Vətənsiz insan, insansız vətən yoxdur
Vətən – bir millətin uzun illər yaşadığı, adət-ənənəsinin, varlığının, şüurunun, həmrəyliyinin torpağ ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır.Əbəs yerə mövzuya vətən tərənnümü,vətən anlamı ilə başlamadım. Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır.Bu yerdə vətənə həsr etdiyim bir şeirim yadıma düşdü:
Qoy bilsin künclərə dolan qorxaqlar,
Vətən uluların əmanətidir!
Talanıb viranə,qalan torpaqlar
Düşmənin bizlərə xəyanətidir!
İnsan mənəviyyatını müəyyən edən, zənginləşdirən önəmli əxlaqi prinsiplərdən biri də xalq və vətən sevgisidir. Nahaq yerə “ana vətən”sözü işlədilmir. Vətən ana qədər sevilməli, ana namusu kimi qorunmalıdır. İnsanı ucaldan onun dəyərini artıran bu qəbildən vətən sevgisidir.Hər bir xalqın fərdi qəlbində millət, xalq və dövlət sevgisi yaşayır. Vətən, yurd sevgisi bir tək insanlara məxsus deyil, yaradılan bütün canlılarda bu hiss vardır. Heyvanlar, quşlar öz yuvalarını sevir, onları qoruyurlar. Qışda isti ölkələrə köçən quşlar belə havalar istiləşdikcə on km-lərlə yolu qət edib geriyə, vətənlərinə dönürlər. Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Vətəni və vətəndaşı sevmək böyük bir əxlaqi keyfiyyətdir. Dinimizin əmri, Uca Rəbbimizin razı qaldığı əməldir.Rəvayətlərdən birində “Vətəni sevmək Allaha imandandır” buyurulmuş, vətən sevgisinin əhəmiyyəti ön plana çəkilmişdir. Qəlbində Allaha imanı olan hər bir kəsin xalqına və vətəninə də sevgisi olacaqdır.Əks təqdirdə bu sevgi kamil sayılmır.
Bir hədisdə vətənini qorumağın əhəmiyyətini bildirən Həzrəti Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Sərhəd boyunca vətəni qoruyan gözləri cəhənnəm atəşi yandırmayacaqdır,
Allahın razılığı üçün vətən sərhədlərini qoruyanlara isə daim savab yazılacaqdır.”
Xalq – müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir. Müxtəlif millətlərin fərqli insanları bir bayraq altında, eyni qanunlarla yaşayır, eyni hüquqlardan istifadə edir.Vətən qarşısında eyni məsuliyyəti daşıyır. Xalqın, millətin üzvü olmaq hansısa bir dildə danışmaq, hansısa bir dinə mənsub olmaq demək deyildir. Hər bir insan mənsub olduğu millətin, xalqın mənəvi dəyərlərini bilməli, onları qətiyyən unutmamalıdır.
Vətən məhfumunun olduqca rəngarəng çalarları olduğu kimi,vətənpərvərliyin də dərin və tarixi kökləri vardır. Bir insanın yurduna, xalqına, öz dilinə, yaxşı adət və ənənələrinə olan sevgisi,məhəbbət və səadətin ifadəsi kimi meydana gəlmişdir.
Vətəndaşlıq borcu və məsuliyyəti bir neçə insanların problemlərinə məsuliyyətli yanaşmaqdan ibarət deyil,ümumilikdə ölkənin,xalqın, adamlarının taleyi üçün hər şeyə vətəndaşlıq gözü ilə baxmaqdan ibarətdir. Qeyd edək ki, gənclərin təlim-tərbiyə və təhsil məsələlərinə diqqət artırma bu günlərdə daha böyük aktuallıq kəsb edir. Çünki Müstəqil Azərbaycan dövlətinin gələcəyi, onun xoşbəxt taleyi bu günkü gənclərin təlim-tərbiyəsindən xeyli aslıdır. Hazırda hər bir adam vətəndaşlıq borcunu başa düşməli, ən yüksək vətənpərvərlik nümunəsi göstərməlidir. Vətəni sevmək, onun çiçəklənməsi ucun çalışmaq, zəruriliyi haqqında inam yaratmağa digər tərəfdən isə Vətəni qorumaq, onun düşmənlərinə nifrət hissi oyatmağa imkan verir. Eləcə də Qarabağı Azərbaycandan ayırmaq mümkün deyil, çünki vahid bölünməz!
Tarixin ən qədim dövrlərindən Qarabağ Azərbaycanın üzvü bir hissəsi, başının tacı, ürəyinin döyüntüsü, dilinin nəğməsinin ahəngidir. Vətən hamımızındır. Vətən təkcə mənim evim deyil, milyonların evidir. Mənim möhkəm əqidəmə görə, bütün dünyanın dəyərli adamı olmaq üçün ilk növbədə öz vətəninin vətəndaşı olmalısan. Necəki,deyərlər:Vətən daşı olmayandan,olmaz ölkə vətəndaşı.
