• 16.06.2010/17:07; Müasir kənd üçün səriştəli kadrlar

      0 şərh

    Müasir kənd üçün səriştəli kadrlar

    Azərbaycan Kənd Təsərrüfatı Institutu nəinki yüksək ixtisaslı kadrlar hazırlamalı, həm də respublikada kənd təsərrüfatını daha da inkişaf etdirmək sahəsində elmi tədqiqatların mühüm mərkəzi olmalıdır. Heydər  ƏLIYEV

    Ulu Öndər bu müdrik sözləri 1980-cı il dekabrın 16-da respublikanın kənd təsərrüfatı kadrları hazırlayan yeganə ali təhsil ocağına «Şərəf nişanı» ordeni təqdim edərkən demişdir. Onda Azərbaycan Kənd Təsərrüfatı Institutu adlanırdı.

    Fəaliyyət dairəsinin artması, beynəlxalq miqyasda əlaqə-ünsiyyətin genişlənməsi, təhsilin diinya miqyasına inteqrasiası ilə əlaqədar olaraq 2009-cu il aprel ayının 4-dən Azərbaycan Dövlət Aqrar Universiteti adı verilmişdir. Hazırda bu qocaman kollektiv miiasir kənd üçün yüksək ixtisaslı, bilikli-bacarıqlı mütəxəssislər hazırlanması vəzifəsini uğurla yerinə yetirir.

    Azərbaycanda kənd təsərrüfatı təhsilinin təşkili fikri hələ XIX əsrin sonlarında meydana gəlmişdi. Bu mütərəqqi ideya ilk öncə məşhur «Əkinçi» qəzetinin yaradıcısı Həsən bəy Zərdabidən başlanır. Onun təbiətşünaslıq sahəsindəki bir sıra dəyərli işləri 1889-cu ildə Zaqafqaziya Kənd Təsərrüfatı və Sənaye Sərgisində bəyənilmiş, sərginin medalına və fəxri diplomuna layiq görülmüşdür. Bu oyanış dövründə Nəcəf bəy Vəzirov Moskvada Petrovsk-Razumovsk adına Meşə Təsərrüfatı Akademiyasını bitirərək kənd təsərrüfatı üzrə ilk diplomlu mütəxəssis kimi doğma yurduna qayıtmışdır.

    1918-ci ilin may ayında şərqdə ilk müstəqil müsəlman respublikası olan Xalq Cümhuriyyətinin yarandığı ilk gündən kənd təsərrüfatının inkişafına, ölkənin aqrar bölümü üçün  mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilməyə başlanıldı. Cümhuriyyətin parlamenti 1919-1920-ci tədris ilində 100 nəfər istedadlı gəncin xarici ölkələrin ali məktəblərinə göndərilməsi haqqında qərar qəbul etmişdir.

    Kənd təsərrüfatı ixtisasına yiyələnmək istəyənlər arasında Hüseyn Nağıyev, Əhməd Rəcəbli və Bəhram Abdinov da var idi. Ə. Rəcəbli İtaliyanın Kral Universitetində, H.Nağıyev Almaniyada aqrar təhsil almış, B. Abdinov isə əvvəl Moskvada Petrovsk-Razumovsk adına Meşə Təsərrüfatı Akademiyasında oxumuş, sonra Almaniyanın Bonn şəhərində Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir.

    Deməli müəyyən baza var idi. 1920-ci il dekabrın 14-də politexnik institutunun nəzdində 5 fakültə, o cümlədən kənd təsərrüfatı fakültəsi də yaradılmışdı. 1921-ci ilin yanvarında həmin fakültəyə 24 nəfər qəbul edilmiş, ilin sonunda tələbələrin sayı 78 nəfərə çatmışdır.

    1922-ci ildə kənd təsərrüfatı fakültəsinə müvafiq bina verilir, botanika, zoologiya, kənd təsərrüfatı maşınları, heyvanlarının anatomiyası və fiziologiyası, meteorologiya, torpaqşünaslıq və ümumi əkinçilik kafedraları yaradılır.

    Elə həmin ili tədris-təcrübə təsərrüfatının təşkili üçün Qusarda dörd hektar əkin yeri, kiçik bir bağ və 20 hektar çox da münbit olmayan sahə verilir, min manat həcmində vəsait buraxılır. Qusardakı torpaqlar tədris-təcrübə və elmi işlərin aparılması üçün yararlı olmadığına görə 1925-ci ildə Göyçay qəzasında fakültə üçün iki min hektar sahə ayrılır.

    Artıq ilk addımlar atılmışdı. 1924-1929-cu illərdə kənd təsərrüfatı fakültəsinin aqronomluq, meyvə-tərəvəzçilik, üzümçülük və şərabcılıq, ipəkçilik və zootexniklik ixtisasları üzrə 147 nəfər bitirmişdir. Həmin məzunların çoxu kəndlərə göndərildi. Onlar kənd əhalisinə yaxından yardım göstərən ilk milli mütəxəssislər idi.

    1929-cu il mayın 15-də Azərbaycan SSR Xalq Komissarları Soveti kənd təsərrüfatı fakültəsinin bazasında müstəqil kənd təsərrüfatı institutunun təşkili barədə qərar qəbul edir. Kollektivin sərbəst surətdə formalaşdığı dövrün ilk aylarında ona Dadaş Bünyadzadə rəhbərlik etmiş, sonra bu məsul vəzifəyə professor Islam Datıyev təyin olunmuşdur. Müxtəlif illərdə kollektivə Hüseyn Musayev, Əzim Dadaşov, Yusif Tahirov, Mövsüm Poladov və başqaları rəhbərlik etmiş, onların hər biri bu gənc təhsil ocağının inkişafı üçün xeyli işlər görmüşdür.

    Otuzuncu illərin əvvəllərində ali kənd təsərrüfatı sahəsində hələ vahid sistem yox idi. Yeni yaradılmış pambıqçılıq institutunun zootexniklik fakültəsi müstəqil instituta çevrilir. Burada ayrıca baytarlıq fakültəsi təşkil olunur. Bir azdan zootexnika-baytarlıq institutu meydana gəlir. Tbilisidəki hidro-meliorasiya institutu da Gəncə şəhərinə köçürülür. Bütün bunların nizamlanması məqsədilə 1933-cü ildə Gəncədə dörd ali məktəb birləşdirilərək vahid Azərbaycan Kənd Təsərrüfatı Institutu (indiki Dövlət Aqrar Universiteti) yaradılır. Onun tərkibində altı fakültə: tarlaçılıq, meyvə-tərəvəzçilik, zootexniklik, baytarlıq, kənd təsərrüfatının mexanikləşdirilməsi və hidromeliorasiya fakültələri, habelə, müxtəlif sahələr üzrə 61 kafedra təşkil olunur.

    Öz varlığının ilk on ili ərzində universitetə 1497 nəfər tələbə qəbul olmuşdu. Sonralar mütəxəssis: buraxılışı ildən-ilə artmış və keyfiyyətcə xeyli yaxşılaşmışdı. Məzunların çox hissəsini ucqar kənd rayonlarından gələn azərbaycanlı gənclər təşkil edirdi.

    Qədim Gəncə ölkəmizin kənd təsərrüfatı təhsilinin və elmi fikrin mərkəzinə çevrilir. Burada xüsusən bitkiçilik və heyvandarlıq sahəsində ilk elmi-tədqiqatlara başlandı. Bu  işə elmi-pedaqoji kadrlarla yanaşı, təhsildə xüsusi fərqlənən tələbələrin bir hissəsi də cəlb edildi. Professor V.P.Smirnov-Loginov torpaqşünaslıq kafedrasının müəllim və tələbələrindən ibarət böyük bir dəstə ilə Xızı rayonunun dağətəyi və dağ zonalarının torpaqlarını tədqiq etdi. Professor A.A.Mixaylov kənd təsərrüfatı bitkiləri, geobotanika, meliorasiya məsələlərinə dair tədqiqatlar apardı. Professor İ.İ.Kalugin zootexniklik kafedrasının əməkdaşları ilə birlikdə respublikada heyvandarlığın vəziyyətini öyrəndi.

