18.06.2011/11:32; Gəncənin yaşı və «Gəncə» sözünün etimologiyası

Tariximiz haqqında nə bilirik?

Gəncənin yaşı və «Gəncə» sözünün etimologiyası

 

Həyatdan vaxtsız köçmüş gənc alim Fərrux Əhmədov özünə əvəz, Azərbaycan tarixinin qaranlıq səhifələrinə işıq saçan sanballı bir abidə qoyub getmişdir. Bu «Gəncənin tarix yaddaşı» kitabıdır. Kitabda Gəncənin uzaq keçmisindən ta XX əsrin ilk onillikiərinədək olan dövrünün tarixi-etnoqrafik mənzərəsi öz əksini tapmışdır.

Kitab nəinki elm adamları, həmçinin geniş oxucu kütləsi üçün də son dərəcə maraqlıdır.Yeri gəldikcə kitabdan müəyyən parçaları “Kür” İnformasiya Agentliyinin oxucularının nəzərinə çatdıracağıq.

Yükünü çəkir qoca tarix yol gedir. Tale arxından axan su kimi fələyin çərxini fırladır. Böyük yaradan fələyin çərxindən keçən suyu Vətən torpağına bağlayır. Bu su zaman-zaman ulu torpağın canına çökür., çökür; çökdükcə səs çatmayan, ün yetməyən dərin qatlarda nə qədər sirrlər saxlayır. Qərinələr keçir. Torpağın öz canına çəkdiyi olmuşlardan yaddaş cücərir. Böyüyür… Kökləri ilə torpağa bağlı çeşidli, nəhəng yaddaş ağacları qol-budaq atır, şaxələnir, nəhayət daşlaşaraq yaşamaq haqqı alır… Bəzən naxələf övladlar bu ağacı doğrayır, baltalayır amma ağıllarına belə gətirmirlər ki, kök torpaqdadır və taleyin keşməkeşlərinə baxmayaraq , o, yenidən göyərəcək, bütün əzəməti, özlüyü ilə böyüyüb yüksələcəkdir.

Torpağın köksündə daşlaşmış yaddaşımızdır şəhərlər. Bütün yaradılmışlar kimi onların da öz qisməti, öz taleyi, öz ömür yolu var. Şəhərlər də yaranır, dövran sürürlər. Amma mövcudatın digər varlıqları kimi məhv olmur onlar. Bəzən müqəddəs tanrının, ana təbiətin qəzəbinə gəlib torpaqlara gömülürlər. Lakin bir vaxt gəlir ki, özünü, öz xalqını, keçmişini dərk etmək istəyən insan oğlu qazır torpağı, dəfn olunmuş yaddaşının daş lövhələrini üzə çıxarır və oxumağa çalışır. Axı ağsaçlı şəhərlərin keçib gəldiyi uzun əsrlik yol təkcə müəyyən tarixi bir dövrü deyil, həm də bütov bir xalqın, bəzən xalqların tarixini özündə yaşadır.

Ana Azərbaycanın ən qədim yadigarlanndandır ulu Gəncə, Təbirz kimi, Naxçıvan kimi, Şamaxı kimi, Şəki kimi Bərdə kimi qədim Azərbaycan adlı nəhəng ağacın saysız-hesabsız budaqlarından biridir, Azərbaycan türkünün tarix yaddaşının daş lövhələrindəndir o. Həyatının az bir hissəsi öyrənilən xeyli hissəsi isə hələ qaranlıq qalan yurd yerlərimizdəndir qədim Gəncə, Beyləqan kimi, Hunan kimi, Ərdəbil kimi, Xoy kimi, Şəmkir kimi, Samux kimi, Marağa kimi…

Şəhərlərin həyatını öyrənmək üçün, hər şeydən öncə, onların yaşını müəyyənləşdirirlər. Sonra bu xronoloji  çərçivə daxilində daşların «fəaliyyətini «, insanların həyatını qələmə alırlar. Çeşidli qaynaqların-yazılı mənbələrin, maddi mədəniyyət abidələrinin, əfsanə və miflərin köməyi ilə bir çox şəhərlərin yaşı dəqiq müəyyənləşdirilmişdir; Roma miladdan öncə 754-cü ildə, Kiyev miladın 480-ci ilində, Moskva 1147-ci ildə, Riqa 1201-ci ildə, S.Peterburq 1703-cü ildə, Şuşa 1750-ci ildə salınmışdır. Belə siyahılarda Azərbaycan şəhərlərinin demək olar ki, olmaması müəyyən obyektiv və subyektiv səbəblərlə əlaqədardır. Obyektiv səbəblər sırasında hər şeydən əvvəl onu qeyd etmək olar ki, əksər Şərq şəhərləiri kimi Azərbaycan şəhərlərinin də yaşı onların haqqında olan yazılı mənbələrdəki ehtimallardan daha qədimdir. Məhz buna görədir ki, Şərq şəhərlərinin salınma tarixi haqqında yazılı mənbələrdəki məlumatlar çox dolaşıq və çox zaman bir-birinə zidd olur. İkuinci səbəb elə birincidən doğur və onu tamamlayır; belə ki, Asiya və Avropanın bir sıra şəhərləri-Yeni Karfagen, Riqa, S.Peterburq, Şuşa , Abbasabad hərbi-strateji baxımdan mühüm əhəmiyyətə malik olduğundan bu və ya digər hökmdar, sərkərdə tərəfındən salınmış, onların əsasının qoyulması vaxtı dəqiq şəkildə tarixə düşmüşdür. Lakin qədim Şərqin o cümlədən Azərbaycanın əksər şəhərləri öz coğrafı mövqelərinə, iqlim şəratitinə, xalqın və sonralar dövlətin ictimai-siyasi həyatında özünəməxsus yer tutmuş və uzunmüddətli təkamül yolu keçərək, kiçik yaşayış məskənindən möhtəşəm qala divarları ilə əhatə olunmuş iri ticarət və sənətkarlıq mərkəzlərinə çevrilmişlər. Bu deyilənlərə əsaslanaraq biz qədim Azərbaycan şəhərlərinin yaşının dəqiqləşdirilməsi dedikdə, hər şeydən əvvəl, həmin şəhərlərin konkret olaraq nə vaxt salınmasını deyil, onların əsasən hansı dövrlərdə müstəqil şəhər kimi inkişaf etməyə və başqa yaşayış məskənlərindən fərqlənməyə başlamasını nəzərdə tuturuq.

