04.03.2015/20:52; YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilmişdir

genclerYAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin  IV  konfransı keçirilmişdir

Bu gün YAP Daşkəsən rayon təşkilatı gənclər birliyinin IV  konfransı keçirilmişdir. Gənclər birliyi  özlərinin ali məclisinə mütəşəkkil hazırlıqla və ruh yüksəkliyi ilə gəlmişdilər. Ötən konfransdan keçən dövr ərzində görülən işlər, əldə olunan nailiyyətlər və uğurlar onların hər birini sevindirirdi.

YAP Daşkəsən rayon təşkilatı gənclər birliyinin IV  konfransı Xoşbulaq kəndində ötən il gənclərin istifadəsinə verilmiş Gənclərin təlim və istirahət mərkəzində öz işinə başlamışdır. Hesabat məruzəsi ilə YAP Daşkəsən rayon təşkilatı gənclər birliyinin sədr müavini Vüqar Məmmədov çıxış etmişdir. Məruzəçi öz çıxışında bildirmişdir ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Müstəqil Azərbaycanımızda aparılan gənclər siyasəti bu gün də öz müsbət nəticələrini verməkdədir. Ulu Öndər gənc nəslə öz qayğısını əsirgəməmiş, gənclərin ictimai-siyasi həyatda fəal iştirak etməsini, onların sosial ehtiyaclarını, yüksək səviyyədə təhsil almalarını, asudə vaxtlarını səmərəli keçirmələrini, hüquqlarının müdafiəsini, ümumiyyətlə, gənclərin hərtərəfli inkişafını təmin etmişdir.

Gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında, ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub.

Ulu Öndərin hakimiyyətə qayıdışından sonra gənclərlə bağlı həyata keçirilən siyasətin xronoloji ardıcıllığına nəzər salsaq, görərik ki, ötən illər ərzində istər Ümummilli Lider Heydər Əliyev, istərsə də onun layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və birbaşa təşəbbüsü ilə geniş miqyaslı tədbirlər həyata keçirilmiş və gənclərlə bağlı problemlərin çoxu öz müsbət həllini tapmışdır.

Çıxışına davam edən Vüqar Məmmədov daha sonra demişdir ki, bu gün gənclərimiz bütün məsələlərlə bağlı dövlətçiliyimizi müdafiə edir, özünün siyasi mövqeyini ortaya qoyur. Eyni zamanda, gənclər dövlət başçısının həyata keçirdiyi siyasətə öz dəstəyini Yeni Azərbaycan Partiyasına üzv olmaqla nümayiş etdirirlər. Təsadüfi deyil ki, 650 min nəfərə yaxın üzvü olan partiyamızın böyük bir hissəsini gənclər təşkil edir. YAP sıralarına yeni qoşulanların arasında gənclərimiz daha çoxdur.

YAP Daşkəsən rayon təşkilatı Gənclər birliyinin də boy sırası ilbəil artmış və bu gün 550 nəfər gənci öz sıralarında birləşdirmişdir. Onlardan 211 nəfəri qadın, 339 nəfəri isə kişilərdən ibarətdir. Eyni zamanda 141 nəfəri ali, 85 nəfəri orta-ixtisas, 325 nəfəri isə orta təhsillidir.

Ümumiyyətlə, partiya rəhbərliyinin dəstəyi ilə ardıcıl olaraq müxtəlif layihələr həyata keçirilir. Bu baxımdan, «Yay məktəbi» və «Qış məktəbi» layihələrini qeyd etmək istəyirəm. Həmin layihələr çərçivəsində gənclərin asudə vaxtları, istirahətləri yaxşı təmin edilir, eyni zamanda onların ölkəmizin ictimai-siyasi xadimləri, millət vəkilləri, hökumət nümayəndələri ilə də görüşləri təşkil olunur. Məlumat üçün bildirim ki, rayonumuzu təmsil edən gənclərimiz  də hər il bu layihələrdə aktiv iştirak edərək fərqləndirici sertifikatlar və hədiyyələr almışlar.