    Uğurlar artdıqca universitetin fəaliyyət dairəsi getdikcə genişlənirdi. Ölkədə subtropik bitkilərin və ipəkçiliyin inkişafı ilə əlaqədar olaraq meyvə tərəvəzçilik fakültəsinin nəzdində subtropik bitkilər şöbəsi, tarlaçılıq fakültəsinin nəzdində isə ipəkçilik şöbəsi təşkil edilir.

    Aylar, illər keçdikcə tədris prosesinin yaxşılaşdırılması, laboratoriyaların və kafedraların fəaliyyətinin canlandırılması üçün köklü işlər həyata keçirilirdi. 1938-1941-ci illərdə institutun 36 müəllimi Sovet İttifaqının müxtəlif şəhərlərində dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1938-ci ilə kimi dərslər əsasən 2 dildə – Azərbaycan və rus dillərində keçirilirdi, sonralar Azərbaycan dilinə daha böyük üstünlük verilməyə başlanıldı. 9 oktyabr 1939-cu ildə kollektiv elmlər namizədi alimlik dərəcəsi vermək üçün tam səlahiyyət aldı. Universitet rəhbərliyinin sədrliyi ilə 13 ixtisas üzrə elmi şura təşkil edildi.

    Yeri gəlmişkən deyək ki, Azərbaycanda ali aqrar təhsilin və elmin inkisafında rus alimlərindən V. P. Smirnov-Loginovun, I. V. Fiqurovskinin, A. A. Qrossheymin, I. Q. Yesmanın, V. V. Akimtsevin, D. V. İvanovun, N. I. Malovun,  P.  E. Qrebennikovun və başqalarının böyük əməyi olmuşdur.

    Bununla yanaşı bilikli, bacarıqlı milli kadrların hazırlanmasında Azərbaycan ziyalılarının görkəmli nümayəndələri – Məmməd Mirzəyev, Əli Xudaverdiyev, Imran Kaşiyev, Murtuz Vəzirov, Fətulla Rzabəyli, Hacı Poladzadə, Hüseyn Musayev, Tağı Nağızadə, Cəfər Cəfərov, Məmmədtağı Əsgərbəyli və başqaları fəal iştirak etmişlər.

    Bu gün 80 illik yubiley günlərində universitetin məzunlarından – akademiklər Həsən Əliyev, Validə Tutayuk, İmam Mustafayev, İlyas Abdullayev, Firuz Məlikov, Məmmədtağı Qəniyev, Cəbrayıl Hüseynov, Ələkbər Quliyev və başqalarının adlarını xüsusi iftixarla yada salırıq. Onların hər biri ölkənin ictimai həyatında, xüsusən aqrar elmin inkişafında, səriştəli kadrların hazırlığında böyük rol oynamışdır.

    1940-cı ildə respublikada ali kənd təsərrüfatı təhsilinin 20 illiyi ilə əlaqədar universitetin yubileyi keçirildi. Həmin dövrədək aqrar sahə üçün üç min nəfərədək yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisi hazırlanmışdı. Bütün bu xidmətlərə görə SSRI Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən universitetin bir qrup əməkdaşı Sovet Ittifaqının orden və medalları ilə təltif edildi.

