15.01.2018/20:52; “Ailə və romantik istirahət yeri”

“Ailə və romantik istirahət yeri”

“Ailə və romantik istirahət yeri”, “Türkiyə və Misirin yeni rəqibi” – Azərbaycan və Bakı haqqında olan bu coşqun ifadələr Ukrayna telekanalı STB-nin məşhur “Зважені та щасливі” tele-şousunun finalında səslənib.
“Зважені та щасливі” Ukraynada yüksək reytinqli televiziya verilişdir. Final şousunu bu dəfə 13 milyon tamaşaçı izləyib.

Bakıdakı çəkilişlər Milli Turizm Təbliğat Bürosu ilə milli aviaşirkət AZAL-ın birgə dəstəyi ilə həyata keçirilib.
Ukrayna bazarı ölkəyə turist cəlbi baxımdan ən əsas potensial bazarlardan biridir. Bu baxımdan, Milli Turizm Təbliğat Bürosu bu istiqamətdə aktiv fəaliyyət göstərir.

Xüsusilə, Ukrayna hava yolları — UIA ilə əməkdaşlıq çərçivəsində uzun müddətdir birgə layihələr həyata keçirilir, bu ölkədən mütəmadi qaydada turizm agentliklərinin nümayəndələri, jurnalistlər və blogerlərin Azərbaycana səfərləri təşkil edilir. Eyni zamanda Milli Turizm Təbliğat Bürosu tərəfindən Ukraynada tədbirlər təşkil olunur. Son belə görüş paytaxt Kiyevdə keçirilib və tədbirdə Azərbaycanın turizm potensialı haqqında iyirmiyə yaxın turizm şirkətinə təqdimatlar edilib, onlarla yerli turizm şirkətləri arasında əlaqələr formalaşdırılıb.
2017-ci ildə, Azərbaycana Ukraynadan 57 756 turist səfər edib. Bu göstərici ilə Ukrayna dünyanın digər ölkələri arasında Azərbaycanın ən çox turist qəbul etdiyi 7-ci ölkədir. Aparılan işlər və araşdırmalar göstərir ki, bu rəqəmlər 2018-ci ildə daha da artacaq. 2017-ci ilin nəticələrinə əsasən, ümumilikdə, 2016-cı ilə nisbətdə Azərbaycana gələn turistlərin sayında 20%-dən artıq artım müşahidə olunub.

Milli Turizm Təbliğat Bürosu oxşar fəaliyyətləri ənənəvi turizm bazarlarında olduğu kimi, eyniylə yeni bazarlarda da həyata keçirir. Bunlara ABŞ, Avropa, Çin, Hindistan və başqaları daxildir. Milli Turizm Təbliğat Bürosu bazarın tələbatına uyğun olaraq müxtəlif ölkələrin turizm şirkətləri və agentlikləri ilə birlikdə yeni xidmət paketləri, marşrutlar, turlar və s. üzrə müzakirələr aparır və formalaşdırır.

Kənan Quluzadə, Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi