28.04. 2017/21:54; Hacı Quliyev: “Bakının mərkəzindəki erməni kilsəsi əsaslı təmir olunaraq qorunub saxlanılır”

Hacı Quliyev: “Bakının mərkəzindəki erməni kilsəsi əsaslı təmir olunaraq qorunub saxlanılır” 

“Azərbaycan tolerant ölkə olduğunu sözdə deyil, əməldə göstərib. 2016-cı ildə Azərbaycanda “Multikultiralizm ili” elan olunub və bu istiqamətdə bir çox işlər görülüb. Bu gün Azərbaycan dünyaya sübut edib ki, millətindən, dininindən, irqindən asılı olmayaraq, bütün insanlar bir arada xoşbəxt yaşaya bilər.

Bu gün Bakı şəhərinin tam mərkəzində erməni kilsəsi yerləşir və həmin kilsə əsaslı təmir olunaraq qorunub saxlanılır. Çox təəssüf ki, bizim bədnam qonşularımız işğal etdikləri 20 faiz torpaqlarda tarixi abidələri dağıtmışdılar. Amma beynəlxalq təşkilatlar bu vandalizmə göz yumur.”

Bunu bir neçə gün əvvəl Moskva Dövlət Pedaqoji Universitetinin Stavropol filialında keçirilən “Gənclər Müasir Cəmiyyətdə: sosial bərabərliyə, mədəniyyətə və sülhə doğru..” forumunda iştirak edən Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti, Dünya Gənclər Konseyinin Azərbaycan rəhbəri, tanınmış ictimai xadim Hacı Quliyev MDPU tələbəsi “Dünyanın heç bir ölkəsində dini bərabərlik yoxdur və ümumiyyətlə, bu bərabərlik mümkündürmü?” sualına cavab verərkən deyib.

Auditoriyada erməni gəncləri çoxluq təşkil edirdi.

Forumun moderatoru, siyasi elmlər doktoru Aleksandr Masalov ictimai xadimin çıxışına dəstək olaraq, fikrini bildirib və diskusiyanı bağlayıb:

“Bəli, dini bərabərlik mümkündür. Nümunə olaraq Azərbaycanı göstərə bilərəm. Amma çox təəssüf hissi ilə qeyd edək ki, Azərbaycan kimi ölkələr dünyada azlıq təşkil edir.”

Onu da qeyd edək ki, H.Quliyev ilə birgə Stavropola səfər edən DAMM və İNK Xarici Əlaqələr Şöbəsinin müdiri Nəcəf Qənbərov Stavropolda Azərbaycanlıların diaspora fəaliyyətilə yaxından tanış olublar. Onlar başda Ümumi Rusiya Azərbaycanlılar konqresinin sədri, Odlar Yurdu diasporasının prezidenti Fəxrəddin Yarıyev olmaqla, buradakı diasporanın iş fəaliyyətini yüksək dəyərləndiriblər:

“Forum yüksək səviyyədə təşkil olunmuş və Azərbaycandan gələn nümayəndə heyyətinə xüsusi diqqət göstərilmişdi. Bunun üçün MDPU rəhbərliyinə və xüsusilə Stavropol və Dərbənd filiallarının rəhbərləri Natalya Nikolayevnaya və Ruslan Canqiroviçə təşəkkürmüzü bildiririk!”

Qeyd edək ki, H.Quliyev Moskva Dövlət Pedoqoji Universitetinin Ekspertlər Şurasında təmsil olunub. İctimai xadimin forum meydançalarında çıxışları olub və bu çıxışları böyük rəğbətlə qarşılanıb.

Fuad Mədətov