30.07.2018/12:21;Daşkəsəndə 7 ölkədən (Rusiya, Moldova, Qazaxıstan, Türkmənistan, Belarus, Qırğızıstan, Azərbaycan) 100-dək gəncin iştirakı ilə “Yaradıcılıq Emalatxanası” adlı beynəlxalq düşərgənin yekun “Qala” konserti keçirilmişdir

Daşkəsəndə 7 ölkədən (Rusiya, Moldova, Qazaxıstan, Türkmənistan, Belarus, Qırğızıstan, Azərbaycan) 100-dək gəncin iştirakı ilə “Yaradıcılıq Emalatxanası” adlı beynəlxalq düşərgənin yekun “Qala” konserti keçirilmişdir

27 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilati dəstəyi ilə Daşkəsən rayonun Xoşbulaq kəndində yerləşən Daşkəsən Gənclərinin Təlim və İstirahət Mərkəzində 7 ölkədən (Rusiya, Moldova, Qazaxıstan, Türkmənistan, Belarus, Qırğızıstan, Azərbaycan) 100-dək gəncin iştirakı ilə “Yaradıcılıq Emalatxanası” adlı beynəlxalq düşərgənin yekun “Qala” konserti keçirilmişdir.

Mərkəzin stadionunda açıq havada keçirilən konsertdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev və 500 nəfərdən artıq rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, düşərgədə Azərbaycan gəncləri ilə yanaşı, Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan və Tacikistandan olan istedadlı və yaradıcı gənclər iştirak edir. 20 iyul tarixində Bakıya səfər edən nümayəndə heyətləri növbəti gün Daşkəsən rayonuna yola düşmüşlər. İyulun 21-dən “Yaradıcılıq emalatxanası”nda təlimlərə start verilib. Bir həftə ərzində yaradıcı gənclər “Milli musiqi alətləri”, ”Rəqs”, “Estrada ifası”, “Dekorativ-tətbiqi sənət”, “Kulinariya” və “Teatr” kimi incəsənət sahələrində təlim və ustad dərsləri keçmiş, Azərbaycan mədəniyyətinin incəliklərini öyrənmişlər

“Qala” konsert zamanı belarus, qazax, qırğız, moldova, rus və tacik gəncləri öz ölkələrinin milli musiqi alətlərində “Sarı gəlin” musiqisinin sədalarını səsləndirmiş, Azərbaycan və rus dillərində bəstəkar Oqtay Kazıminin “Ey həyat sən nə qəribəsən” mahnısını, “Bayram” və “İgidlər” kimi milli rəqslərimizi ifa etmiş, özlərinin bişirdikləri Azərbaycan mətbəxinin inciləri sayılan düşbərə, qutab, xəngəl kimi xörəkləri, xalçaçılıq sənətimizin sirrlərinə yiyələnərək atdıqları ilk ilmələri nümayiş etdirmiş, Azərbaycanın klassik dramaturqu M.F.Axundzadənin yaradıcılığından “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasından kiçik bir  səhnəcik göstərmişlər.

Konsertin sonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev ilk dəfə Daşkəsən rayonunda keçirilən beynəlxalq düşərgənin təşkilində yaradılmış şəraitə görə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevə öz dərin minnətdarlığını bildirmiş, gənclərin öyrəndikləri mahnı və musiqilər, sənət və rəqslər ilə birlikdə vətənlərinə geri dönərkən özləri ilə Azərbaycandan kiçir bir parça aparacaqlarına əminliyini vurğulamışdır.

Rayon İcra Hakimiyyəti Başçısının müavini Cavanşir Qocayev də çıxış edərək qonaqları salamlamış, bu cür beynəlxalq səviyyəli tədbirlərin rayonumuzda keçirilməsinin mühüm əhəmiyyətini qeyd etmiş, növbəti belə konsertlərin işğal altında olan Şuşamızda, Xankəndimizdə, Qarabağımızda təşkil olunmasını arzulamışdır.