08.10.2015/06:02; Gənclər daha çox göz infeksiyalarından şikayət edir

12086771_1630198557232236_1199073418_nGənclər daha çox göz infeksiyalarından şikayət edir

İnsanı ətraf mühitə bağlayan əsas orqanlardan biri də gözlərimizdir. Gözümüzün nurunu qorumaq üçün hansı tədbirlər görülməlidir?  Bu orqanla bağlı nələri bilmək vacibdir? Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov ilə göz və göz xəstəlikləri haqqında danışmışıq.

Adətən fəsil dəyişən ərəfədə gözdə müəyyən allergik reaksiyalar gedir. Bu, nə ilə əlaqədardır?

-Fəsillər arasında əsasən yazda gözdə allergiya əmələ gəlir. Məhz bu zaman yaranan konyuktivit — pollinoz konyuktiviti adlanır (latınca pollek-tozcuq). Bu xəstəlik bitki tozcuqları ilə törədilir. Bitkilərin, xüsusilə çöl otlarının, taxıl bitkilərinin, bəzi kol və ağacların çiçəklənməsi zamanı rast gəlinir.

-Onda bu ərəfədə gözlə bağlı  şikayətlər artırmı?

-Fəsil dəyişiklikləri zamanı xəstələr daha çox gözlərdə qaşınma, qızarti, sulanma, gözlərin “zığlanması” şikayətlləri ilə müraciət edirlər. Bu şikayətlərdən başqa ilin bütün dövrlərində gözlərində az görmə, bulanıq və ya dumanlı görmə, yazıları oxuya bilməmək və iynə saplamaqda çətinlik çəkdiyini söyləyən xəstələr də klinikamızda müraciət edir. Həmçinin, diabet xəstələri də adətən öz həkimləri tərəfindən ildə ən azı bir dəfə oftalmoloq müayinəsi üçün yönləndirilir.

Göz xəstəliklərinə əsasən hansı yaşlarda daha çox rast gəlinir?

-Bizə bütün yaş kategoriyasından olan xəstələr müraciət edir . Müraciətdə, uşaqlar adətən az görmə və çəpgözlüklə əlaqədar, orta yaşlı və gənclər — göz infeksiyası və allergiyaları, yaşlı xəstələr isə adətən katarakta, diabetik retinopatiya, hipertoniyaya bağlı göz dibi dəyişiklikləri olan və yazını görməkdə problem yaşayan xəstələr üstünlük təşkil edir.

Gözdə sulanma halları nəyə işarədir?

-Bu halların bir çox səbəbi ola bilər və istənilən halda belə şikayəti olanlar həkim-oftalmoloq tərəfindən müayinə ediləndən sonra səbəbi aydınlaşır. Allergik xəstəliklərlə bağlı sulanma ən çox rast gəlinən hal olsa da, göz yaşı kanalının tıxanıqlığı, korneal və ya konyuktival yad cisimlər və keratit kimi digər göz xəstəlikləri mütləq həkim tərəfindən müayinə edilməlidir. Əks təqdirdə, çox ciddi fəsadlar baş verə bilər.

Gözü infeksiyalardan necə qorumaq lazımdır?

-Şəxsi gigiyena qaydalarına əməl etmək çox mühümdür. Hər səhər üz yuyularkən göz qapaqları və kiprik dibi təmizliyinə diqqətlə yanaşmaq lazımdır. Gözlər üçün istifadə edilən kosmetik vasitələr diqqətlə seçilməli, keyfiyyətindən əmin olmadığınız vasitələrdən uzaq durmağa çalışmalısınız.

Günel Aslanova