31.10. 2017/02:27; Daşkəsən rayonunda meşə ərazisində yanğın hadisəsi baş verib

Daşkəsən rayonunda meşə ərazisində  yanğın hadisəsi baş verib

Dünən axşam saat 18:30 radələrində Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində yanğın hadisəsi baş verib. Meşə yanğınının sahəsi küləyin güclü olması nəticəsində daha da genişlənərək alovlanıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev baş vermiş yanğın məsələsi ilə bağlı dərhal operativ qərargah yaradaraq tapşırıqlar vermiş, hadisə yerində olmuşdur və yanğının səbəbləri də  araşdırılır. Daşkəsən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və işçiləri, Rayon İcra Hakimiyyətinin qərargah üzvləri, idarə və müəssisə rəhbərləri, Dəstəfur kənd və Zinzahal kənd icra nümayəndəliklərinin və bələdiyyələrinin işçiləri ilə birgə yanğının söndürülməsi üçün ərazidədirlər. Yanğının söndürülməsində Dəstəfur və Kollu kəndinin, eləcə də qonşu kəndlərin sakinləri də yaxından iştirak edərək köməklik göstərirlər.

İqlim şəraitinin sərt, soyuq olmasına, güclü külək əsməsinə baxmayaraq yanğının söndürülməsi üçün  çox ciddi operativ tədbirlər görülməyə başlanmış və aidiyyəti üzrə nazirliklərə, xüsusilə də Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinə dərhal yanğın haqqında Rayon İcra Hakimiyyətinin Başçısı məlumat verərək təcili surətdə köməklik göstərilməsini xahiş etdi. Bildirdi ki, güclü yanğının söndürülməsində kənd əhalisi və Rayon İcra Hakimiyyəti öz daxili imkanları səviyyəsində çalışır. Amma buna baxmayaraq, mütləq aidiyyəti üzrə nazirliklər, xüsusi təyinatlı işçi qrupu tərəfindən yüksək dağ ətəyində yanan meşənin söndürülməsinə yanğınsöndürmə avtomobillərinin yaxınlaşa bilmədiyi yerlərə ancaq helikopter vasitəsilə kömək lazımdır. Yanğının qarşısının alınması üçün nazirliklərə telefonla məlumat verilərək kömək edilməsi xahiş olunmuşdur.

Yanğının baş verdiyi meşə zolağı ilə Daşkəsən rayonunun Dəstəfur və Kollu kəndinin yaşayış evlərinin yaxın olduğu üçün alovun yaşayış evlərinə keçməsinin qarşısı cəsarətlə vaxtında alındı. Yanğınla əlaqədar ərazidə yaşayan bir neçə sakinə Rayon Mərkəzi Xəstəxanasının təcili yardım briqadası tərəfindən ilkin tibbi yardım göstərilmişdir.

Yanğın baş verən ərazidə Rayon İcra Hakimiyyətinin Başçısı və ərazinin sakinləri  lazımi köməkliklər göstərmiş, aidiyyəti qurumlarla birgə yanğının qarşısının alınmasını təşkil etmişlər. Hal-hazırda Dəstəfur kənd İƏDÜ nümayəndəliyində qərargah üzvləri yanğına qarşı görüləcək işləri planlı şəkildə həyata keçirir, bu dəhşətli yanğının qarşısını almağa səy göstərərək aidiyyəti nazirliklərdən də köməklik gözləyirlər.

Hazırda 11 hektardan artıq  meşə ərazisi yanaraq təhlükəli vəziyyət yaranıb. Cəbhə bölgəsində sərhədə yaxın ərazidə bu kəndlərdə  elektrik enerjisi və rabitə əlaqəsi kəsilib, işıqlar sönüb. Amma kənd sakinləri qaranlıq şəraitdə dözümlülük göstərərək Rayon İcra Hakimiyyətinin Başçısı ilə birgə yanğının qarşısının alınmasına inamla, cəsarətlə çalışırlar və şübhəsiz ki, tezliklə Fövqəladə Hallar Naziri hörmətli Kəmaləddin Heydərov lazımi köməklik göstərəcək və aidiyyəti üzrə qurumlara da yanğının qarşısının alınmasına dair müvafiq tapşırıqlarını verəcək.