02.02.2017/ 06:06; Yaqub Mahmudov: «Biz İrəvanın verilməsi barədə parlamentə sənəd təqdim etməyə hazırıq»

Yaqub Mahmudov: «Biz İrəvanın verilməsi barədə parlamentə sənəd təqdim etməyə hazırıq»

Maxmudov
«Biz Azərbaycan Demokratik Respublikası dövründə İrəvan da daxil olmaqla ermənilərə verilmiş 9 min kvadrat kilometr torpağın Azərbaycan xalqına qaytarılması ilə bağlı məsələ qaldırmalıyıq». Apa-nın verdiyi xəbərə görə, bunu Milli Məclisin iclasında millət vəkili, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, Azərbaycan Demokratik Respublikası dövründə İrəvan da daxil olmaqla 9 min kvadrat kilometr torpaqlarımız ermənilərə müəyyən şərtlərlə verilib: «Biz bu sənədləri Tarix İnstitutuna xaricdən gətirmişik. Şərtlərə əsasən, azərbaycanlıların bu torpaqlarda yaşaması təmin edilməli idi, Şaumyanın başçılığı ilə bağlı azərbaycanlılara qarşı həyata keçirilən genosid siyasətinə son qoyulmalı idi, ermənilər azərbaycan torpaqları olan Zəngəzur və Qarabağa olan iddialarından imtina etməli idilər. Ona görə də biz Milli Məclisdə bununla bağlı müvafiq addım atmalı və bu torpaqların varisliyi məsələsini qaldırmalıyıq. Biz bütün bu sənədləri parlamentə təqdim etməyə hazırıq».

Y.Mahmudov onu da xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, bu torpaqlar Azərbaycan xalqına qaytarılacaq: «Ona görə də parlament bu torpaqların varisliyi ilə bağlı müvafiq sənəd qəbul etməlidir».