06.09. 2017/12:10; «Azərbaycan Qarabağı hərbi yolla qaytarmaq istəyir»

Ermənistanın müdafiə nazirinin müavini Qarabağ məsələsində bu fikirlə barışmağa çağırıb
«Azərbaycan Qarabağı hərbi yolla qaytarmaq istəyir»

«Azərbaycan silah alınmasına dair siyasətini davam etdirir və silah alınan bazarları genişləndirir. Bu barədə Ermənistanın müdafiə nazirinin müavini Artak Zakaryan «Düşmənin hərbi-siyasi taktikası və bizim fəaliyyətimiz » mövzusunda bu günlərdə keçirilən forumda deyib,- Vesti.Az erməni mətbuatına istinadən xəbər verir.

Onun sözlərinə görə, Bakının belə bir addımı atması- silah alınmasına böyük vəsait xərcləməsi sübut edir ki, Azərbaycan tərəfi Qarabağ münaqişəsini hərbi yolla həll etmək məqsədi daşıyır.

«2013-ci ildən Azərbaycan qoşunların təmas xəttində vəziyyəti vaxtaşırı gərginləşdirir. Bununla bağlı erməni tərəfinin yönəltdiyi çağırışlar, əksər hallarda beynəlxalq ictimaiyyət, xüsusilə, ATƏT-in Minsk qrupu tərəfindən cavabsız qalır», — o belə deyib.

Artak Zakaryan xatırladıb ki, Qarabağ münaqişəsinin tarixi kifayət qədər uzundur. 1994-cü ildə atəşkəs haqqında saziş imzalanandan sonra Azərbaycan tərəfi yalnız bir məqsəd güdərək — Dağlıq Qarabağ üzərində nəzarəti qaytarmağa çalışaraq öz siyasətini ardıcıl surətdə həyata keçirir.

Ermənistanın müdafiə nazirinin müavininin sözlərinə görə, danışıqlar prosesində ciddi irəliləyiş olmazsa ön cəbhədə gərginliyin artması və vaxtaşırı toqquşmaların davamlı xarakter daşıyacağı fikri ilə barışmaq lazım gələcək.