04.03.2010/13:03 XOCALININ HARAYI-EŞİDİLMƏYƏN SƏS

XOCALININ HARAYI-EŞİDİLMƏYƏN SƏS

Həmin günlər Xocalıda nə baş verdiyini bilməsək də dəhşət içində xəbərlər gözləyirdik. Hökumət rəsmiləri bir söz deyir, şahidlər başqa şey danışırdılar. Yalnız oradan sağ qurtarıb gələnlər qanlı hadisələri olduğu kimi danışdılar.

…İki nəfər dəhlizdə dayanıb kimisə gözləyirdi. Onların söhbətlərindən və ürkək davranışlarından məcburi köçkün olduqlarını hiss etdim. Otağa dəvət edib oturmaq üçün yer göstərdim. Əyin-başları yuxa olduğu üçün üşüdükləri bəlli idi. Qapı azacıq aralı olduğundan dəhlizdən keçənlər görünürdü. Başım yazıya qarışdığından qapının önündən keçən Qasım Qırxqızlını görməmişdim. Yalnız onlardan biri: «Ey gidi dünya, Qasımın da beli bükülərmiş.

Erməni ilə qorxmadan üz-üzə dayanan, ölümə meydan oxuyan elə bil ki, bu deyilmiş. Başına yığdığı özünümüdafiə dəstəsi ilə nə qədər adamı ölümün pəncəsindən zorla qoparıb aldı». O birisi cavabında: «Elə demə, qardaş, torpaq ayrı şeydir. Qasımı qorxmaz edən ayağının altındakı doğma torpaq idi. Dünyası dağılan, ocağı sönən, əzizləri qırılıb yurdu viran olan bizlər bu dərdə necə dözürük, ona inanmağım gəlmir». Söhbətləri yarımçıq qaldı. Deyəsən gözlədikləri adam gəlib çıxmışdı. Qasım Qırxqızlı haqqında öyrənmək istədiklərim dilimin ucunda qaldı. Macal olmadı, sağollaşıb çıxdılar.

…Yalnız onlarla, «Xocalının səsi»nin əməkdaşları ilə tanışlıqdan sonra bütün suallarımıza cavab tapdıq. Çünki üzlərindəki kədər çiyinlərini əyən fəlakətin böyüklüyündən xəbər verirdi. «Xocalının səsi» qəzetinin sabiq redaktoru rəhmətlik Sərdar Mehdiyevi hələ tələbəlik illərindən tanıyırdım. Onun işlədiyi qəzetdə təcrübədə olmuşdum. Yaddaşımda şux, cəsarətli bir jurnalist kimi qalmışdı. Lakin indi o, verdiyimiz suallara cavab tapmırdı. Bircə gözlərindəki o lal sükut sual verməyimizə baxmayaraq eşidəcəyimiz cavabdan sarsılacağımızdan soraq verirdi. Sonra Qasım Qırxqızlı, Vəli, Səbuhi ilə tanış olduq.

Əməkdar jurnalist, «Gəncənin səsi» qəzetinin baş redaktoru Sabir Hacıyevin sayəsində «Xocalının səsi» qəzeti adı çəkilən redaksiyanın 366-cı otağına sığındı. Otağa əlavə bir masa qoyduq. Biz jurnalistlərin xeyirxah və xeyriyyəçi kimi tanıdığı Gəncə Nəşriyyat və Poliqrafiya Birliyinin rəhbəri İlham İmamquliyev qəzetin nəşrini boynuna götürdü. Qəzetin Gəncədə yayılmasını isə mən təşkil etdim. Özü də bu işi böyük məsuliyyətlə görürdüm. Çünki satışdan yığılan pul əməkdaşların məvacibinə sərf olunurdu. Bizə kömək edən çox idi. Hər kəs «Xocalının səsi»nə maddi və mənəvi köməkliyi özünə borc bilirdi.

O günləri yaxşı xatırlayıram. Jurnalist Qasım Qırxqızlı redaktordan fərqli olaraq Gəncədə yaşayırdı. Xocalı köçkünlərinə yardım edəndə ona müraciət edərdik. O, adamların dərdi-sərindən daha çox xəbərdar idi. Axı, özü də onlarla birlikdə eyni şəraitdə yaşayırdı. Lakin bir dəfə də olsun onun sızladığının şahidi olmadıq. Bircə gözləri dolanda və bunu bizdən gizlətməyə çalışanda içərisindəki ocağın necə korun-korun yandığını hiss edirdik.