Subyektiv səbəblərə gəldikdə isə qısaca olaraq onu demək olar ki, şəhərlərin yaşının müəyyənləşdirilməsi (söhbət, əlbəttə, Azərbaycan şəhərlərindən gedir) bu problemi araşdıran tədqiqatçının şəxsiyyəti, onun istinad etdiyi qaynaqların, habelə araşdırıcının mənsub olduğu ictimai-siyasi mühitin təsiri ilə əlaqədardır.

Məlumdur ki, Gəncə şəhəri də adı və yaşı haqqında elmi ədəbiyyata qəti və yekdil fikir söylənilməyən şəhərlər sırasına daxildir. Bəri başdan qeyd etmək istərdik ki, biz öz mülahizələrimizi mütləq həqiqət kimi qələmə vermek fikrindən uzağıq. Bu haqda mülahizə və fikirlərmizi bölüşməkdə məqsədimiz daha səriştəli və təcrübəli mütəxəsisləri məlum problem ətrafında daha ciddi düşüncələrə sövq etmək və heç olmazsa şərti olaraq Gəncənin yaşını müəyyənləşdirməkdir.

Əldə olan tarixi və yazılı mənbələrdə şəhərin yaşına aid müxtəlif və ziddiyyətli fikirlər irəli sürülür. Lakin demək olar ki, bütün qaynaqlarda IX-X yüzilliklər Gəncəsinin əzəmətindən danışılır, bəzi mənbələrdə isə Qafqazda ərəblərin fütuhatına qədər şəhərin mövcud olması ehtimal olunur.

Yuxarıda biz Gəncənin salınmasına dair qaynaqlardakı məlumatların ziddiyyətli olması faktını qeyd etdik. Həmçinin nəzərə almaq lazımdır ki, bu mənbələrdə, əsasən Gəncənin bir yaşayış məntəqəsi kimi salındığından yox, yalnız şəhər ətrafına qala divarlarının çəkilməsi və ya dağılmış qala divarlarının bərpa edilməsindən bəhs olunur. Burada qeyri-təbii heç nə yoxdur. Axı bütövlükdə Şərqdə ancaq ətrafı qala divarları ilə əhatə olunmuş yaşayış məntəqələri şəhər hesab olunurdu. Və öz dövrünün tarixçiləri də qəbul edilmiş ənənələr əsasında tarix yazırdılar. Qala divarlarının tikilməsinə gəldikdə, demək artıqdır ki, onlar yalnız böyüyüb artıq müəyyən inkişaf səviyyəsinə çatmış şəhərlərdə inşa edilirdi. Xarici düşmənlərin hücum təhlükəsi, istismarçı siniflərin mövcudluğu şəratində qiyam və üsyanların baş verməsi və sair kimi faktorlar qalaların salmmasını zəruri edirdi.

Gəncənin qədim dövr tarixinə həsr olunmuş araşdırmalar şəhərin X yüzillikdə, yəni 945-ci ildə rusların Bərdəyə basqınından sonra Arranın mərkəzinə çevrilməsi öz coğrafi mövqeyinə görə onun Şimali Azərbaycan şəhərləri içərisində ön sıraya keçməsi faktı təsdiq olunur. Bəzi qaynaqlarda IX yüzillikdən qabaqkı Gəncənin adının çəkilməməsi və X yüzilliyin ortalarında Arranın mərkəzi şəhərinə çevrilməsi faktı akademik V.V.  Bartolda əsas  vermişdir ki,  o  orta əsrlərin

Həmdullah Mustoufi Qəzvini kimi nüfuzlu tarixçisinin məlumatını təkzib edib, Gəncənin təvəllüdünü 859-cu ilə aid etsin.

Gəncənin IX yüzillikdə mövcudluğuna ərəb coğrafiyaşünası İbn Haukəl şəhadət verir. 977-ci ildə o yazırdı: «Cənzə gözəl, varlı və qələbəlik şəhəridir. Buranın çoxsaylı əhalisi səxavətinə, mehribanlığına, elm adamlarına və mühacirlərə hörmətli münasibətlərinə görə fərqlənirlər». 977-ci ildə varlı, çoxsayh əhalisi olan bir şəhər məhsuldar qüvvələrin orta əsrdəki inkişaf sürəti baxımından yüz-yüz əlli illik bir vaxtda belə bir səviyyəyə çata bilməzdi. Deməli, şəhərin tarixi daha qədimdir.

