11.05. 2017/08:06; Daşkəsəndə Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon ağacəkmə iməciliyi keçirilmişdir

Daşkəsəndə Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon ağacəkmə iməciliyi keçirilmişdir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünün qeyd edilməsi ilə bağlı Daşkəsən rayonun bütün yaşayış məntəqələrində ağacəkmə iməciliyi  keçirildi.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ağacəkmə iməciliyində ayrı-ayrı ərazilərdə özü də ağac əkdi. İməcilik iştirakçıları ilə görüşlərdə Rayon İcra Hakimiyyətinin Başçısı xüsusi olaraq qeyd etmişdir: “Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü  münasibətilə rayonumuzda çox gözəl, xeyirxah, nəcib bir aksiya keçiririk. Ağacəkmə aksiyasında iştirak etməyə Rayon İcra Hakimiyyətinin çağırışına yüzlərlə rayon ictimaiyyətinin nümayəndəsi qoşulmuş, belə nəcib məqsədli yaşıllaşdırma kampaniyasına rayon sakinləri çox həvəslə, böyük enerji ilə, yüksək əhval-ruhiyyədə gəlib fəal iştirak etdilər.

Bildiyiniz kimi, Ümummilli lider Heydər Əliyev ekoloji vəziyyətə həmişə çox həssaslıqla yanaşmış, ölkəmizdə yaşıllaşdırma işinin təşkilini diqqət mərkəzində saxlamışdır. Ulu Öndərimiz qeyd etmişdir ki, hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə, öz ailəsinə xəyanət edir.

Ulu Öndərimizin bu müdrik sözlərini əldə rəhbər tutaraq biz rayonumuzda ağacəkmə kampaniyasını illər öncə başlatmış və bu gün də layiqincə həmin ənənəni davam etdiririk. Hesab edirəm ki, Daşkəsəndə belə bir tədbir – iməciliyin böyük ruh yüksəkliyi ilə  keçirilməsi Ulu Öndərimizin doğum gününə ən böyük hədiyyədir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də qeyd etmişdir: “İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığına, ekoloji vəziyyətə, udduğumuz havaya, içdiyimiz suya, bütün bunlara biz çox böyük diqqət göstərməliyik”. 

Çoxsaylı rayon ictimaiyyətinin, o cümlədən də YAP rayon təşkilatının fəallarının, əsasən gənclərin ağacəkmə iməciliyində yüksək səviyyədə iştirak etməsi  rayonda yaşıllaşmanın, ekoloji şəraitin daha da yaxşılaşmasına gələcəkdə çox müsbət təsirini göstərəcəkdir.

Ağacəkmə iməciliyinin sonunda Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev əkilən bu ağaclara daimi qulluq edilməsi, müntəzəm suvarılması və onların qorunmasına nəzarət üçün  aidiyyəti qurumlara   tapşırıqlar verdi.