Ağır günlər idi. Lakin «Xocalının səsi» yaşam mücadiləsi verərək mütəmadi çıxır, ürəyimizdən keçən,  varlığımızı sarsıdan, vicdanımızı xırpalayan fıkirləri, sözləri, mətləbləri qəzet səhifəsinə çıxarmaqla tüğyan edən dərdimizi bir qədər sakitləşdirməyə çalışırdı.

Qəflətən «Xocalının səsi» redaktorunu itirdi. Bir müddət tam durğunluq yarandı. Eşidəndə ki, redaktoru əvəz edən Qasım Qırxqızlıdır, sevindim.

SOZƏ QÜVVƏT: Qasım (Qırxqızlı) Islam oğlu Qasımov, 1945-ci ildə anadan olub. 20 il Xocalı rayonunun Cəmilli kənd orta məktəbində direktor işləmişdir. Kərkicahan qəsəbəsinin yaranmasının təşəbbüsçüsü olmus və ilk qəsəbə sovetinin sədri işləmişdir. Respublika təşkilat komitəsinin (Qarabağ üzrə) sədri Polyaniçkonun güclü təzyiqi nəticəsində könüllü istefa vermiş, Xocalı rayon Təhsil şöbəsində inspektor vəzifəsində çalışmış, «Xocalının səsi» qəzetinin yaradıcılarından biri olmuşdur.

Qarabağın tarixini, bıı gününü, müharibənin səbəblərini və şəhidlərin həyatını əks etdirən 11 kitabın müəllifidir. «Qarabağda talan var» sənədli televiziya filminin ssenarisini yazmışdır.

2000-ci ildən «Xocalının səsi» qəzetinin baş redaktorudur. 10 ildən artıqdır ki, qəzetin məsul katibi Mahirə Ispiqızı ilə bu qəzeti yaşadır. Qəzet, ancaq abunədən yığılan vəsaitlə ayda 1 dəfə nəsr olunur. Qəzet Qarabağın keçmişini, bu gününü həmişə öz səhifələrində işıqlandırır. Respublikada nəşr olunan rayon qəzetləri ilə müqayisədə yüksək səviyyədə dayanan qəzetlərdən biridir.

Qarabağ müharibəsində erməni daşnakları, ikiüzlü rııs generalları ilə qorxmadan, çəkinmədən mübarizə aparmıs, gəncləri başına yığaraq özünümüdafiə dəstəsi yaratmış, gecə-gündüz düşmən ermənilərə qarşı mübarizə aparmışdır.

Vətənpərvər, xalq üçün ömrü boyu çalışan Qasım Qırxqızlı hal-hazırda yataqxana küncünə sıxılaraq yazır-yaradır.


Q. Qırxqızlının, əqidəsinə, qələminə və cəsarətinə bələd olduğum bu yazıçı-jurnalistin «Xocalının səsi»ni yaşadacağına əmin idim. Lakin sən demə bu saydıqlarımız az imiş. Maddi durumdan asılı olan dərdləri daha çoxmuş. Sinələrinə döyüb özlərini vətənpərvər, təəssübkeş, səxavətli və xeyriyyəçi adlandıranlar görəsən hər cür hərcayi yazılar yazan, erotik şəkillərlə səhifələrini bəzəyən, qərəzkarların, ağa qara deyənlərin çıxardığı qəzetlərin sırasında «Xocalının səsi»ni görməyəndə heç ürəkləri sızıldayırmı?  Axı, o vaxt da, 1992-ci ildə də bax beləcə Xocalını tək, düşmən qarşısında əliyalın qoydular. Bu gün o gün deyil. Heydər Əliyev fondunun Rusiya üzrə koordinatoru Leyla Əliyevanın yaxından köməkliyi və şəxsi təşəbbüsü ilə «Xocalıya ədalət» beynəlxalq məlumat-təşviqat kampaniyasına start verilib. Bu çox gözəl təşəbbüsdür və təqdir olunmalıdır. Lakin bu səslərin içindən «Xocalının səsi»nin səsi gəlmir. Qasım Qırxqızlı və qəzetin məsul katibi, böyük cəfakeşi Qarabağ həsrəti ilə alışıb-yanan Mahirə İspiqızı məvacib almadan qəzeti yaşatmaq mücadiləsi verirlərsə, bu çox azdır. Bu gün qəzet ayda bir dəfə deyil, həftəlik çıxmalıdır. Özü də heç bir maddi sıxıntı keçirmədən. «Xocalının səsi» niyə rəngli, çoxsəhifəli olmasın?  Bəyəm dünyada yer üzündən silinən, soyqırıma məruz qalan Xocalının analoqu varmı?! Bu gün Xocalı həm də səsi olan qəzetinin səhifələrində öz sözünü deməli, yazıları, faktları təkrar-təkrar dərc etməlidir. Yaddan çıxmasın, unudulmasın deyə…