VIII yüzilliyin birinci yarısında Gəncənin mövcud ohnasının şahidi Imamzadə qəbristanlığı və «Göy imam» məqbərəsidir. Məqbərənin gümbəzinin daxili səthində tikinti daşının üstündə yazıldığına görə «Bu şərəfli cənnət bağçası 120 il babasının-ona salam olsun-hicrətindən sonra vəfat etmiş İmam Məhəmməd Bağır oğlu-ona salam olsun-Mövlana İbrahimin türbəsidir». Hicrətin 120-ci ili miladi təqviminin 740-741-ci illərinə uyğun olduğunu nəzərə alsaq, Gəncənin VIII yiizilliyin əvvəllərində mövcud olması aşkarlanır. Qaldı bəzi tədqiqatçıların «Göy imam» məqbərəsinin məhz beşinci şiə imamı Məhəmməd Bağır oğlu İbrahimə məxsus olmasını şübhə altına alması faktına , bu barədə mübahisə açmağın mənasız olduğu artıq təsdiq edilmişdir.

XIV əsr tarixçisi və coğrafiyaşünası, elxanilərin məşhur vəziri Rəşidəddinin yaxın dostu , bir sıra əyalətlərin maliyyə işlərinə rəhbərlik edən Həmdullah Mustoufi Qəzvini yazır: Gəncə beşinci iqlimə aiddir. 83° uzunhıq və 40° 30 I en dairəsindədir. Bu islam şəhəri hicrətin 39-cu ilində tikilmişdir. O gözəl və əzəmətli şəhərdir.» Bu mənbəyə görə , şəhər 659-cu ildə salınmışdır. Lakin Gəncənin hələ VII yüzilliyin əvvəllərində mövcud olmasına dair daha tutarlı əsaslar vardır.

Gəncənin VII yüzilliyin sonu, VIII yüzilliyin əvvəllərində mövcud olması haqqında «Dərbəndnamə»də söhbət açılır. Brokhauz-Yefronun «Ensiklopedik lüğətində» VII yüzilliyin əvvəllərində Gəncənin farslar, ərəblər və xəzərlər arasında hərbi əməliyyatların mərkəzinə düşməsi qeyd olunur. Çox ehtimal ki, belə hərbi əməliyyatlar nəticəsində şəhər xeyli dağılmışdır. Məhz bunun da nəticəsində yaşayış məntəqəsi kimi öz mövqeyini itirdiyindən Bartold və Altmana məlum qaynaqlarda şəhərin adı xatırlanmır. Bununla belə son günlərə kimi mövcud olan Comərdi Qəssab məqbərəsi Gəncənin VII yüzilliyin ortalarında artıq möhtəşəm şəhər olmasına şəhadət verən ən güclü sübutdur.

Yerli əhali arasında yayılmış əfsanəyə görə, bu məqbərə Məhəmməd Peyğəmbərin əmisi oğlu, dördüncü Xəlifə Əli ibn Əbu Talibin dövründə (656-661-ci illər) yaşamış həddən artıq namuslu, ədalətli, insaflı və doğrucu bir qəssabın qəbri üstündə tikilmişdir.

Rəvayətə görə, şəhərin (Gəncənin-F.Ə.) qədim sakinləri bütpərəst olublar və onlardan Comərdi Qəssab adlı birisi gizlində Məhəmmədin təliminə beyət edirmiş. Onun xatirəsinə hörmət əlaməti olaraq müsəlmanlar mərhumun qəbri üzərində bu məscidi (məqbərəni- F.Ə.) ucaltmışlar. Deməli, VII yüzilliyin ortalarında Gəncə artıq güclü siyasi hakimiyyəti və nüfuzlu ruhani idarəsi olan böyük şəhər imiş. Əgər belə olmasaydı Comərdi Qəssab  islam dininə inamını əhalidən gizli saxlamazdı. Gəncənin VII yüzillikdə böyük şəhər olduğuna dair bu qədər məlumat varsa, onda şəhərin yaranmasını daha əvvəlki tarixi dövrlərdə axtarmaq lazımdır. Bəs qaynaqlar nə deyir?

XV əsrin İran tarixcisi Mirxond (Məhəmməd ibn Həmdullah) «Rouzət əs Səfa» əsərində bizi maraqlandıran məsələ barədə maraqlı məlumat verir: «I Kavad (I Qubad (488-531-ci illər) -F.Ə.) abadlıq sevən şah idi. O, nəhəng tikililərin və çoxsaylı şəhərlərin əsasnı qoymuşdur. Deyirlər Bərdə, Gəncə və Miafarikin onun saldığı şəhərlərdəndir». Belə çıxır ki, Bərdə Gəncə V əsrdə Sasani hökmdarı I Qubad (488-531-ci illər) tərəfindən salınmışdır. Lakin məlumdur ki, Bərdə hələ Makedoniyalı İsgəndər dövründə (m.ə 356-323-cü illər) paytaxt şəhəri idi. Onda bu şəhərlərin I Qubad tərəfindən sahnması fikri öz-özünə təkzib olunur. Həm də tarixdə I Qubadın Qafqazda hunlarla müharibə etməsi məlumdur. Belə olduqda Sasani hökmdarı hərbi əməliyyatların gedişində dağıdılmış Bərdə və Gəncə şəhərlərini bərpa elətdirə bilərdi. O ki, qaldı Qubadın tikdirdiyi Gəncənin Cənubi Azərbaycandakı Gəncək olması fikrinə,  bu da həqiqətdən uzaqdır. Çünki, Atropaten Gəncəkinin hələ Qubaddan çox-çox əvvəl Cənubi Azərbaycanda mövcud olmuş dövlət qurumlarının dini paytaxtı olması haqqında əlimizdə tutarlı dəlillər vardır. Deməli Gəncə hələ V yüzilliyə qədər mövcud idi.

