12.04.2018/22:03; DAŞKƏSƏNDƏ CƏNAB İLHAM ƏLİYEVİN SEÇKİDƏ PARLAQ QƏLƏBƏSİNƏ HƏSR OLUNMUŞ MÖHTƏŞƏM BAYRAM MİTİNQ-KONSERTİ KEÇİRİLDİ

DAŞKƏSƏNDƏ  CƏNAB İLHAM ƏLİYEVİN SEÇKİDƏ PARLAQ QƏLƏBƏSİNƏ HƏSR OLUNMUŞ MÖHTƏŞƏM BAYRAM MİTİNQ-KONSERTİ KEÇİRİLDİ 

Aprelin 12-də cənab  İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin seçkilərində böyük üstünlüklə qələbəsi münasibəti ilə Daşkəsən  rayonunda möhtəşəm bayram konsert-mitinqi keçirildi.  Mitinqdə 8000 nəfərdən çox rayon sakini iştirak edirdi.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev «Hər zaman, hər yerdə Sizinləyik,  cənab Prezident!», «İlhamla irəli», «Xalqın səsi-cənab İlham Əliyevin qələbəsidir», «Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidentidir» şüarları səsləndirərək qələbə bayramı münasibətilə mitinq iştirakçılarını təbrik etdi.

Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxış edərək dedi:

— Aprelin 11-də ölkədə vətəndaşlarımızı xoşbəxt gələcəyə aparan çox mühüm siyasi əhəmiyyət kəsb edən Azərbaycan Respublikası Prezidentinə səsvermə prosesi yüksək fəallıqla keçirilərək baş tutdu.

Seçkilərin ilkin nəticələri Yeni Azərbaycan Partiyasının vahid namizədi cənab İlham Əliyevin  Azərbaycan vətəndaşlarının 86 faiz olmaqla mütləq  əksəriyyətinin səsini qazandığını  və xalqımızın güclü liderini, güclü iradəsini  bir daha da təsdiqləyir.

Möhtərəm cənab Prezident seçicilərin mütləq səs çoxluğunu Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərinə görə qazanıb.

Qələbəmiz mübarək olsun, doğma Azərbaycanımız!

Sevinclə, fərəhlə və qürur hissi ilə bildirirəm ki, Daşkəsən seçiciləri həmişə olduğu kimi budəfəki seçkilərdə də yüksək fəallıqla iştirak edərək Ulu Öndər Heydər Əliyevin bəşəri ideyalarını uğurla davam etdirən, müasir Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxaran, regionda ən güclü dövlətə çevirən, vətəndaşlarımızın rifahının, sosial müdafiəsinin daha da gücləndirilməsində misilsiz xidmətlər göstərən Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin namizədliyini Daşkəsəndə çox yüksək faiz səslə dəstəkləməklə Ona olan sonsuz istək, inam və ehtiramlarını bir daha da nümayiş etdirdilər. Çalışıb, dəstəkləyib səs verdiyiniz üçün çox sağ olun, əziz daşkəsənlilər!

Eşq olsun seçicilərimizə!

Bütövlükdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Respublikamıza rəhbərlik etdiyi ötən 15 il ərzində Azərbaycan çox mühüm keyfiyyət dəyişiklikləri yaşayıb. Ölkəmizin  beynəlxalq nüfuzu yüksək səviyyədə artıb, maliyyə imkanları çoxalıb, böyük qələbələr əldə edilib.

Bu gün hər bir Azərbaycan vətəndaşı möhtərəm  Prezidentimiz cənab İlham Əliyev ilə qürur duyur. Çünki Azərbaycanın xoşbəxt gələcəyi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasəti ilə bağlıdır.

Ümummilli Lider Heydər Əliyev xalqımızın əbədi günəşi, cənab İlham Əliyev isə onun parlaq nurudur! Bu xoşbəxtliyi Allah-taala xalqımıza bəxş edib.

Yaşasın doğma Azərbaycanımız!

Yaşasın  Ulu Öndərin ideyaları!

Eşq  olsun cənab Prezidentimizə!

Aprelin 11-də daşkəsənlilər yüksək fəallıq nümayiş etdirərək möhtərəm cənab İlham Əliyevə səs verməklə müstəqilliyimizin daha da  möhkəmləndirilməsinə, ölkəmizin tərəqqisinə, sabitliyinə və inkişafına səs veriblər.

Bu qələbəmiz bütövlükdə Azərbaycan xalqının zəfəridir. Bu qələbə Lider-Xalq birliyinin sarsılmaz olduğunu bir daha sübut etdi.

11 aprel seçkiləri Azərbaycanda demokratiyanın növbəti təntənəsi olmaqla yanaşı, həm də Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirdi.

Mən bütün daşkəsənliləri və  xüsusilə Yeni Azərbaycan Partiyasının çoxsaylı üzvlərini bu möhtəşəm qələbə münasibətilə ürəkdən təbrik edirəm, müstəqil Azərbaycanımızın inkişafı naminə yorulmaz fəaliyyətinizdə başda ölkə Rəhbərimiz olmaqla hər birinizə gələcəkdə yeni-yeni uğurlar, qələbələr arzulayıram!

Prezident cənab İlham Əliyevə eşq olsun!

Qələbəmiz bir daha da mübarək olsun!

Seçkilərdə fəal iştirak etmiş, səs verən çağırışçı gənclərimizi də bu gün buradan Silahlı qüvvələrin sıralarına təntənəli surətdə yola salırıq. Eyni zamanda burada hərbi xidmətini başa vurub rayonumuza qayıtmış gənclərimiz də iştirak edirlər. Onlar da seçkilərdə fəallıq göstərərək öz fikir və münasibətlərini bildiriblər.

Qələbə şənliyi, bu əlamətdar hadisə münasibətilə də, əziz çağırışçılar sizləri və hərbi xidmətini uğurla başa vurub gəlmiş gənclərimizi, onların valideynlərini səmimi qəlbdən təbrik edirəm, bu gün hərbi xidmətə yollanacaq gənclərimizə isə mübarizlik, hərbi xidmətlərindən ləyaqətlə və qələbə xəbəri ilə qayıtmalarını arzulayıram!

Rayon İcra Hakimiyyəti Başçısının nitqindən sonra mitinq iştirakçıları alqış sədaları ilə Yeni Azərbaycan Partiyasının möhtəşəm, inamlı qələbəsini qeyd etdilər.

Bayram mitinqi rayon incəsənət xadimlərinin, el aşıqlarının ifasında rəngarəng konsert proqramı ilə davam etdi.

Sonda seçkidə fəal iştirak edən bir qrup çağırışçı gənclər Ulu Öndərin abidəsi qarşısına gül dəstələri düzərək musiqi sədaları altında hərbi xidmətə Silahlı Qüvvələrin sıralarına alqışlarla yola salındı.

Elmar Vüqarlı, Azərbaycan Yazıçılar Birliyinin üzvü