27.02.2015/09:05; Daşkəsəndə Xocalı soyqırımı dərin hüznlə qeyd olundu

1 (7)Daşkəsəndə Xocalı soyqırımı dərin hüznlə qeyd olundu

Daşkəsən rayonunda Xocalı soyqırımı həmişə olduğu kimi, bu il də dərin hüznlə, böyük kədərlə qeyd olundu. Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyevin sərəncamı əsasında hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində, idarə, müəssisə və təşkilatlarında, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə anım tədbirləri keçirilmişdir.

Daşkəsənlilər təşkil olunan anım tədbirlərində erməni vəhşiliyinə, ötən əsrin ən amansız soyqırımına öz kəskin etirazlarını bildirmişlər.

Xocalı faciəsi ilə bağlı ümumrayon anım tədbiri Daşkəsən rayonundakı Şəhidlər Xiyabanından başladı. Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev və rayon ictimaiyyəti fəalları Şəhidlər Xiyabanında abidə kompleksinin və torpaqlarımızın azadlığı , toxunulmazlığı uğrunda canından keçmiş şəhid qəbirlərinin üzərinə tər-çiçək dəstələri düzdülər.

Sonra Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev Şəhidlər Xiyabanını ziyarətə gələn şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, eləcə də ictimaiyyət nümayəndələri ilə görüşmüş, onların ehtiyac və qayğıları, problemləri ilə maraqlanmışdır.

Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyev demişdir : Milli Məclisin müvafiq qərarına əsasən 26 Fevral Xocalı soyqırımı günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinin dünya miqyasında tanıdılması üçün görülən tədbirlər geniş vüsət almışdır. Məhz Heydər Əliyevin hakimiyyəti dövründə Xocalı soyqırımına siyasi, hüquqi qiymət verilərək, faciənin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı mühüm işlər görüldü. Hamımıza yaxşı məlumdur ki, Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu məsələdə Azərbaycana verilən beynəlxalq dəstək ildən-ilə daha da güclənir. Dövlət başçısı Azərbaycanın milli probelmlərinin beynəlxalq səviyyədə çatdırılmasına, erməni vandalizminin ifşasına xüsusi diqqət ayırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi altında  «Xocalıya ədalət» kampaniyası ötən illər ərzində diqqətçəkən uğurlara nail olmuşdur.

Dünyanın ən böyük şəhərlərində, beynəlxalq tribunalarda xocalıların haqq səsi eşidilməkdədir.

Belə ki, dünyanın bir sıra parlamentlərində bu faciəyə soyqırım kimi qiymət verilir, ermənilərin vəhşiliyi nifrətlə qınanılır. Hamımıza məlumdur ki, Ermənistanın indiki Prezidenti Serj Sakisyan bu soyqırımı törədənlərdəndir.

Xocalı soyqırımı 23 ildir ki, qəlbində millətə, xalqa, vətənə hörmət gəzdirən hər bir insanın ürəyini göynədir. Bu yara sağalmazdır. İllər keçsə də biz xain düşmənin bu xəyanətini müstəsna dərəcədə qəddarlıqla törətdiyi soyqırımı unutmayacağıq və bunu unutmağa heç birimizin mənəvi haqqımız da yoxdur.

Hər biriniz yaxşı bilirsiniz ki, ömrü boyu torpağı, vətəni olmayan ermənilər bir qarış torpaq üçün  ən dəhşətli vəhşiliklər etməyə həmişə hazırdır. XVI əsrin ortalarından bu günə qədər onlar “Böyük Ermənistan” adlı bir xəstəliyə tutulublar.

Yer kürəsində çox müharibələr baş veribdir. Bu müharibələrdə ermənilərin törətdiyi vəhşiliklər, amansızlıqlar qədər heç birində belə hadisələr qeydə alınmayıb. Ermənilər müharibə aparanda ölmüş insanların cəsədləri üzərində vəhşicəsinə rəftarları ilə dinc sakinləri qorxutmuş, ev-eşiyi, yaşamaq üçün əhəmiyyət kəsb edən bütün varlıqları məhv etmişlər. Buradan görünür ki, erməninin davası torpaq davası, Azərbaycan torpaqları hesabına yaratdıqları “dövlətin” ərazisini genişləndirmək istəyidir.

Xocalı soyqırımını tarixçilər Belarusda Xatın, Vyetnamda Sonqmi, Almaniyada Holokost, Yaponiyada Xerosima və Naqasaki faciələri ilə müqayisə edir və Xocalı soyqırımının bunların içərisində ən dəhşətlisi olduğunu bildirirlər. Bu faciədən 23 il keçməsinə baxmayaraq onun dəhşətləri hər birimizi yandırır.

Neçə ki, Azərbaycanda ulu öndərimizin uzun illərə hesablanmış siyasətinə xalq tərəfindən  dəstək, böyük inam var, Xocalı soyqırımı beynəlxalq aləmdə öz real qiymətini alacaqdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasət, hücum diplomatiyası vətəndaş olaraq bizim hər birimizdə böyük inam yaradır. Artıq Pakistan, Meksika, Kolumbiya, Çexiya, Rumıniya parlamentləri və ABŞ-nın bir sıra ştatları Xocalı soyqırımını tanımışdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Rayon İcra Hakimiyyətinin Başçısının qısa söhbətindən sonra mərasim iştirakçıları rayon mədəniyyət evinin foyesində Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə və bu faciədən bəhs edən kitablara baxış keçirmişlər.

Sonra anım tədbirinə toplaşanlar A.Mürsəlov adına 2 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları “Xocalı harayı” ədəbi-bədii kompozisiyasına tamaşa etmişlər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev tədbirin sonunda bu qanlı faciə barədə tədbir iştirakçılarına geniş məlumat verdi.

Respublika Jurnalistlər Birlyinin üzvü Sahib Əhmədov, Daşkəsən rayonu