Gənəcənin iki eranın hüdüdlarında mövcud olması haqqında məxəzlərin məlumatı; «Rus şəhərləri» adlı məqalənin naməlum müəllifi yaranma vaxtını göstərməklə Qafqaz şəhərlərinin cədvəlini vermişdir. Bu cədvəldə Gəncənin miladdan öncə 2-ci yüzilliklə miladın IV yüzilliyi arasında salındığı qeyd olunur. Göründüyü kimi Gəncə haqqında ilkin məlumatlar miladdan əvvələ gedib çıxır. Buradan da tarixin daha dərin qatlarını araşdıraraq Gəncəni tapmaq zərurəti qarşıya çıxır.

Bir «qədim gürcü salnaməsində Gəncənin Makedonyalı İsgəndər zamanında tikildiyi qeyd edilir». Lakin əldə olan qaynaqlar bu məlumatı da təkzib edir, çünki, Gəncənin Makedoniyalı İsgənədərə qədər mövcud olması haqqında kifayət qədər bilgilər vardır.

» Köhnə Gəncə hələ Makedoniyalı İsgəndərə qədər mövcud idi. Şəhərin gözəlliyi, burada ticarətin geniş inkişafı, onun təbiətin zəngin güşəsində yerləşməsi qonşuların paxıllığına səbəb olurdu. Qanlı döyüşlərdən, yerli əhalinin qızğın müqavimətindən sonra Qarabağdakı Bərdə hakimi Nüşabə şəhəri bac verməyə məcbur etmişdi».

«Bərdə yaxınlığında Gəncə adlı bir şəhər çiçəklənirdi. Fələyin dönük günlərində onlar bir-birini əvəz edirdilər. Bu şəhərlərin hər ikisinin yaranışı eyni olmalıdır».

Burada xronoloji səyahəti dayandırıb «Gəncə»nin etimalogiyası haqqında bir balaca haşiyə çıxaq. Həm də bu, şəhərin yaşının müəyyənləşdirilməsi ilə sıx surətdə bağlıdır.

«Gəncə» adının nədən başlanması, hansı anlamı bildirməsi haqqında elmi ədəbiyyatda müxtəlif fıkirlər mövcuddur.

Araşdırıcılardan bir qrupu onun pəhləvi (parfiya) sözü olan «gəncə» (xəzinə), midiya sözü «qaus», yunan sözü «qunicə» (qadınlar ölkəsi-yəqin ki, Qafqazda yaşayan amazon qadınları haqqında qədim yunanlar arasında geniş yayılmış əfsanəni nəzərdə tutub), mənasında izah etməyə çalışmışlar. Bu cür izahlar «gəncə» adının çox qədim və qeyri sabit formada işlənməsinin nəticəsidir. İkinci qrup araşdırıcılar «gəncə»nin yeri türk mənşəli tayfaların adları ilə bağlı olmasını əsalandırmağa cəhd göstərirlər. Lakin bu qrup içərisində də yekdil fikir yoxdur. Belə ki, onu «güncək», «günçü», » günəşdən olan», «gencə» -coğrafi baxımdan geniş, əhatəli mənasında, həm də əski türk tayfaları hunlar və gəncəklərin adları ilə də bağlayanlar var.

Bizcə, şəhərin adı türk mənşəli olsa da, onu Gəncək tayfaları ilə bağlamağa tələsmək lazım deyil. Bu fıkri aydınlaşdırmaq üçün bir cəhət nəzərə alınmalıdır ki, «gəncə» toponimi ilə eyni kökdən olan toponimlər həddən artıq geniş coğrafi arealda yayılmışdır; Qançi, Kansey, (Tacikistan), Gəncək (Qırğızıstan) Kanjıkalı (Özbəkistan), Xunzax (Dağıstan), Qancekaro (Gürcüstan), Xandsax (Ermənistan), Xandək (Dəvəçi və Qubadlı rayonlarında), Qandax (Qax), Qanıx (Alazan çayının türkcəsi), Qansaq (Gəncəbasarda), Qandzasar (Qarabağda), Qandağ, Qandan (Abşeronda), Gəncək (Cənubi Azərbaycanda), Qandahar (Əfqanıstanda). Bu toponimlərin hamısını gəncək tayfası ilə bağlamaq çox şübhəlidir. Çünki gəncəklərin belə böyük ərazidə yaşamasını məntiqi mühakimələrlə də sübut etmək çox çətindir və demək olar ki, mümkün deyil. Həmçinin belə mülahizələr yazılı qaynaqlarla sübuta yetirilmədikdə elmi iştimaiyyətin basılmaz müqaviməti ilə rastlaşır.

Yuxarıda sadaladığımız toponimlərə ötəri bir nəzər saldıqda bütün bu sözlərin ilk komponentinin xalis türk sözü olduğunu görməmək mümkün deyil. Həmçinin yazılı qaynaqlar miladdan öncə Qafqazda türk tayfalarından məhs gəncəklərin yaşaması haqqında susduğu halda, onlar ümumilikdə türklərin bu torpaqlarda hakim xalq olması və yaşaması haqqında maraqlı bilgilər verir. Bu isə türk anlamlı Gəncəni-şəhər adı kimi bir az fərqli şəkildə izah etməyə imkan verir.

