26.02.2019/16:10; Şəmkir: DƏLLƏR DAŞBULAQ MƏKTƏBLİLƏRİ İZLƏYƏNLƏRİ HEYRAN ETDİLƏR

Şəmkir: DƏLLƏR DAŞBULAQ MƏKTƏBLİLƏRİ İZLƏYƏNLƏRİ HEYRAN ETDİLƏR

Şəmkir rayonunda daim diqqət mərkəzində saxlanılan təhsil sahəsi qazanılan uğurları, əldə olunan yüksək göstəriciləri ilə fərqlənir. İstər müəllimlər, istərsə də şagirdlər rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya öz töhfəsini verir.

Azərbaycanda analoqu olmayan “Məktəbin Təqdimatı” layihəsinin keçirilməsində məqsəd də şagirdlərin gizli istedadını üzə çıxarmaq və onlara layiq olduqları dəstəyi göstərməkdir.

Bu gün növbəti təqdimat rayonun Dəllər Daşbulaq kəndində keçirilib.

Təqdimatdan öncə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və qonaqlar məktəbin şagirdlərinin hazırladığı əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Daha sonra məktəbin kollektivi qonaqlara məktəblərini təqdim ediblər. Əvvəlcə məktəblilər Azərbaycan tarixinə, zəngin mədəniyyətimizə və incəsənətimizə aid kompozisiyalar səsləndiriblər.

Məktəblilərlə səmimi söhbət edən icra başçısı bildirib ki, Respublika Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən qayğının nəticəsidir ki, bu gün Azərbaycan təhsili özünün intibah dövrünü yaşayır. Günü-gündən xarici ölkələrdə təhsil alan gənclərimizin sayının artması, yüksək təhsilli gənc kadrların önə çəkilməsi təhsilin səviyyəsinin artmasından xəbər verir. Bu cür layihələr hazırlayaraq tariximizi, mədəniyyətimizi tanıtmaq istəyi də təhsilin inkişafı deməkdir.

Rayon rəhbəri vurğulayıb ki, bu gün bu gözəl balaları yanına gəlməkdə əsas məqsədim onlara olan diqqət və qayğını göstərmək, xüsusi istedadı ilə fərqlənən uşaqları daha da ruhlandırmaqdır. Nəinki bu uşaqlara, eləcə də bütün məktəblilərə daim diqqət mərkəzində olduqlarını hər zaman hiss etdirmək lazımdır.

Şagirdlər isə öz növbəsində təqdimata gəldiyi üçün icra başçısına təşəkkür edib, məktəblilər adından əl işi olan gerbimizi əks etdirən hədiyyə təqdim ediblər.