İndi «Xocalının səsi»nin mütəmadi işıq üzü görməsi qeyrət işinə çevrilməlidir. Xocalı İcra Hakimiyyətinin gücü ilə çıxan qəzet hələ ki, yaşayır. Respublikamızda yüzlərlə imkanlı iş adamı, idarə, təşkilat, şirkət vardır. Mənə elə gəlir ki, qəzetin yaşaması üçün müəyyən vəsait sərf edənlər xalq qarşısında çox mühüm bir vəzifə yerinə yetirmiş olurlar. Çünki maliyyə vəsaiti olsa qəzetin yaradıcılığı genişlənə, hətta bir neçə dilə tərcümə oluna bilər. «Xocalının  səsi» susmamalıdır. Heç olmasa biz o yerlərə qayıdana kimi!

Bu yerdə ürəyimdə dolandırdığım bir məsələni söyləməsəm mənə elə gəlir ki, demək istədiklərim yarımçıq qalar.

Yeni bir nəsil böyüyür. Qarabağsız, Xocalısız. O yerləri valideynlərinin, nənə, babalarının danışdıqları kövrək, nisgilli, ürəkyandıran xatirələrdən tanıyan bir nəsil. Bir zaman oraya qayıdanlara da, bu günkü gəncliyə də Qasım kimi kirpikləri ilə od götürmüş insanlar lazımdır ki, yanmağı, torpağı sevməyi, həsrətin nə olduğunu anlasınlar, bilsinlər.

Bu dünyada hər şeyin ölçüsü var. Və bu meyar istənilən sualın cavabını dəqiq verə bilir. Bəs həsrətin ölçüsü necə? Həmin ölçü vahidi insanın kölgəsinə çevrilib ondan ayrılmayan, sevincinə qənim kəsilən, kədərini ürəyinin yuxarı başında kirayənişin edən, göz yaşlarına daimi viza verən, son günlərini yaşayanları üzünü qibləyə deyil, o yerlərə-doğma od-ocağa doğru çevrilməyə vadar edən o həsrətin ölçüsü varmı?

Qasım Qırxqızlı şeirlərinin birində dediyi kimi:

Gündiizlərim zülmət gecə olubdu,

Tər qönçəmi xəzan vurub, solubdu,

Həsrət məndən öz payını alıbdı,

Niyə bu dünyaya gəlmişəm axı?

Yenə də Xocalı soyqırımını yaşadığımız o qanlı günlərin kədəri, fəryadı içindəyik. Hər il fevralın 26-sı bu hissləri bir daha yaşayır, qurbanları dönə-dönə xatırlayırıq. Həmkarımın gözləri dolur, dili dolaşır, qəhər boğazında düyünlənir: «Qisas qiyamətə qalmasın gərək» — deyir. Ürəyinə dolanları «Xocalının səsi» qəzetinin səhifələrinə köçürür. Kaş ki, «Xocalının səsi» susmasın. Heç olmasa biz o yerlərə qayıdana kimi…

Rəfiqə SADIQOVA, “Gəncənin səsi”qəzetinin

baş redaktorunun müavini.

2 комментария

  1. Belə yazılara gənclərimizin çox böyük ehtiyacı var

  2. Xankəndi,Kərkicahan,Kosalar bizim tarixi torpaqlarımızdır.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *