08.06.2018/09:19;Dünya bankı Azərbaycan iqtisadiyyatının artımını proqnozlaşdırır

Dünya bankı Azərbaycan iqtisadiyyatının artımını proqnozlaşdırır

«Dünya bankı bu il Azərbaycan iqtisadiyyatının artımını 2%, gələn il üçün isə 3-4% olacağını proqnozlaşdırır». Reportun yaydığı xəbərə görə bu barədə Dünya bankının Azərbaycan üzrə meneceri Navid Həsən Naqvi Azərbaycan-Aİ biznes-forumunda bildirib.

İnflyasiyanın səviyyəsindən danışan Naqvi qeyd edib ki, bu göstərici 2016-ci ildə 11%, 2017-ci ildə 7-8% olmuşdur, bu il isə daha aşağı olacaq:

«Bu rəqəmlər müsbət meyillərin olduğunu göstərir. Neft sektorunun çətin vaxtlarda artmasına baxmayaraq, ölkə iqtisadiyyatı hələ də neftdən, onun satışından, gəlirlərindən və qiymətindən asılıdır. Bununla belə, Azərbaycan hökuməti lazımi sahələrə investisiya qoyub. Məsələn, son 25 ildə infrastrukturun inkişafına kifayət qədər investisiya qoyulub».

Dünya bankının nümayəndəsi struktur islahatların vacibliyini vurğulamışdır: «Mən bunu Azərbaycan hakimiyyətinin iqtisadiyyatı şaxələndirmək istəyi ilə əlaqələndirirəm. Lakin heç bir islahat insanlara sərmayə qoymadan mümkün deyil. Buraya təhsil daxildir, lakin neftin qiymətlərinin artmasına baxmayaraq bu sahəyə qoyulan investisiyanın həcmi çox aşağıdır. Sizin müəllimlər ayda orta hesabla 150-200 dollar qazanırlar, həkimlər isə həmin məbləği rəsmən alır. Eyni zamanda struktur dəyişiklikləri olmadan maaşların artırılması çıxış yolu deyil. Hesab edirəm ki, iqtisadiyyatın şaxələndirilməsi üçün struktur islahatlara sərmayə qoymaq lazımdır və ən başlıcası isə insan kapitalıdır».