Gəlin hər şeydən öncə aydınlaşdıraq, «gəncə» dedikdə nə başa düşülür? Axı Gəncəbasarda «gəncə» toponimi şəhər adından başqa dağ düzənlik, çay və inzibati ərazi vahidi kimi işlənmişdir.

Yelizavetpol dairəsində aşağıdakı dağlar vardır. 1. Gəncə günbatandan günçıxana uzanır. Gəncə dağları o qədər yüksəkdir ki, oktyabr ayından iyuna kimi qarla örtülü olur. Ən yüksək nöqtəsi Qoşqar hesab olunur. Gəncə çayı Kürün sağ qolu olmaqla öz başlanğıcını Murovdağ silsiləsindən 2314 m yüksəklikdən götürür, 66-cı km-də Gəncə şəhərinə daxil olur.

Gəncə düzü Gəncə-Qazax düzənliyi adı ilə Kiçik Qafqaz dağlarının şimal-şərq ətəkləri ilə Kür çayı arasındadır. Şimal qərbdən Aşağı Kartli düzənliyinə, cənub-şərqdə Qarabağ düzünə qovuşur. Çayları-İncəsu, Ağstafa, Həsənsu, Axınca, Zəyəm, Şamxor, Gəncə, Kürək-çay Kür hövzəsinə aiddir.

Gəncə nahiyəsi-mənbələrdə vilayət, əmirlik, dairə, bəylərbəyliyi, mahal, xanlıq, qəza və quberniya kimi xatırlanır. Bu geniş ərazinin adı «Gəncəbasar» formasında günümüzə qədər qalmaqdadır. Professor Mirəli Seyidovun dediyi kimi əski yer, çay adları göstərir ki, hələ eradan qabaq… burada yaşayan türkdilli qəbilələr güclü olduqlarından yerlərinə, çaylarına, dağlarına da öz dillərində ad vermişlər.

Coğrafi faktora əsaslanaraq dünya təcrübəsinə müraciət etmək olar. Coğrafı vahidlər əksər hallarda həmin ərazilərdə yaşayan xalqların adı ilə çağrılır; Farsistan, Türküstan, Kartliya, Özbəkistan Dəşti Qıpçaq, Hindistan, Rusiya, Finlandiya, Monqolustan, Firəngistan, Ərəbistan və s. və i.a.

Orta əsr və yeni dövr mənbələrində Gəncə vilayəti yaxud sadəcə olaraq Gəncə, ya Arranın tərkibində dairə, mahal, ya da müstəqil inzibati-ərazi vahidi kimi xatırlanır. Beləliklə göründüyü kimi Gəncə Şimali Azərbaycanda vilayət kimi gəncəklərin hökmran olduqları torpaqlar anlamını verir. Bəs şəhərin adı hardandır? Qaynaqlara müraciət edək;

Bir «qədim gürcü səlnaməçisi ənənəyə görə, böyük sərkərdəni (Makedoniyalı İskəndəri-F.Ə) xatırlayaraq xəbər verir; İskəndər padşah Lot övladları tayfasını qaçmağa məcbur edib, onları yarımqaranlıq ölkəyə sıxışdırarkən, burada öncə cəsur buntürk tayfaları ilə rastlaşdı. Bunlar (buntürklər F.Ə) Kür boyundakı dörd şəhərdə və şəhərlərin ətrafındakı kəndlərdə yaşayırdılar». Və daha sonra «Xaldeylər tərəfındən sürülən döyüşkən honn tayfaları bu yerlərə (Kür boyuna F.Ə) gəlib çıxarkən bun türklərin hökmdarına bac vermək şərti ilə ondan (xaqandan F.Ə) yaşamaq üçün yer istədilər. Və (təbii ki, xaqanın razıhğı ilə F.Ə) zalavda yerləşdirirlər. Tərcüməçi izahlarda yazır; «buntürklər və ya türklər, başqa cürə turanlılar…». Qaynaqlar bu cür bilgi verirlər. R. Hüseynovun fikrinə görə, türkdilli əhalinin vahid Orda tərkibində yığcam halda yaşayıb ümumi hun adı altında birləşməsi ona gətirib çıxartdı ki, sonrakı səlnaməçilər «hunn» sözünü «türk» sözünə sinonim kimi işlətməyə başladılar, («monqol» və «tatar» sözlərində olduğu kimi) və hər iki sözün eyni monada işlənməsi ehtimal ki, bu sözlərin qovuşaraq birinin saxlanmasına səbəb oldu. Burada həm də «buntürklərin» və ya hunnların meydana gəlib oturaq həyata keçdiyi konkret toponomik yerlərin göstərilməsi diqqəti cəlb edir. Bu ya Kür sahilləri, ya da Atropaten Gəncəki  yerləşdiyi ərazilərdir. Qədim araşdırıcılardan Plini midiyalıların əcdadı hesab edilən sarmatlarla yanaşı bu ərazidə «türke»lərin geniş yayılmasını xəbər verir. Pomponiy Mela isə yazırdı: Şimali Qafqazda budunlarla lap qonşuluqda böyük meşələrdə tissagetlər və türklər yaşayır və ovçuluqla məşqul olurdular.

Hun-türklərin Qafqazda yaşamasına Kürün sağ sahihndəki Gəncə-Qazax düzündə Hunan qalası, Hunarx, Dağıstandakı Xunzax toponimləri şəhadət verir.

Çeşidli qaynaqlardan gətirdiyimiz bu kiçik parçalarda nəinki Qafqazda qədim türk əhalisinin yaşaması, hökmüranlığı və öz dövrünə görə yüksək mədəniyyətə malik olmaları (qala tikmək, arx çəkmək) həm də Cənubi Azərbaycan ərazisindən Qafqaz dağlarına kimi, o cümlədən Gəncəbasarda yayılma areali öz əksini tapmışdır.