Həmçinin Heydər Əliyev Mərkəzində keçirilən tarix dərsləri ümummilli liderimizin həyat və fəaliyyətini daha dərindən öyrənməyə, ölkə tarixini daha yaxşı mənimsəməyə səbəb olmuşdur. Eyni zamanda bu müqəddəs məkanda gənc ailələrin öz nigahlarını qeyd etmələri artıq bir ənənə şəklini almışdır.

Məruzəçi onu da bildirmişdir ki, YAP-da yüksək intellektli gənclər birləşib və müqayisə etsək, müxalifət düşərgəsində toplaşan azsaylı gənclər bizim gənclərdən intellekt cəhətdən çox-çox aşağıdır. Bütün hallarda YAP-ın üzvü olan gənclər sosial şəbəkələrdə qarşı tərəfin iddialarına tutarlı şəkildə cavablar verirlər.

Ümumiyyətlə, Azərbaycan gəncliyinin mütləq əksəriyyətinin mövqeyinin nədən ibarət olduğunu bilirik. Bu mövqe ondan ibarətdir ki, gəncliyimiz Heydər Əliyev siyasətini birmənalı şəkildə dəstəkləyir. YAP Gənclər Birliyi də öz fəaliyyətində Prezident cənab İlham Əliyevin siyasətinin uğurlarını təbliğ etməyi özünün başlıca vəzifəsi hesab edir və bu işin öhdəsindən layiqincə gəlməyə çalışır.

Bu gün Heydər Əliyev siyasi kursunu layiqli şəkildə uğurla davam etdirən Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev də gənclər siyasətinə böyük ümidlərlə və diqqətlə yanaşır.

16 noyabr 2012-ci il tarixdə Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimdə hörmətli Prezidentimiz cənab İlham Əliyev çıxış edərkən demişdir :

— Mən çox şadam ki, partiyamız bu gün də inkişafdadır. Əlbəttə, mən çox sevinirəm ki, partiyamızın sıraları genişlənir. Eyni zamanda, gənc nəslin partiyamıza axını məni çox sevindirir. Yəni, partiyamızın ideyaları, partiya üzvlərinin hərəkətləri, bizim ciddi siyasi məsələlərin həllində rolumuz, eyni zamanda, beynəlxalq nüfuzumuz cəmiyyətimizin üzvlərini partiyaya daxil olmaq üçün həvəsləndirir.

Ötən dövr ərzində YAP Daşkəsən rayon təşkilatının Gənclər Birliyi də rayonun ictimai-siyasi həyatında fəallıq göstərmişdir. Belə ki, bu müddətdə ölkədə keçirilmiş prezident, parlament, və bələdiyyə seçkilərində namizədliyi YAP tərəfindən irəli sürülənlərin əhali arasında təbliğatını fəal gənclərimiz də aparmış və bu da Yeni Azərbaycan Partiyasının namizədlərinin seçkilərdə birmənalı şəkildə qalib gəlməsində öz təsirini göstərmişdir.

Qeyd etməyi özümə borc bilirəm ki, bu gün yaşadığımız Daşkəsən rayonu təkcə Azərbaycana deyil, bütün dünyaya səs salıb. Dünyanın ən böyük qızıl, dəmir, alunit filiz yataqları Daşkəsən rayonunun ərazisində yerləşir. Azərbaycanın bütün regionları kimi, Daşkəsən rayonu da sürətli inkişaf dövrünü yaşayır.

Böyük hörmət və ehtiramla bildirmək istəyirəm ki, ötən müddət ərzində Daşkəsən rayonunda əbədiyaşar Ulu öndərimiz Heydər Əliyevin müdrik ideyalarına, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çox uğurlu daxili və xarici siyasətinə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhəd Abıyevin rəhbərliyi altında böyük ideoloji təminat yaradılmışdır.

Məhz ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı çox hörmətli Əhəd Abıyevin birbaşa rəhbərliyi ilə ötən dövr ərzində rayonumuzda misli görünməmiş tikinti, quruculuq, abadlıq işləri aparılmışdır. Görülən işlərin miqyası o qədər böyükdür ki, onları sadalamaq uzun bir vaxt aparardı.

Bu gün rayonumuzun yeni siması müasir Avropa şəhərlərini xatırladır.