    Ikinci Dünya Müharibəsi çox işləri yarımçıq qoydu. 1941-ci il iyunun 22-də müharibənin başlanması ilə əlaqədar Gəncədə keçirilən ümumşəhər mitinqindən dərhal sonra universitetin müəllim və tələbələrindən 17 nəfəri, o cümlədən, direktor Möhsün Poladov, tədris və elmi işlər üzrə direktor müavini Qafar Rəhimzadə, partiya təşkilatının katibi Ağamusa Səmədov, həmkarlar ittifaqının sədri Rəhim Mehdiyev, dekan Məmməd Ismayılov, dosent Əliqulu Nərimanov və digərləri cəbhəyə yollandılar. 1942-ci ilin avqustunadək müəllim heyətindən 39 nəfər müharibəyə getmişdi. Sonralar komsomol komitəsinin katibi M. Yusifzadənin rəhbərliyi ilə 208 oğlan və qız könüllü olaraq müharibəyə yola düşdü.

    Hazırlıq kursunda oxuyan Israfil Məmmədov təhsili yarımçıq qoyaraq cəbhəyə getdi və Sovet Ittifaqı Qəhrəmanı adına layiq görüldü. Əslən Şəkidən olan məzunumuz, «Xarqo» ləqəbli Əhmədiyyə Cəbrayılov partizan hərəkatlarında misilsiz igidlik göstərdiyinə görə Fransanın ən yüksək mükafatı -»Legion» ordeni ilə təltif edilmişdi.

    Bütün bunlarla yanaşı, əlbəttə, müharibənin ağrı-acısı kollektivin fəaliyyətinə xeyli təsir göstərmiş, tədris prosesində gərgin vəziyyət yaratmışdı. Yüksək ixtisaslı müəllimlər çatışmır, auditoriya və laboratoriyalara, tədris avadanlıqlarına ciddi ehtiyac var idi. Elmi tədqiqatlar çox zəif aparılırdı. Qarşıda duran ən ümdə məsələ – müharibə dövrünün fəsadlarını aradan qaldırmaq, maddi-texniki bazanı gücləndirmək, tədris prosesini yaxşılaşdırmaq, professor-müəllim heyətinin ixtisasının artırılmasına nail olmaq, elmi-tədqiqat işlərini genişləndirmək və ölkədə kənd təsərrüfatının dirçəlməsinə kömək etmək idi.

    Kollektiv bütün bu işlərin öhdəsindən uğurla gəldi və dinc bərpa dövründə, yetmişinci illərin coşğun yüksəlişi mərhələsində öz qəti sözünü deyərək, ölkəyə layiqli tövhələr verdi. Elə buna görə də SSRI Ali Soveti Rəyasət Heyətinin 16 may 1979-cu il tarixli fərmanı ilə kollektivimiz «Şərəf Nişanı» ordeni ilə təltif olundu. Bizim üçün ən önəmlisi budur ki, həmin yüksək mükafatı kollektivə ümummilli liderimiz Heydər Əliyev təqdim etmişdir.

    Şanlı ənənələrə malik hünərvər kollektivimiz həmişə həyatın önündə olmuş, dövləti və dövlətçiliyi qəlbən dəstəkləmişdir. Erməni nankorları tərəfindən Dağlıq Qarabağın və onun ətraf rayonlarının ərazisi zəbt olunmağa başlayanda dövlət aqrar universitetinin kollektivi də gərgin və narahat günlər yaşamağa başladı. Müəllimlərimiz, tələbə və məzunlarımız Moskvanın ermənilərə havadarlığına qarşı kəskin etirazlarını bildirdi, ədalətin bərpası, torpaqların müdafiəsi üçün ayağa qalxdılar və Qarabağ uğrunda gedən döyüşlərdə düşmənlə ölüm-dirim mübarizəsinə qoşularaq müqəddəs torpaqlarımızın qorunmasında böyük fəallıq göstərdilər. Bizim yetirmələrimiz olan Ixtiyar Qasımov, Ənvər Fərəcov (Ölümlərindən sonra) və Məhəmməd Həsənov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldülər. Müəllim və tələbələrimizdən Ağahəsən Məmmədov, Şahlar Allahverdiyev, Ülfət Abbasov, Vüqar Veysəlov, Namiq Muğumov, Ramiz Cəfərov, Vaqif Abbasov, Asəf Şirinov, Rövşən Qarayev, Neman Vəliyev, Nəsimi Əkbərov, Natiq Quliyev torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucaldılar.

