10.05. 2017/22:06; DAŞKƏSƏNDƏ 9 MAY QƏLƏBƏ GÜNÜ MÜNASİBƏTİLƏ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV BÖYÜK VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISINI EVİNDƏ TƏBRİK ETDİ

DAŞKƏSƏNDƏ 9 MAY QƏLƏBƏ GÜNÜ MÜNASİBƏTİLƏ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV BÖYÜK VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISINI EVİNDƏ TƏBRİK ETDİ

9 May – 1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev rayonun Yuxarı Daşkəsən qəsəbəsində yaşayan Böyük Vətən müharibəsi veteranı Əhmədov İdris Kərəm oğlunu yaşadığı evində bayramını təbrik etdi. Əhəd Abıyev qocaman veterana möhkəm cansağlığı arzuladı və veteranların cəmiyyətin əziz, hörmətli insanları olduğunu bildirdi.

Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev xalqımızın Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Böyük Vətən Müharibəsi veteranlarına diqqət və qayğının artırıldığını, onların mədəni-məişət və sosial problemlərinin həlli ilə əlaqədar konkret tədbirlər görüldüyünü diqqətə çatdırdı. Həmçinin onu da qeyd etdi ki, Heydər Əliyevin siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev hər il müvafiq sərəncamları ilə Böyük Vətən Müharibəsi veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin edir, onları daim diqqətdə saxlayır. Yerlərdə də ölkə rəhbərinin tapşırığına əsasən, icra başçıları veteranlara lazımi xidmət göstərirlər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı ilə bu bayram görüşündə Əhmədov İdris Kərəm oğlu Berlinə qədər keçdiyi döyüş yolunu, müharibə illərindəki xatirələrini yada saldı. O, yaralanan zamanı qayğısına Janna adlı bir alman qadınının qaldığını, həmin qayğıkeş alman qadını ilə keçirtdiyi xoş günlərin təəssüratlarını xüsusilə xatırlayaraq dedi: “Heyfsilənirəm ki, onunla əlaqəm kəsilib. Əgər o sağ olsa idi, yaşadığı yeri bilsə idim, mütləq onunla görüşmək istərdim”.

Daha sonra 91 yaşlı İdris Əhmədov ürək arzularını dilə gətirdi: “Bu gün əsas xahişim budur ki, cənab Prezidentimizə mənim salamımı çatdırın. Bizə göstərilən diqqət və qayğıya görə ona dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Sağ olsun, ölkədə sülh, əmin-amanlıq yaradıb. İnsanlar firavan yaşayır. Yaşlılara xüsusi qayğı ilə diqqət göstərilir. Əgər Ali Baş Komandan çağırış etsə Qarabağa döyüşə, mən mütləq bu təşəbbüsə qoşulub, xidmətimi əsirgəmərəm. Allah Prezidentimiz İlham Əliyevə,  xanımı Mehriban Əliyevaya cansağlığı versin, ailəsini xoşbəxt eləsin, ölkəmizdə də sülh bərqərar eləsin.

Hörmətli Başçı, bu gün qonaqlarınızla birgə gəlib mənə bayram təbriklərinizi şəxsən çatdırdığınız, sevincimə daha da xoş ovqat qatdığınız üçün sizə də sağ olun deyirəm. Mənə gətirdiyiniz ərzağa, hədiyyələrə, göstərdiyiniz pul və maddi yardımlara görə ailəm adından, öz adımdan Dövlətimizə minnətdaram”.

Elmar VÜQARLI, Azərbaycan Yazıçılar Birliyinin üzvü