Vətən bizim üçün müqəddəs olduğu kimi vətənimizin atributları da bizim üçün müqəddəsdir.
Bayrağımız qanımızı rənginə qatdığımız, xalqımızın parlayan ulduzu, göylərdə dalğalanan nazlı, şanlı hilallı bəzəyidir. O, altında doğulub, kölgəsində öldüyümüz uca dəyərimizdir. O olmadan nə azadlıqdan, nə müstəqillikdən, nə də dövlət və millət kimi varlığımızdan söz etmək mümkundür.
Vətən gerbi dövlətimizin, xalqımızın azadlığının, müstəqilliyimizin şanlı simvoludur. Gerbimiz bayrağımız qədər qəlbimizdə qürur oyadır. Dövlət gerbimiz xalqımızın igidlik dastanı, şanlı əcdadlarımızın köksünü qabardan iman gücü və qüdrət əsəridir. Gerbimizə diqqət etsək, bir qalxanı xatırladan simvol dövlətimizin sülhsevər dövlət olduğunu nəzərə çatdırır. Bizim heç kimin torpağında gözümüz yoxdur, başqaları da bizim torpaqlara göz dikməməlidir. Əgər belə olarsa xalqımız bir qalxan kimi vətənimizin müdafiəsinə qalxacaqdır.
Vətən himni gözlərimizi yaşardıb, qəlbimizi kövrəldən analarımızın laylası, nənələrimizin ninnisidir. Himnimiz xalqımızın güc və güdrət nərəsidir. Buna görə də himn oxunurkən hörmət əlaməti olaraq ayağa qalxılır, hamı bərabər oxuyur. Onun verdiyi güc ilə başımız dikəlir. Himnimizin hər bir misrası və hər bir kəlməsi qəhrəman ata – babalarımızın bizə misli bərabəri olmayan əmanətidir. Ona hörmət bəsləmək, onun ruhunu və idealını qəlbimizdə yaşatmaq ən müqəddəs vəzifəmizdir!
Tarix heç vaxt unudulmur,vətən tarixi isə daim araşdırılaraq yenilənir.Tarixdə bir sıra dahi şəxsiyyətlələrimiz vətəni tərənnum edən şeirlər,tarixi faktlar yazaraq bir növ vətənə öz xidmətlərini göstərməyi özlərinə mənəvi borc biliblər.Bunlardan biri də Nizami Gəncəvidir.O, yaratdığı bir çox əsərlərdə təsvir etdiyi bütün hadisələri Azerbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışaraq,yaradıcılığını vətən məhəbbəti,doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşdirmişdir.
Uğrunda ölən varsa torpaq daha geniş və dərin məna kəsb edir, müqəddəsləşir- canimiz, qanimiz, anamız dediyimiz vətən anlamına gəlir.Torpaq uğrunda ölmək, torpağı müqəddəs yurd yerinə çevirməkdir. Torpaq uğrunda ölmək şəhidlik zirvəsinə yüksəlməkdir. Şəhidlik zirvəsinə yüksəlmək əbədi məşələ dönməkdir. Azərbaycanin milli qəhrəmanları Mehdi Abbasov, Soltanağa Bayramov, Salatın Əsgərova, Alı Mustafayev,Çingiz Mustafayev və başqaları vətən yolunda Azərbaycanın bütövlüyü, torpaqlarımızın toxunulmazlığı uğrunda bu günümüzün, gələcəyimizin xoşbəxtliyi, səadəti naminə erməni faşistləri ilə qanlı döyüşlərə atılaraq, Azərbaycanın şöhrətini ucalmış, vətənin adını eldən- elə yayaraq, öz igidliyi,vətənpərvərliyi,torpağa bağlılığı ilə xalqımızın böyüklüyünü, məğlubedilməzliyini, döyüşkənliliyini bir daha təsdiq etmişlər. Onlar damarlarındakı axan türk qanının təmizliyinin, saflığının bu qana hopmuş qeyrət və igidlik hisslərinin tükənməz və sonsuz olduğunu açıb göstərərək,vətən sevgisinin hətta insan canından belə üstün olduğunu sübuta yetirmişlər.Bu qəbildən Kamil Rzayev, Məhərrəm Seyidov Aqil Quliyev, Asif Səmədov kimi milyonlarla adını çəkə bilmədiyim qəhrəman oğullarımız var. Onların hamısı bizim üçün əziz və unudulmazdır.
Bu gün Azərbaycan səmasında səslənən azan səsləri şəhid harayları üstündə köklənib. Ana yurdun keşiyini çəkir, şəhid qəhrəmanların ruhları. Onların hər birinin xatirəsi könülləri sızladır, sinələri göynədir. Lakin ağlamırıq, əyilmirik. Bir həqiqət də var ki, bu oğullar tək bir ailənin deyillər, onlar bütöv Azərbaycana məxsusdurlar.Bu ülviyyətə yetişmək, cənnət zirvəsinə ucaltmaq deməkdir.
