07.08.2015/07:34; YAP Daşkəsən rayon təşkilatı idarə heyətinin iclası keçirilib

iclasYAP Daşkəsən rayon təşkilatı idarə heyətinin  iclası keçirilib

Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib. İclasa YAP rayon təşkilatı idarə heyətinin üzvləri, YAP rayon təşkilatı Qadınlar Şurası və Gənclər Birliyi idarə heyətinin üzvləri dəvət olunmuşdular.

İclası açan YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək bildirdi ki, bu günkü iclasımızın gündəliyinə üç məsələ daxil edilmişdir. Birinci məsələ Parlament seçkilərinə hazırlıqla əlaqədar Mərkəzi Seçki Qərargahı  rayon şöbəsinin tərkibinin müəyyənləşdirilməsidir. İkinci məsələ YAP sıralarına qəbulla əlaqədar Daşkəsən şəhər ərazi, Daşkəsən rayon Poçtamtı, Qaratağlar, Qabaqtəpə və Tapan ərazi ilk partiya təşkilatlarından daxil olmuş protokollardan çıxarışın təsdiqi, üçüncü məsələ Gigiyena və Epidemiologiya Mərkəzi, Paylayıcı Elektrik Şəbəkə və Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilk partiya təşkilatlarının fəaliyyətləri barədədir.

Meydanəli Yolçuyev  rayon təşkilatının bütün fəaliyyətinin Heydər Əliyev ideyalarına söykəndiyini bildirərək deyib ki, bütün ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın milli maraqlarını daim üstün tutub. Bu gün ulu öndərimizin siyasi kursu Prezident İlham Əliyevin rəhbərliyi uğurla davam etdirilir, partiyamız yeni inkişaf mərhələsinə qədəm qoyubdur.

YAP bu gün mühüm bir seçki kampaniyasına hazırlaşır. Növbəti Parlament seçkilərində YAP iqtidar partiyası olaraq öz işini daha fəal və güclü qurmaqdadır. Qarşıdan gələn seçkilərdə hər birimizin üzərinə böyük və məsuliyyətli vəzifə düşür.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev daha sonra iclasda Parlament seçkilərinə hazırlıqla əlaqədar Mərkəzi Seçki Qərargahı  rayon şöbəsinin tərkibinin müəyyənləşdirilməsini, onların arasında vəzifə bölgüsün aparılmasını, mobil qrupların yaradılmasını qeyd edibdir.

Təşkilat sədrinin müavini Cavanşir Qocayev isə YAP Daşkəsən rayon təşkilatının fəaliyyətinin əsas prioritetləri haqqında məlumat verib. Qeyd olunub ki, prioritetlər sırasına Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətinin təbliğ olunması, Heydər Əliyev irsinin öyrənilməsi və təbliğ olunması üçün rayon təşkilatında kursların təşkil edilməsi, YAP İcra Katibliyinin tövsiyələrinə lazımi səviyyədə əməl olunması və s. daxildir.

İclasda sonra YAP sıralarına qəbulla əlaqədar Daşkəsən şəhər ərazi, Daşkəsən rayon Poçtamtı, Qaratağlar, Qabaqtəpə və Tapan ərazi ilk partiya təşkilatlarından daxil olmuş protokollardan çıxarışı təsdiq olunmuş, Gigiyena və Epidemiologiya Mərkəzi, Paylayıcı Elektrik Şəbəkə və Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilk partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətlərinin hesabatları dinlənilmişdir.

Sahib Əhmədov