20.05.2015/ 08:13; Ailədə uşaqların tərbiyə metodikası

ekspert-haci-quliyev (1)Ailədə uşaqların tərbiyə metodikası

Ailə məsələləri üzrə ekspert Hacı Quliyev ailədə uşaqların tərbiyə metodikası ilə bağlı maraqlı açıqlamsıyla diqqət çəkib.

«Kür» İnformasiya Agentliyinin məlumatına görə, ekspert ANS telekanalında yayımlanan “İncə maraqlar” verilişində qonaq olarkən valideynlərin övladlarıyla davranışı ilə bağlı fikirlərini bölüşüb. O, valideynlərin övladlarıyla dost olmasını xüsusi vurğulayıb:

“Cəmiyyətimiz üçün tam yararlı bir övlad yetişdirməliyik. Valideyn övladı ilə dost olarsa, övlad da bütün dərdini-sərini, sirrini valideyni ilə bölüşər. Valideyn də bundan istifadə edərək, övladını düzgün istiqamətləndirər. Valideyn övladının seçiminə laqeyd yanaşmamalıdır. Məsləhətləşərək, uşağın həvəsi istəyi hansı istiqamətədirsə (yaradıcılıq, incəsənət, idman dərnəkləri, universitetetlər və s.), orada yönləndirməyə çalışmalıdır.”

Ailədə uşaqların cəzalandırılmasına toxunan H.Quliyev qeyd edib ki, tərbiyə metodikasında güc tətbiq olunmamalıdır.

“Uşaq psixikası deyilən bir anlam var. Uşaqları müəyyən üsullarla cəzalandırmaq olar. Yəni ki, güc tətbiq olunması düzgün deyil. Sadəcə söhbət mənəvi tərbiyədən gedir. Uşaqları nə qədər sıxsaq, nə qədər qorxuzdursaq, onlar cəmiyyətə hazır olmurlar və onlar özlərini hər dəfə döyüləndə, özlərini cəmiyyətdə tam yetkinli insan hesab etmirlər. Düşünürəm ki, hər bir uşaqda lider xüsusiyyətlərrini yetişdirməliyik. Uşaqlara dəyməyin, toxunmayın deyirik. Amma bu o demək deyil ki, valideynlər uşaqlarını özbaşına buraxsınlar. Onları həyata düzgün hazırlamaq lazımdır. Yaponlar deyirlər ki, əgər uğura gedən yolda maneə yoxdursa, maneələri süni şəkildə yaratmaq lazımdır. Məsləhətim odur ki, uşaqların tərbiyəsində süni şəkildə müəyyən maneələri yaratsınlar ki, onlar həyata tam hazır formada hazır olsunlar. Valideynlər övladlarını uşaqlıqdan əməyə alışdırmalıdır. Hər şey uşağa asanlıqla başa gəlməməlidir.”

Ekspert onu da əlavə edib ki, dünyanın heç bir ölkəsində Azərbaycan ailə tərbiyə metodikasında olduğu kimi mənəvi dəyərlərlə uşaqları tərbiyə etmirlər:

“Biz fəxr etməliyik ki, uşaqlarımız böyüyə hörmət, kiçiyə diqqət edirlər. Təəssüfər olsun ki, bəzi ailələrdə milli mənəvi dəyərlərə uyğun düzgün tərbiyə metodikasını bilmirlər. Bu daha çox əyalətlərdə yaşayan ailələrdə rast gəlinir. Təbii ki, şəhərdə yaşayan bəzi valideynlər də bu metodikaları bilmirlər. Mütləq uşaqları düzgün tərbiyə etmək üçün psixoloqa müraciət etsələr, yaxşı nəticəyə nail olarlar.”

Fuad Mədətov