    Azərbaycan müstəqillik əldə edəndən sonra sahibkarlığın inkişafı ilə əlaqədar olaraq kəndin siması kökündən dəyişirildi. 1993-cü il iyun ayının 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən H.Ə.Əliyev cənabları artıq avqust ayında Nazirlər Kabinetinə və Kənd Təsərrüfatı Nazirliyinə ölkədə aqrar islahatların həyata keçirilməsi məqsədilə işçi qrupunun yaradılması barədə göstəriş verdi, həmin qrupun tərkibinə bizim mütəxəssislərimiz də daxil edilmişdi.

    Aparılan məqsədyönlü axtarışların nəticəsində 1994-cü ilin dekabr ayında Bakıda «Aqrar islahatların təcrübəsinə dair» beynəlxalq konfrans keçirildi. Həmin dərin məzmunlu, həyatı əhəmiyyəti olan tədbiri müstəqil Azərbaycanda aqrar islahatların rəsmi başlanğıcı hesab etmək olar.

    Bütün bunların məntiqi nəticəsi olaraq 1994-cü il noyabrın 3-də prezident aparatında Heydər Əliyev cənablarının sədrliyi ilə Azərbaycan kəndində iqtisadi islahatların vəziyyəti geniş təhlil olunmuş, qarşıda duran vəzifələr müəyyən edilmişdir. Aqrar islahatların hüquqi təminatının yaradılmasına dair konseptual fikirlər söylənilmiş, sonrakı ardıcıl tədbirlərdə islahatların aparılmasının prinsipləri, mərhələləri, forma və metodları müəyyən olunmuşdur. Bütün bunlar bilavasitə kənd təsərrüfatı  ilə məşğul olan universitetimizin tarixindən, taleyindən gəlib keçirdi.

    Əməkdaşlarımız «Aqrar islahatların əsasları», «Kolxoz və sovxozların islahatı», «Torpaq islahatı haqqında», Azərbaycan Respublikası Qanunlarının hazırlanmasında və müzakirəsində fəal iştirak etməklə yanaşı onların icrası üçün yerlərdə elmi-praktiki konfranslar keçirmiş, geniş təbliğat və izahat işi aparmışlar. Onlar kəndli (fermer) təsərrüfatlarının, istehsal və xidmət kooperativlərinin, səhmdar cəmiyyətlərinin təşkili və formalaşdırılmasına dair konkret tövsiyyələr hazırlamışlar.

    Ardıcıl surətdə görülən işlərin nəticəsində ölkədə aqrar islahat geniş miqyas aldı və uğurlu nəticələr verdi. Kənd təsərrüfatına yararlı torpaq sahəsi kəndlilərə paylanıldı, xüsusi mülkiyyətə əsaslanan çoxnövlü təsərrüfatlar yaradıldı.

    Xalqımızın ümummilli lideri Heydər Əliyevin səyi ilə Azərbaycan kəndi yeni mərhələyə qədəm qoydu. Sahibkarlığa, fermer təsərrüfatlarına geniş meydan açıldıqca universitetdə tədris prosesi də zamanın tələbinə uyğun olaraq yenidən qurulurdu. Çoxpilləli təhsil sisteminə keçidlə bağlı bakalavr və magistrlər üçün yeni tədris proqramları, dərsliklər, dərs vəsaitləri hazırlandı, kafedraların, fakültələrin idarə aparatında struktur dəyişiklikləri aparıldı, bir sözlə, kadr hazırlığının intensiv əsaslarla inkişafının yeni mərhələsi başlandı.

    Ulu öndər Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Fərmanı ilə dörd ali məktəbə, o cümlədən bizim universitetə özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərmək hüququ verildi.

    Kollektiv həmişə yeniliyin sorağındadır. 2005-ci ildən «Kənd təsərrüfatında təhsil və təlimin, həmçinin kənd yerlərinin inkişafına dəstək» layihəsi çərçivəsində Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti ilə iş birliyi yaradıldı. Həmin layihə çərçivəsində universitetimizdə Alman proqramı ilə «aqrar menecment» ixtisası üzrə bakalavrlar hazırlanır, hər il bizim bir qrup tələbəmiz Almaniyanın Vaynştef Universitetində  magistratura kursu keçir.

    Xoş işlərin  sorağı hər yana yayılır.  Bir sıra dövlət başçıları, siyasi və ictimai xadimlər müxtəlif vaxtlarda universitetimizdə olmuşlar ki, bu da kollektivimizin həyatında mühüm hadisələrdən sayılır. 1995-ci ildə Pakistanın  Prezidenti Sərdar Faruk Əhməd Xan Legari, 2007-ci ilin noyabr ayında Türkiyə Prezidenti Abdullah Gül, ən fərəhlisi isə budur ki, 2009-cu ilin may ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev universitetimizi ziyarət etmişdir.

    Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyev ümumən ölkədə təhsilin inkişafına, eləcə də bizim universitetimizə xüsusi qayğı və diqqət göstərir. Bu tükənməz qayğı və diqqətin nəticəsində maddi-texniki bazamız getdikcə möhkəmlənir, müəllim-tələbə heyətinin şəraiti yaxşılaşır. Bütün tədris korpuslarında əsaslı təmir-tikinti və abadlıq-quruculuq işləri aparıldı, qısa müddət ərzində universitetin bütün korpusları istilik sistemi ilə təchiz olundu. Kafedralar, fakültələr, laboratoriyalar, şöbə və bölmələr müasir tələblərə cavab verən kompüter texnikası ilə təmin edildi.

    Tədris prosesinin səmərəli təşkili məqsədilə zəruri cihaz və avadanlıqlar alındı. Bu işlər tədrisin dünya standartları səviyyəsinə çatdırılmasında mühüm rol oynayır.

    Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə 2009-cu ilin may ayında universitetdə “Kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması problemləri:

    - Müasir vəziyyət, dünya təcrübəsi və yeni aqrar təhsilin modeli” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçirildi. Həmin mötəbər tədbirdə altı xarici ölkədən, o cümlədən Türkiyə, Gürcüstan, Almaniya, Iran, ABŞ və Norveçdən nümayəndələr iştirak edirdilər.

    Təhsilin Boloniya prosesinin tələbləri çərçivəsində təşkili və idarə edilməsi ilə bağlı mövcud təcrübəni öyrənmək məqsədilə alimlərimiz Oklahoma Dövlət Universitetinə (ABŞ), Serbiya Kruçevaç Yem Bitkiləri Institutuna, Belqrad Torpaqşünaslıq Institutuna, K.A.Timiryazev adına Rusiya Dövlət Aqrar Universitetinə, Sankt-Peterburq Dövlət Aqrar Universitetinə və Dövlət Baytarlıq Akademiyasına, Belorusiya Dövlət Aqrar Universitetinə, Istanbul Universitetinə, Qrayfsvald Universitetinə və s. ezam edildilər.

    «2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı»ndan irəli gələn müddəaların icrası ilə bağlı universitetdə xeyli struktur dəyişiklikləri aparıldı. Dövrün tələbinə uyğun olaraq burada bir sıra yeni şöbələr, o cümlədən təcrübə və işədüzəltmə şöbəsi, distant və əlavə təhsil mərkəzi, elm və beynəlxalq əlaqələr bölməsi, informasiya va kommunikasiya texnologiyaları mərkəzi, dispetçer qrupu, magistr hazırlığı mərkəzi və s. yaradıldı. Bundan başqa universitetin idarə olunmasında tələbələrin fəal  iştirakını təmin etmək üçün tələbə özünüidarəetmə sistemi inkişaf etdirilir, bu məqsədlə universitetdə   tələbə   parlamenti təşkil edilmişdir.

    2009-cu ilin may ayında oğlan və qızlarımız «Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində» adlı respublika çempionatında ilk dəfə iştirak edərək 12 ali məktəb arasında yarışın qalibi olmuşlar. 2009-cu il oktyabrın 2-dən 9-dək həmin komanda Almaniyanın Berlin şəhərində 48 ölkənin iştirak etdiyi dünya çempionatında respublikamızı təmsil etmişdir.

    2009-cu il mayın 25-də möhtərəm Prezidentimiz cənab İlham Əliyev Gəncəyə səfəri zamanı bir sıra obyektlərdə olmuş, həmçinin Dövlət Aqrar Universitetinin inzibati binasının önündə Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı Xatirə lövhəsinin açılışında iştirak edərək kollektivə xeyir-dua vermişdir.

    Biz səriştəli mütəxəssis yetişdirməklə yanaşı məzunların işlə təminatına dair problemlərin də həllinə çalışırıq. Bu məqsədlə 2009-cu il iyunun 2-də ilk dəfə olaraq «Məzun-2009″ yarmarkası, 2009-cu il iyunun 12-də xüsusi proqram çərçivəsində «Məzun günü» keçirildi.

    2009-cu ilin sentyabrında Bakıda Heydər Əliyev adına İdman və Sərgi Kompleksində keçirilən üçüncü Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgi-konfransında universitetimiz ilk dəfə iştirak edərək sərginin ən böyük «Möhtəşəm debüt» mükafatını almışdır. 2009-cu ilin oktyabrında isə Bakıda Beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma sərgi-konfransında kollektivimiz yüksək səviyyədə təmsil olunmuşdur. Ən fərəhli hal budur ki, ölkə prezidenti cənab İlham Əliyev və kənd təsərrüfatı naziri İsmət Abbasov həmin sərgidə bizim pavilyonumuzu ziyarət edərək işimizə yüksək qiymət verdilər.

    Universitetimiz tədricən respublika tədbirlərinin mərkəzinə çevrilir. 2009-cu ilin iyul ayında xarici işlər naziri Elmar Məmmədyarov xarici ölkələrdəki səfirlərimizlə birlikdə bizim təhsil ocağımızda olmuşdur. Dekabrın 21-də Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovun, Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayevin, xarici işlər nazirinin müavinlərinin iştirakı ilə universitetimizdə dəyirmi masa keçirilmişdir.

    Bu gün ölkə aqrar elmi alimlərinin çox hissəsinin cəmləşdiyi dövlət aqrar universitetində 5 fakültə, 31 kafedra fəaliyyət göstərir. 445   professor-müəllim   hevəti, o cümlədən bir akademik, Milli Elmlər Akademiyasının bir müxbir üzvü, 29 elmlər doktoru, professor, 200-dən çox elmlər namizədi, dosent üç mindən artıq tələbənin təlim-tərbiyəsi ilə məsğul olur. Alimlərimizdən üç nəfəri Əməkdar Elm Xadimi, üçü isə Əməkdar Kənd Təsərrüfatı işçisidir.

    2007-2008-ci tədris ilindən universitetdə iki, 2008-2009-cu tədris ilindən on, 2009-2010-cu tədris ilindən isə bütün ixtisasların birinci kurslarında kredit sistemi tətbiq olunur.

    Hazırda yeni təhsil modelinin tətbiqi ilə əlaqədar tədris məşğələləri interaktiv üsulla keçirilir. Bu məqsədlə professor-müəllim heyəti tərəfindən mühazirə mətnləri, seminar məşğələlərinin planları və dərs icmallarının elektron versiyaları hazırlanmış, kredit sisteminin tətbiqi ilə əlaqədar fənn proqramları yeniləşdirilmişdir.