Xocalı qırğını dövründə erməni faşistlərinin törətdikləri bu qanlı cinayətlərin üstünü açmaq,onu dünya xalqlarına çatdırmaq üçün Milli qəhrəmanımız Çingiz Mustafayevin vətənpərvərlik uğrunda gördüyü işlərdən danışmasam onda mən jurnalist olmaram!
Çingiz Mustafayev Qarabağ müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsil salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əsgər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərə onun geri qayıtmaq barədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə,Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.
Dost deyib, süfrəmizin başında əyləşdirdiklərimizin torpaqlarımıza təcavüzü başlayanda Çingiz də mübarizəyə qalxdı. Bir həkim kimi cəbhədə neçə-neçə yaralını yenidən həyata qaytarmaq üçün biliyi, silaha sarılıb vuruşmaq üçün boyu-buxunu, güc-qüvvəti də vardı. Lakin o başqa bir yol tutdu. İnformasiya blokadasında boğulan xalqa düzgün, obyektiv informasiya lazım idi. Ədalətsizlik, xəyanət, özbaşınalıq, haqqımızda danışılan yanlış informasiyalarla barışa bilmədi Çingiz. Gözü kameranı tutdu, Qarabağa yollandı. Vəzifəsini və məsuliyyətini gözəl dərk edən Çingiz cəbhəyə təkcə jurnalist-operator kimi deyil, həm həkim, həm döyüşçü, bir sözlə, əsl Azərbaycan oğlu kimi yollandı. Ən başlıca məqsədi isə Qarabağ həqiqətlərini «kar» olmuş qulaqlara bağırmaq, “kor” olmuş gözlərə soxmaq oldu. Getdi… Həqiqəti bəşəriyyətə çatdırmaq, neçə-neçə döyüş səhnələrini, sapı özümüzdən olan baltaların xəyanətlərini, ən dəhşətlisini, Xocalı soyqırımını tarixin qan yaddaşına yazmaq üçün!..
1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşayacağına işarə idi.
1993-ci ildən Azərbaycanın Milli qəhrəmanı olan Çingiz Mustafayevə tanrı aman, əcəl, möhlət versəydi nələr edəcəkdi! Lakin qısa ömür yolunda şərəfli ölüm düşdü qismətinə. Şəhidlik zirvəsinə yüksəldi, öz ölümüylə Vətənə olan sevgisini sübut etdi, övladlıq borcunu verdi Vətənə, ölməzliyə qovuşdu. Haqq-ədalət carçısı kimi indi kiçikli-böyüklü, hamımızın yaxşı tanıdığı bir ad qoyub getdi: Çingiz Mustafayev…
Çingiz Mustafayevin fədakarlığı sayəsində xarici jurnalistlər baş vermiş qırğın yerinə getmiş və ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə görmüşdülər.
Onlardan bir fransız jurnalist demişdi ki,mən müharibələr,alman faşistlərinin qəddarlıqları haqqında çox şey eşitmişəm.Lakin 5-6 yaşlı uşaqları,dinc əhalini qırmaqda ermənilər onları ötüb keçmiş,arxada qoymuşlar.
Dünyada erməni qəddarlığı,erməni vəhşiliyi deyilən bir qorxu var.Bu faşizm qorxusundan daha dəhşətlidir!
Biz də çalışmalıyıq ki, xalqını,millətini sevən,Vətənin hər qarışını göz bəbəyi kimi qoruyan belə igid qəhrəmanlarımızdan nümunə götürərək,Cavanşirləşləşək, Babəkləşək, Beyrəkləşək, Cavadlaşaraq, Eldar Hüseynov kimi, Yusif Mirzəyev kimi, Vəzir Orucov kimi, Çingiz Mustafayev kimi torpaqlarımızı qorumaq üçün öz taleyimizi deyil, vətənin taleyini yaşayaq!.. Bunu bizdən Ağdam tələb edir, musiqimizin beşiyi Şuşa, Laçın, Fizuli, Qubadlı, Kəlbəcər, Zəngilan, Xocalı şəhidlərinin ruhu tələb edir. İllər keçəcək bunu qoca tarix özü də sübut edəcək. Azərbaycanın azadlığı uğrunda erməni faşistləri ilə qəhrəmanlıqla vuruşan oğullarımızı xalq yaşadacaq. Vətən yolunda, torpaq yolunda, qələbə uğrunda döyüşən, şəhid olan övladlarını unutmağa haqqımız yoxdur. Böyük şairmiz Səməd Vurğun gözəl deyib:
Unutmaz tarixin böyük günləri
Dünyaya mərd gəlib mərd gedənləri
Dürdanə Abbasqızı