Qısaca olaraq qeyd edim ki, bu müddət ərzində onlarla məktəb, uşaq bağçaları, səhiyyə obyekti, inzibati və yaşayış binaları tikilmiş, rayonun tarixində heç bir vaxt asfaltlanmamış ucqar kənd yollarına yüksək keyfiyyətli asfalt örtük çəkilmiş, müasir körpülər inşa olunmaqdadır. Bu işlər bu gün də uğurla davam etdirilməkdədir. Bunu bu gün tədbirimizi keçirdiyimiz bu möhtəşəm bina haqqında da demək olar. Məhz bütün bunlar biz gənclərə yaradılan şəraitin əyani sübütudur.

Fürsətdən istifadə edərək biz gənclərə göstərilən bu cür diqqət və qayğıya görə  ölkə rəhbəri, Prezident cənab İlham Əliyevə rayon gəncləri adından öz dərin minnətdarlığımızı bildirir, çox sağ olun deyirik.

Gənclər birliyinin sədr müavini V.Məmmədov daha sonra qeyd etmişdir ki, 2014-cü ilin  oktyabr ayının 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  xanımı Mehriban Əliyeva ilə birlikdə Daşkəsən rayonuna unudulmaz tarixi səfər etmişlər.

Həmin səfər zamanı  ölkə rəhbəri öz xanımı ilə birlikdə əsaslı təmir edilmiş Heydər Əliyev Mərkəzində olmuş, Daşkəsən rayon İcra  Hakimiyyətinin yeni inzibati  binasının, Avtovağzal kompleksinin,  Gənclərin təlim və istirahət mərkəzinin  açılışında iştirak etmişdir.

Səfər bütün daşkəsənlilərin böyük sevincinə səbəb olmuş, onların  yaradıb-qurmaq əzmini daha da artırmışdır.

Biz gənclər rayonumuzda görülən bu işləri alqışlayırıq. Bildirirəm ki, rayon rəhbərliyi tərəfindən biz gənclərə böyük inam və etimad vardır. Gənclər həmişə məsul vəzifələrə irəli çəkilirlər. Bu etimad bizi yeni-yeni nailiyyətlərə və təşəbbüslərə ruhlandırır.

İndi ölkəmiz bir sıra Avropa ölkələrinə və qonşu dövlətlərə dostluq, qardaşlıq qayğısı göstərir. Bu inkişafa, qazanılan beynəlxalq şöhrətə görə biz gələcəyin qurucusu, gənclər olaraq ümummilli liderimiz Heydər Əliyevə borcluyuq. Bu borcu biz onun siyasi kursunun ən layiqli davamçısı, dünya şöhrətli Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşməklə, Vətənə, torpağa öz sədaqətimizlə qaytarmalıyıq.

Məruzəçi çıxışının sonunda bildirdi ki, gənclər adından Müstəqil Azərbaycanın qurucusunu və memarı olan Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevi əmin edim ki, biz gənclər Vətəni, torpağı sevməkdə Ulu öndərimizin şəxsi nümunəsindən bəhrələnəcək, onun yüz illərə hesablanmış ideyalarının qalib gəlməsində mübariz ideoloji döyüşçülər olacağıq.

YAP Daşkəsən rayon təşkilatı gənclər birliyinin IV  konfransında Vüqar Məmmədovun hesabat məruzəsi dinlənildikdən sonra təşkilati məsələlərə baxılmış, Respublika Konfransına nümayəndələrin seçilmiş,Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyini IV Konfrans Nümayəndələrinin müraciəti qəbul olunmuşdur.

Konfransda Çanaqçı ərazi ilk partiya təşkilatının sədri Yusifov Arzuman, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP Mərkəzi Aparatınnın məsul işçisi Rafael Gülməmmədov, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Namiq Süleymanov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev çıxış etmişlər. Natiqlər gənclərə ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən danışmış, hər birinə Heydər Əliyev ideyalarına sadiq qalaraq ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırmışlar.

Konfransın sonunda YAP sıralarına qəbul olunmuş gənclərə partiyanın üzvlük vəsiqələrini təqdim etmişlər.

 Sahib Əhmədov, Respublika Jurnalistlər Birliyinin üzvü