12.01.2017/ 07:42; Avropa Şurasının baş katibi Ermənistanı Azərbaycan hərbçisinin cəsədini vətəninə qaytarmağa çağırıb

Avropa Şurasının baş katibi Ermənistanı Azərbaycan hərbçisinin cəsədini vətəninə qaytarmağa çağırıb
katib

Avropa Şurasının baş katibi Torbyern Yaqland ötən ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində insident zamanı həlak olmuş azərbaycan hərbçisinin cəsədinin dərhal vətəninə qaytarılmasına çağırıb. APA-nın Avropa müxbirinin məlumatına görə, bu barədə Yaqlandın yaydığı açıqlamasında bildirilir.

«Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesində birbaşa da olsa iştirak etmir, lakin ATƏT-in Minsk qrupunun fəaliyyətini ardıcıl şəkildə dəstəkləyir. Bizi münaqişənin humanitar aspektləri narahat edən . Mən bilirəm ki, dekabrın 29-də atəşkəs rejiminin pozulması insan tələfatına səbəb olmuşdur və erməni tərəfi qətlə yetirilən azərbaycanlı hərbçinin cəsədini saxlamaqda davam edir. Bu məsələnin sırf humanitar xarakter daşımasını nəzərə alaraq, tərəfləri atəşkəs haqqında öhdəliklərə hörmət etməyə və 2010-ci ildə yüksək səviyyədə Həştərxan görüşündə əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycan hərbçisinin cəsədini dərhal vətəninə qaytarılmasına təkidlə çağırıram»

Qeyd edək ki, dekabrın 29-də səhər Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərib, lakin bizim bölmələrin pusqusuna rast gəlib. hərbi toqquşma nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, əsgər Qurbanov Çingiz Salman oğlu təxribatların qarşısının alınmasında həlak olub, onun cəsədi düşmənin nəzarəti altında olan ərazidə qalıb. Onun meyitinin qaytarılması üçün müdafiə Nazirliyi Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupunun, o cümlədən də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə rəsmi müraciət edib. Yanvarın 9-də ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsi ilə bağlı qoşunların təmas xəttində ötən ilin dekabrında insident zamanı həlak olmuş azərbaycan hərbçisinin cəsədinin dərhal vətəninə qaytarılmasına çağırıblar.