25.06. 2017/09:45; Daşkəsəndə İslam həmrəyliyinin təbliğində dini icmaların rolu məsələsi müzakirə olunub

Daşkəsəndə İslam həmrəyliyinin təbliğində dini icmaların rolu məsələsi müzakirə olunub

İyunun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbirdə DQİDK-nin əməkdaşları, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının təmsilçiləri, Daşkəsən şəhər “Cümə” məscidi dini icmasının üzvləri, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, multikulturalizmin dövlət siyasətinə çevrildiyini vurğulayıb. Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən bu ilin “İslam Həmrəyliyi İli” elan olunmasını, Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini İslam dünyasında həmrəyliyə, birliyə töhfə olmaqla yanaşı, həm də dünyada sivilizasiyalar arasında həmrəyliyə müsbət təsir göstərəcəyini qeyd edib.

Ə.Abıyev həmçinin rayonun dini durumu haqqında da ətraflı məlumat verib. Bildirib ki, ötən dövrlərdə rayonda dini durumun sabitliyi və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət olunmuş, həmçinin dini durumun sabitliyi və dini etiqad azadlığı sahəsində Konstitusiya prinsiplərinin qorunması təmin edilmişdir. Milli və dini ayrı-seçkiliyə, Azərbaycana yad olan təriqətlərə qarşı maarifləndirmə işləri aparılmışdır. Rayonda qeyri-ənənəvi dini cərəyanların fəaliyyəti müşahidə olunmamışdır.

Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycandakı multikultural və tolerant mühitin bütün dünyada müasir və mütərəqqi model kimi qəbul edildiyini diqqətə çatdırıb. Tarixboyu müxtəlif qüvvələrin müsəlman dünyasının birliyinə mane olmağa çalışdığını bildirən S.Salahlı hər bir müsəlmanın İslam dünyasının vəhdətini qüvvətləndirmək üçün inamlı addımlar atmalı olduğunu qeyd edib. O, bu məqsədlə möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının müasir dövrün çağırışlarını özündə ehtiva etdiyini və ölkəmizin bu tarixi missiyanı həyata keçirdiyini vurğulayıb. Komitə sədrinin birinci müavini İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə tövsiyələrini verib, onları ölkəmizdə İslam həmrəyliyinin təbliğində fəal olmağa çağırıb.

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini Cavanşir Qocayev də çıxışında xalqımızın zəngin milli-mənəvi, multikultural və tolerant dəyərlərə sahib olduğunu qeyd edib. O, çıxışının sonunda müəllifi olduğu “Həmrəyliyimiz” şeirini oxuyub. Şeir hər kəsin rəğbəti ilə qarşılanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Elmar VÜQARLI, Azərbaycan Yazıçılar Birliyinin üzvü