Bizi daha çox maraqlandıran Gəncə-Qazax düzənliyindəki dörd şəhərdə və ətraf kəndlərdə türklərin yaşaması haqqındakı bilgidir. Maraqlıdır ki, Bərdədən Tiflisə gedən yolda, yəni Kür boynunda 4 şəhərin olması faktını XI yüzilliyin ərəb coğrafiyaşünası Edrisi (İdrisi?!) də göstərir. Bu şəhərlərdən biri Samux, ikincisi isə Hunandır. Üçüncünün Şəmkir olduğunu qəbul etsək, sonuncunu məhz Gəncə kimi ehtimal edə bilərik. Bu ehtimalın nəyə əsaslandığını aşağıdakı kimi izah etmək olar;

Qaynaqlar tam xatircəmliklə, inamla Kürboyu vilayətlərdə türklərin hökmranlığını xəbər verirlərsə, təbii ki, bu tayfaların hakiminin-xanının (xaqanının) iqamətgahı-baş kəndi olmamış deyildir. Və bu iqamətgahın məhz Gəncə olmasını inkar etmək üçün heç bir əsas yoxdur.

Biz belə hesab edirik ki, əski vaxtlarda şəhər Gəncə yox, Qança (və ya Kançə) adlanmışdır . Dilin inkişafındakı qanunauyğunluqlardan biri bu qənaətə gəlməyə imkan verir. Bu qanunauyğunluğa görə bəzən sözlər aid olduğu xalqın dilində dəyişir, ona yad olan başqa dildə isə ilkin formasını saxlyır . Həmçinin oğuz dilləri qrupunda bir çox hallarda söz əvvəlində samitin cingiltiləşməsi meyli güclüdür. Bu hal ən çox Azərbaycan türkcəsi üçün səciyyəvidir. Gəncənin adı gürcü dilində Qanza,  qərbi Avropa xalqlarının dillərində Qancah, Kancah, Qancel, Qantzak, Kandji, rus dilində Qandja, Kqendja, Kandja və s. formalarda işlənib və bəzilərində hələ də işlənir. Təsadüfü dcyil ki, 1935-ci ilə qədərki bütün rəsmi rusdilli sənədlerdə Gəncə»Qyandja» yox, «Qandja» kimi yazılıb.

Bu sözün ilk komponenti «qan», «kan», «kaan», «xan» bir sıra türk dillərində hakim, sərkərdə deməkdir. Sözün ikinci hissəsi olan ca (ca, ça, çə) tarixi Azərbaycanın ərazisində çox geniş yayılmaqla kənd-Daşlıca, Yengicə, Əyricə, Sanca, Solquca, Qunduzca, Göycə, Ağcakənd, Dilican və s., qala-Əlincə, Alıncaq, yayla-Cöycə, Əlinçə, çay-Ağırca, İncə, dağ-Qaraca, məkan, yer, yurd bilidirir. Belə qənaətə gəlmək olar ki, Qanca, Kancə sözləri xan yeri, xan kəndi, xan yurdu anlamını verir. Maraqlıdır ki, əsrimizin əvvələrinə kimi «Qonja» və «Xan yurt» adlan yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərində saxlanılmışdı. Nəzərə almaq lazımdır ki, birinci sözdə əksər türk sözlərində olduğu kimi vurğu ikinci hecaya düşdüyündən həmin söz Qanja kimi oxunmalıdır. Birinci ad səslənməsinə, ikincisi isə mənasına görə bizim ehtimalımıza uyğundur. «Gəncə»nin etimalogiyasına aid söhbəti yekunlaşdıraraq deyə bilərik ki, «gəncə» sözünün-çay, dağ, düz, vilayət kimi gəncək tayfasının adı ilə, şəhər kimi isə xan sarayı yerləşən yer, xan yurdu mənasını daşıması, bizim fikrimizcə şübhə doğurmur.

Gəncənin yaşı haqqında söhbətimizə qayıdaq. Yuxarıda biz şəhərin Makedoniyalı İsgəndər dövrünə qədər, yəni miladdan öncə IV yüzilliyə qədər mövcud olması haqqında bilgi verən qaynaqlara kimi mənbələri izlədik. Lakin hələ bu da Gəncənin yaşını eramızdan əvvəl IV əsrə aid etməyə əsas vermir. Çünki Gəncə haqqında mənbələrin verdiyi məlumat həmin dövrdən daha əvvəllərə gedib çıxır. Gəncə tarixinin çox nüfuzlu tədqiqatçısı, tarixçi, etnoqraf, 1938-1940-cı illər Gəncədə aparılan arxeoloji qazıntı işlərinin təşkilatçısı və rəhbəri, əslən gəncəli olan İsax Məmmədrza oğlu Cəfərzadənin (1895-1982-ci il) səriştə və salahiyyətinə söykənərək şəhərin daha qədim olması haqqında bilgilərdən birinə nəzər salaq;

«Bəzi tarixçilər (göstərilmir kimlər?- F.Ə) yazırlar ki, guya Keyxosrof (İran şahı II Kir Əhəməni eramızdan əvvəl 558-530-cu illər F.Ə) Gəncə qalası yaxınlığında məğlub edilmişdir; bu qeyd həqiqətdən uzaqdır; çünki burada (A.Bakıxanovun müasiri olan Gəncədə F.Ə) yer düz və hamar olub, heç bir dar dərə yoxdur. Göründüyü kimi XIX sərin görkəmli Azərbaycan tarixçisi olan Abbasqulu ağa Bakıxanovun özünün istifadə etdiyi mənbələrə əsaslanaraq Gəncənin İran hökmdarı II Kirin dövründə mövcud olması faktını bizə xəbər verir. Lakin özünə çağdaş  Gəncənin  (XIX yüzilliyin əvvəllərindəki) yerləşdiyi ərazinin relyefini əsas tutaraq bu fikri yerindəcə təkzib edir. Bizcə, nüfüzlu tarixçimiz burada bir balaca xətaya yol verir. Axı tarixdə Gəncənin ən azı üç dəfə salındığı yeri dəyişməsi ehtimal edilir. 1139-cu il zəlzələsindən, 1231-ci il dağıdıcı monqol basqınından və 1588-ci ildə türk sərkərdəsi Fərhad paşa tərəfindən yeni Gəncə qalasının tikilməsindən sonra. Həmçinin tarixçi-arxeoloqlar arasında belə bir fıkir də vardır ki, Gəncə bu yuxarıda deyilənlərdən başqa da yerini dəyişimşdir.  Onların fıkrincə, qədim Gəncənin daha bir yeri Gəncəbasar sakinlərinin «şəhər bumu» aldlandırdıqları təpənin yaxınlığındakı ərazilərdir.»Şəhər bumu»Gəncə və Kür çaylarının sağ sahilində, qədim Samux mahalında olmaqla, Gəncə şəhərinin şimal istiqamətində, təxminən 25-30 km. məsafədə yerleşir. Lakin bizim fikrimizcə, bu Gəncənin qədim yeri yox, daha bir əski Azərbaycan şəhərinin-yuxarıda adı çəkilən dörd şəhərdən birinin-qaynaqlarda adı Samunida, Samuxi kimi müxtəlif formalarda çəkilən Samuxun yer üzərində qalan hissəsidir. Bu şəhərin izləri, qalın Samux meşələri dərinliklərində əsrimizin əvvəllərinədək mövcud olmuşdur.

«Sürüşkən şəhərlərin» tarixində bu qədər uzaq məsafəyə 25-30 km-köçmə (köçürülmə yox!!!) faktı bizə məlum deyil. XIII yüzillikdə monqol hücumundan sonra köçən şəhərlər (Urgənc, Şəmkir, Ryazan, Kiyev) məkan baxımından 5-6 km-dən artıq məsafədə yerlərini dəyişməmişlər. Məlumdur ki, 1938-1940-cı illərdə Gəncənin şimal və şimal-şərqində arxeoloji qazıntılar aparılıb. (Həmçinin şəhərin qərb tərəfində-Qoşqarçay vadisində də kəşfiyyat xarakterli axtarışlar olmuşdur). Bu ekspedisiyalar zamanı Nizami dövrü Gəncəsi aşkara çıxarılmışdır. Bəs Nizamidən əvvəlki Gəncə hardadır? Bizim fikrimizcə, ən qədim şəhəri Gəncənin cənub ətraflarında axtarmaq lazımdır. Əsrin əvvəllərində və sonralar aparılan axtarışlar bu ərazidə son tunc dövrünə aid (e.ə.2-ci minilliyin sonu 1-ci minilliyin əvvəlləri ) Xanlar kurqanları adlanan qədim bir mədəniyyəti üzə çıxartması faktı da Güney Gəncənin ta əski dövrlərdən məskunlaşmasını bildirir. Oxucunun burada meydana gələ biləcək haqlı iradını nəzərə alaraq bu ərazidə sönralar həqiqətən şəhər olmasını əsaslandırmağa çalışaq: Azərbaycan respublikası Mərkəzi Dövlət Tarix arxivində maraqlı bir sənəd vardır. Bu sənəddə Rusiyadan köçürülən əhalini Yelizavetpol qəzasında (Gəncəbasarda) yerləşdirmək üçün yerli sakinlərin «Qızıl qaya» və «Köhnə şəhər» adı ilə çağırdıqları yerlər nəzərdə tutulması göstərilir. Elə oradaca «Köhnə şəhərin» yeri qeyd olunur. Bu yer Qızıl qayanın 8-9 versliyində yerləşir. Qızıl (qırmızı) qaya Gəncənin cənubunda yenə də həmin adla çağrılır. Yerli əhalinin bu ərazini Köhnə şəhər adlandırması, burada vaxtilə qədim şəhərin olmasına dəlalət edir. Əgər bir verst 1,06. km-ə bərabərdirsə, qədim Gəncəni Qızıl qaya ətrafında təxminən 10 kv. km. ərazidə axtarmaq lazımdır. (Təbii ki, Gəncə çayının yatağı boyunca güney istiqamətdə). İndi keçək A. Bakıxanovun xətasına:

Əvvələn «Qızıl qaya» toponiminin özü sübüt edir ki, əski çağlarda bu ərazi qayalıq, ya da heç olmasa ətraf yüksəklik üzərində ucalan qaya kimi relyefə malik olmuşdur . Əks təqdirdə xalq buraya dağ -Gəncə dağları, Qızıl dağ kimi, yaxud təpə -Keçəl təpə, Bəhram təpə, deyərdi. İndiki vaxtda «Qızıl qaya» toponimini həmin yerə uyğun gəlməməsi onu göstərir ki, bu ərazinin relyefi köklü dəyişikliklərə məruz qalmışdır. Bu dəyişiklik Gəncəbasarın Qafqazın seysmoaktiv rayonlarından biri olması faktını nəzərə alsaq tamamilə mümkündür. Tarixi və seysmoloji bilgilər Gəncəbasarda xüsusilə aşağıdakı dağıdıcı zəlzələləri bizə çatdırır: İndiki Gəncə şəhərindən təqribən 25 km. cənub-şərqdə 427-ci ildə 9 bal gücündə, 1122-ci ildə, 1139-cu ildə (yenə 9 bal gücündə) , 1235-ci ildə. Bizim üçün xüsusilə 427-ci il zəlzələsinin olması faktı daha mühüm maraq kəsb edir. Onun episentri qədim şəhərin ehtimal etdiyimiz ərazisinə çox yaxın olmuşdur. Gəncə-Qazax düzündə relyefin əsas dəyişikliklərə məruz qalmasını geoloqlar da təsdiq edirlər. Onlardan Zaxarov S.A., V.V. Akişev və V.V. Boqaçevin Kür çayının qədim  yatağının indikinə nisbətən xeyli  cənubdan keçməsi fərziyyəsini inkişaf eğdirərək göstərirlər ki, Kür tarixən çox da uzaq olmayan vaxtlara kimi Poylu stansiyasından Yevlax stansiyasına kimi çağdaş Tbilisi-Bakı dəmir yolu xətti boyunca axırmış.

İkincisi Bakıxanovun Gəncə yaxmlığında dar dərənin olmaması fikri doğru deyildir. Belə ki, Bakıxanova çağdaş Gəncənin günçıxanında Qulaca dərəsi, Bağırsaq dərəsi, Ütərgi dərəsi, günbatanında isə Quruqobu dərəsi olmuşdur. Onların adı indi də şəhərin yaşlı sakinlərinin hafizəsində saxlanmaqdadır. Həmçinin güney Gəncəbasarda Dar dərə kəndi vardır. Bu faktların zaman məhfumu baxımından bizim söhbətimizə o qədər dəxli olmasa da, hər halda Abbasqulu ağanın Gəncəbasar coğrafiyası ilə zəif tanışlığından xəbər verir.

Üçüncüsü, Gəncənin məhz dağlıq yerdə salınması şübhəsiz ki, bu ərazinin çox qədim köç yollarının üstündə olması və bununla bağlı şəhər əhalısinin təhlükəsizliyini təmin etmək məqsədi daşımışdır. Mənbələr arilərin hələ miladdan öncə 2500-1000-ci illər arasında Gəncəbasardan keçib İran və Hindistana getməsi haqqında xəbər verirlər. Gəncənin dağlıq yerdə salınması ehtimalını onun türk əhalisinin xarakteri və məşğuliyyətləri ilə də əsaslandırmaq olar. Belə ki, əski çağlarda türk tayfaları yaşayış məskənlərinin ətrafında qala hasarları çəkmirdilər. Lakin zəngin təbii sərvətlərinə və strateji mövqeyinə görə daim mövcud olan hücum və basqın təhlükəsi təbii ki, qədim türkləri təbiətin özünün mühafizə etdiyi yerdə məskən salmağa məcbur etməli idi.

Qaldı II Kirin Gəncə qalası yaxınlığındakı məğlubiyyətinə, mənbələr onun məhz Qafqazda (Albaniyada Kür boyunda) massagetlerə və onların məlikəsi Tomrisə qarşı müharibə açdığını yazırlar. Heredotun verdiyi bilgiyə görə, Kirus Arazı keçib Kür çayına çatır. Burada cəsarətlə dar bir dərəyə soxulur. (Yada salın güney Gəncəbasarın Dar dərə kəndini-F.Ə). Məlikə Tomris öz azsaylı qoşunu ilə çox məharətlə Kirin fateh qoşununu tələyə salıb məhv edir. Oğlunun qisasını alaraq, Kiri qətlə yetirir. Kirin ölüm tarixi m ə. 530-cu ildir. Beləliklə, bütün bu yuxarıda dediklərimizi yekunlaşdıraraq, həmin məşhur döyüşün miladdan  530 il əvvəl Gəncə qalası  yaxınlığında olmasını söyləyə bilərik. Deməli, e.ə 530-cu ildə Gəncə artıq müəyyən inkişaf səviyyəsinə çatmış və ona görə də qala hasarları ilə əhatə olunmuşdu. Patriarxal-quldarlıq qurulusu dövründə məhsuldar qüvvələrin inkişaf sürətini nəzərə alsaq, onda Gəncənin yaşayış məntəqəsi kimi yaranmasını ən azı 250-300 il geriyə atmaq lazım gəlir. Şəhərin kiçik yaşayış məntəqəsindən şəhərtipli yaşayış məntəqəsinə çevrilməsinə daha 150-200 il sərf olunduğunu fərz etsək, Gəncə şəhərinin yaranması tarixini, təxminən miladdan öncə 750-700-cü illərə aid edə bilərik. (Gəncənin X yüzilliyin ortalarında Arranın paytaxt şəhərinə çevrilməsindən sonra, XI yüzillikdə (1063-cü ildə) qala divarlarının çəkilməsi faktını misal çəkmək olar. Aradan keçən müddət 100 ildən çoxdur. Əksər Şərq şəhərlərinə xas olan bu xarakterik xüsusiyyət, bizə şəhərin formalaşması tarixini eradan əvvəl 530-cu ildən daha əvvələ çəkməyə əsas vermişdir.) Bu hesabla Gəncə şəhərinin yaşını 2500 il götürmək olar.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *