24.03.2018/10:41;»Az-Granata şirkətinin işçisi «Həsən Ağanın» qohumu imiş»

«Az-Granata şirkətinin işçisi «Həsən Ağanın» qohumu imiş» 

Respublikamızda yüksək texnologiyalı müəssisələr işə başlayanda doğrusu sevincimiz böyük olur. Əvvəla fikirləşirik ki, istər-istəməz əhalinin bir hissəsi üçün iş yerləri açılacaq və sosial vəziyyət yaxşılaşacaq. Digər tərəfdən, ölkəmizdə müasir texnologiya ilə hazırlanmış keyfiyyətli və xarici bazarlara çıxa biləcək məhsullarımızın sayı, büdcə gəlirlərimizin miqdarı artmış olacaq… Çox təəssüf ki, gözləntilərimiz hər zaman doğrulmur.

«Az-Granata» şirkətinin vergidən yayınma, keyfiyyətsiz məhsullarla istehlakçıları aldatmaq, işə götürdükləri işçiləri müqaviləsiz işlətmələri haqda yazılara mətbuatda dəfələrlə rast gəlmişik..

Doğrusu inanmaq istəmədiyimiz hallara inanmaq məcburiyyətində qalırıq. Yenə də fikirləşirik ki, bununla məşğul olan aidiyyatı qurumlar var… Amma istehlakçını əzmək, təhqir etmək,hegemonluq kimi bir hallar şəxsən istehlakçıların qarşısına çıxan problemlərdir. Milyonlarla manatlar xərcləyib texnologiya və aqreqatlar alan, daxili və xarici bazarlara milli məhsulla çıxan böyük bir şirkətin əməkdaşlarını satış təlimlərinə göndərməyi əl çatmazdırmı!?
Keçək mətləbə… Tozlu məhsulu alıcıya uzadan «Az-Granata» şirkətininin satıcısı, alıcı tozlu məhsula etiraz edərək «müştəriyə tozlu məhsul verməzlər» deyərkən, «gözüm aydın müştərisən, xoşun gəlmir, get marketdən al»-deyərək alıcıya qapı göstərmişdi. İl olub 2018, bütün dünyada müştəri məmnuniyyətinin təbliğ olunduğu, bunun üçün əldən ayaqdan gedən hegemon şirkətləri görməyən «Az-Granata» şirkətinə müraciətdən sonra alınan cavaba görə, alıcı həmin Firma Mağazaya göndərilir və fikirləşir ki, satıcı səhvini başa düşüb, üzr istəyəcək və ola bilməz ki, bu boyda şirkət onun məhsulunu müştəriyə bu şəkildə təqdim edən satıcını lazımınca təlimatlandırmamış olsun!

Mağazaya daxil olan alıcının almaq istədiyi, qiyməti 5 AZN olan şərabı stolun üstünə çırparaq, «alın, götürün, gedin, rəhbərlik aldığın malın pulunu almamağı deyib» — deyən satıcı hiddətini boğa bilməmişdi. «Mən sizin üzr istəməyinizi gözləyirəm, mənə hədiyyə lazım deyil»-deyən müştərinin aldığı — «MƏN AĞSU ŞƏRAB ZAVODUNUN DİREKTORU VUQAR MİKAYILOVUN QOHUMUYAM, SƏN MƏNƏ HEÇ NƏ EDƏ BİLMƏZSƏN!» — cavabı müştərini təəssüf hissi ilə oradan çıxmağa məcbur edir… Çıxır və fikirləşir: «Doğrudan da, Həsən Ağanın qohumudu görəsən..?! Mən bunu boynuma necə mindirərəm.. Bu HƏSƏN AĞA keçmiş dövrdə qalmayıbmı axı…»

Biz demokratik, sivil,yüksək mədəniyyətə malik bir ölkədə yaşayırıq. Deməli, «Az-Granata»şirkətinin öz müştərisinə təklif etdiyi müştəri məmnuniyyəti, təhqir edib əvəzində uzatdığı 5 manatlıq şərab, ya da qonşu marketdə 30 qəpik artığına satılan məhsulun, 30 qəpik artığına almaqdansa onların qapılarının dalında boyun bükən müştəri görməkdir… İstehlakçıya önəm verməyən «Az-Granata» şirkəti, bu qiyməti öz əməkdaşlarına versə, ən azından ağzını açanda ağzından «gül tökülənlər» qohum da olsa, yad da, «güllərini» evdə qoyub gəlməsini öyrətsə yaxşı olardı… Atalar yaxşı deyib, sirkə nə qədər tünd olsa, öz qabını partladar.. Bu gün olmasa da, sabah olar…

Orxan Səfərli