28.09.2015/08:07; Ağızdan gələn pis qoxu…

qoxuAğızdan gələn pis qoxu…

Həkim-stomatoloq Yusif Həsənov diş problemləri ilə bağlı sualları cavablandırıb

İnsan orqanizmində daim qulluq tələb edən üzvlərdən biri də dişlərdir. Hazır qidaların qəbulu, çay və qəhvə, keyfiyyətsiz su içilməsi dişlərin bəzən sıradan çıxmasına səbəb olur. Dişlərin sağlam olması üçün onları sadəcə  təmizləməkdən başqa nələri bilmək vacibdir?

Bu haqda  müsahibimiz, Azərbaycan Tibb Universitetinin (ATU) Stomatoloji Klinikasının həkim stomatoloqu Yunis Həsənovla söhbət etmişik.

-Ağız boşluğunda ən çox yayılan xəstəliklərdən biri sayılan kariyes necə əmələ gəlir? Sonradan bu xəstəliyin pulpit, periodontit kimi fəsadlarından necə qorunmaq olar?

— Kariyes əsasən ağız boşluğunda bəlli bölgələrin yaxşı təmizlənməməsi nəticəsində əmələ gəlir. Buna da əsasən diş araları aiddir. Arxa dişlərdə isə çox vaxt dişlərin üzərindəki çökəkliklərdə qida qalıqlarının qalması nəticəsində kariyes əmələ gəlir.

Bu cür problemlərin qarşısının alınması üçün ağız boşluğunun gigiyenasına ciddi diqqət yetirilməlidir. Əgər kariyes artıq əmələ gəlibsə, onda mütləq stomatoloqa müraciət etmək lazımdır.

Kariyesin pulpit, periodontit kimi fəsad hallarına keçməsinə çox vaxt lazımdır. Bunun üçün kariyes inkişaf edib, sinir toxumasına çatmalıdır. Sinir zədələnəndən sonra dişin tərkibində iltihabi proses başlayır. Belə halları önləmək, kariyesin ilkin mərhələsində müalicə edə bilmək üçün hər 6 aydan bir həkim stomatoloqun müayinəsindən keçmək lazımdır.

-Bəzən dişin xarici görünüşündə heç bir dəyişiklik müşahidə olunmur. Amma diş isti, soyuq, turş kimi amillərə reaksiya verir. Bu nədən xəbər verir?

-Bunun bir çox səbəbi ola bilər. Daha çox yayılmış səbəb — dişlərin kontaktında kariyes boşluğunun əmələ gəlməsidir. Bu boşluq xaricdən görünmür, yalnız dental rentgen sayəsində təyin olunur.  Bundan əlavə, bu kimi hallara həm də həssas dişlərdə rast gəlinir. Belə həssaslıq əsasən xüsusi turşuların təsirindən yaranır.  

-Diş məcununun diş xəstəliklərinin qarşısının alınmasına təsiri varmı? Reklamlara inansaq, diş məcunu nə qədər bahalıdırsa, daha keyfiyyətlidir və kariyesin yaranmasının qarşısını alır. Həqiqətən belədir?