    Universitetimiz təkcə aqrar biliklərin əsaslarını öyrətməklə kifayətlənmir, həm də gəncləri fəal həyat mövqeyinə hazırlayır, onların yaradıcılıq imkanlarının üzə çıxarılıb inkişaf etdirilməsinə səy göstərir. Xalqımızm milli-mənəvi dəyərlərinin təbliğinə, gənclərin əsl vətəndaşlıq ruhunda tərbiyə olunmasına xüsusi fikir verilir. Tələbələr fəal surətdə ictimai işlərə, idmana, mədəniyyətə və incəsənətə cəlb olunurlar. İstedadlı oğlan və qızlardan ibarət mahnı və rəqs ansamblı, estrada orkestri, xalq dram teatrı yaradılmışdır.

    Bədən tərbiyəsi və idman gənclərin gündəlik işinə çevrilmişdir. Universitetdə klassik və sərbəst güləş komandaları, boks, voleybol və basketbol komandaları, futbol klubu fəaliyyət göstərir. Tələbələrimiz müxtəlif baxışlarda, yarışlarda uğurlar qazanır, kuboklara, diplomlara, fəxri fərmanlara və medallara sahib olurlar.

    Universitet yarandığı gündən tələbə elmi cəmiyyəti fəaliyyət göstərir. Cəmiyyətin üzvləri alimlərimizin rəhbərliyi altında seçdikləri mövzular əsasında laboratoriyalarda, emalatxanalarda, təcrübə sahələrində, kompüter mərkəzində tədqiqatlar aparır, elmi fikirlər irəli sürürlər, konfranslarda və müsabiqələrdə fəal iştirak edirlər.

    Aqrar təhsil və elm muzeyimiz zəngin xəzinə, əsil bilik, təcrübə məbədidir. Burada görkəmli alimlərin əsərləri və ixtiraları toplanmışdır. Muzey səksən il ərzində tədrisdə, elmdə, metodiki işlərdə, təsərrüfatlara kömək sahəsində və digər məsələlərdə görülən işləri əks etdirən əyani bir məktəbdir. Nizami Gəncəvinin «Xəmsə»sinin motivləri əsasında işlənmiş bədii salon, xalq cümhuriyyətinin iclas zalı, müharibə və əmək veteranlarının, milli qəhrəmanların şücaətini əks etdirən materiallar muzeyi daha da zənginləşdirir.

    Tələbələrin azərbaycançılıq ideologiyası ruhunda tərbiyə edilməsi üçün universitetdə Heydər Əliyev mərkəzi fəaliyyət göstərir. Burada gənclər ulu öndərin zəngin irsini, ibrətamiz həyat yolunu, misilsiz fəaliyyətini faktiki materialların və əyani vasitələrin köməyi ilə öyrənirlər. Universitetimizdə elektron kitabxana fəaliyyəl göstərir ki, bu da oxucuların internet vasitəsilə dünyada gedən yeniliklərdən tez bir zamanda xəbər tutmasına xidmət edir.

    80 yaşlı Azərbaycan Dövlət Aqrar Universitetinin qarşısında çox böyük vəzifələr durur. Ən əsası müstəqil ölkəmiz üçün mütəxəssis hazırlığı keyfiyyətinin daha da yaxşılaşdırılmasından, elmi tədqiqatların genişləndirilməsi və dərinləşdirilməsindən, məhsul istehsalının artırılması üçün aqrar bölməyə hərtərəfli kömək göstərilməsindən ibarətdir.

    Biz yaxşı başa düşürük ki, müstəqil ölkəmiz üçün yüksək ixtisaslı kadrların hazırlanması üçün daha böyük əzmlə çalışmalı, bu qocaman təhsil və elm ocağını Qafqazın ən tanınmış ali məktəblərindən birinə çevirməliyik.

    Mirdaməd SADIQOV, Azərbaycan Dövlət Aqrar

    Universitetinin rektoru, professor.

    Şərh yazmaq




    Spam protection by WP Captcha-Free