31.07.2019/09:48; ADMİU-nun tələbələri Milli Yaylaq Festivalında iştirak edib

ADMİU-nun tələbələri Milli Yaylaq Festivalında iştirak edib

26-28 iyul tarixlərində Azərbaycanda İlk dəfə keçirilən Milli Yaylaq Festivalının açılışı baş tutub. Gədəbəy RİH-nin, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun və Türk İşbirliyi və Kordinasiya Agentliyinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin, Mədəniyyət Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Atcılıq Federasiyasının dəstəyi ilə Gədəbəy rayonun Miskinli yaylağı ərazisində mədəni-etnoqrafik və eko-etnoturizmi özündə birləşdirən Milli Yaylaq Festivalının açılışında 30 min nəfərdən çox insan, o cümlədən yerli və xarici turistlər, iş adamları, diplomotik korpus və media nümayəndələri  iştirak edib.

Festival ərəfəsində milli rəqs, xalq mahnıları, aşıq deyişmələri, qədim xalq oyunları, tətbiqi sənət nümunələri, yaylaq kulinariyası, müxtəlif sərgilər, tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq, Azərbaycanda yaşayan müxtəlif etnik qruplar üzrə kollektivlərin mədəni proqramlarını və nümunəvi çıxışlarını özündə birləşdirən mədəni etnoqrafik tədbirlər təşkili olunub.

Festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin dekanı sənətşünaslıq üzə fəlsəfə doktoru Sevil Kərimova, dekan müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli, Dizayn və Dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Xalq rəssamı, professor Arif Əziz və universitetin tələbələri fəal iştrak edib. Dizayn ixtisası üzrə təhsil alan tələbələr Fidan Cəfərova, Teyyub İskəndərzadə və Günay Rüstəmovanın əsərləri festival iştirakçılarının xüsusi marağına səbəb olub. Tələbə rəssamlar azyaşlı ziyarətçilərə ustad dərsləri keçiblər. Açılış mərasiminin sonunda ADMİU-nun tələbələrinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sertifikatları təqdim olunub.