Lakin dediyi söz, verdiyi məsləhət qızıl qiymətində olub. Bəzən dediyi bir cümlədə bir kitablıq hikmət yatıb və onu dinləyənlər peşman olmayıblar.

Nə az, nə çox, düz 39 ildir ki, birgə çalışırıq. Hər gün onun çox asta söylədiyi sözlərə, bəzən də duzlu, məzəli iradlarına o qədər alışmışıq ki, onun başı qarışıq olub, imkanı olmayanda gedib iş otağının qapısını açıb örtməklə “biz buradayıq, bizi unutmamısan ki” demək istəmişik. İndi bəzi yerlərdə unudulan böyük-kiçik, ədəb-ərkan  nə yaxşı bizim redaksiyada hələ ki, hakimdir.

Asya xanım dostcanlıdır, heç vaxt heç kimi öz dərdi-səri ilə tək buraxmayıb. Özünü pis hiss edəndə belə onu gözləyib, oxunan qəzeti (əməkdaşların ən gərgin anı) yarı-yarımçıq buraxıb getməyib. O qədər olub ki, bir gözüm onun üzündə, bir gözüm qəzetdə olub. Get desəm də inad edib.

Jurnalistlik həyatımızda bir məqamı hələ də unutmuram. Asya xanım hələ yaşlı olmasa da o zamankı “sosializm planı” əsasında redaksiya üçün ayrılan “Veteran” adına layiq görülmüşdü. Mən səhər işə getməzdən əvvəl bir şokolad qutusu alıb redaksiyanın bufetindəki stolun üstünə qoydum. Şirinlik kimi hər kəsi qonaq etdim. Şirinliyi yeyənlər bir-bir otağa keçib onu təbrik edirdilər. Əvvəlcə heç nə başa düşməyən Asya xanım məsələdən hali olanda gülümsəyərək bir söz demədi. Mənə elə gəldi ki, nəsə yersiz bir iş görmüşəm. Narahatlığım artsa da onun gözünə görünməyə tərəddüd edirdim. Amma bir az keçmiş Asya xanım otağa gəldi. Və mənə: “başım yazıya qarışmışdı, təşəkkür edirəm — dedi. Həyatda qazandığımız nə varsa, bizim uğurumuzdur. Ona sevinənlər isə dostlarımız”.

Bu hadisəni təsadüfi xatırlamadım. Nədənsə o zamanlar hisslərimizi daha tez biruzə verir, istək və sevgimizi sübutdan çəkinmirdik. Bəlkə də bu yaşın gətirdiyi ağırlıqdır. Neçə dəfə mənə çox əziz olan sənət müəllimimin əlini öpmək, ona mənə örnək olan hərəkətləri üçün təşəkkür etmək istəsəm də bəlkə də zamanı deyil – deyə düşünmüşəm. Sən demə, zaman heç nəyi gözləmir. Asya xanım xəstələndi və mən onun əlini yatdığı xəstəxana çarpayısında öpdüm. Müdrik və istedadlı jurnalistin əlini çox-çox əvvəl öpməli idim. Axı bu əlin tutduğu qələm heç vaxt qərəzli, ədalətsiz olmayıb. Yalnız düzü, həqiqəti yazıb. İnsanlara təmənnasız yaxşılıq etməkdən çəkinməyib. Daha gecikmək istəmirəm.

– Asya xanım, nə yaxşı ki, varsan. Sənət müəllimim olaraq sənə çox şey borcluyam. Səni həmişə sıralarımızda görmək arzusu ilə.

Rəfiqə SADIQOVA

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *