Daş bizi qədimdən bu günə daşıyan bir vasitədir
Daş dünəni bu günə,bu günü sabaha daşıyaraq, tarixi özündə yaşadan, əsrlərdən bəri insan həyatında, onun yaşam tərzində əvəzsiz rol oynayan müqəddəs və əvəzolunmaz bir varlıqdır! Daş tarixən bir təməl, bir mənbə olaraq bəşəriyyətin yaranmasında, onun inkişafında, tarixin formalaşmasında əvəzsiz rol oynayıb.
Bu yerdə daşa həsr etdiyim bir şeirim yadıma düşdü:
Daş bünövrə,daş təməl,
Onun gizli sehri var.
Keçmişdən bizə miras,
Gələcəyə yadigar.
Bir anlıq daşın tarixinə nəzər salsaq görərik ki, DAŞ sözünün anlamı D-dil, A-ağıl və Ş-şüurdur! Bu üç hərfin birləşməsindən bəhs edən məna daşın hikmətinin bir növ açılışına sübutdur.
İnsan adlı varlıq gözünü açıb dünyanı görəndə onu ilk qarşılayan ana təbiət oldu.O saf, bakirə dağları, daşları, çayları, insanın ixtiyarına verdi. İnsan çox düşündü və nəhayət öz tapıntısını daşda tapdı. Daşı daşla daşlayıb, qığılcım qopardaraq, od əldə etdi. Qar-çovğundan, böyük buzlaq dövrünün öldürücü şaxtasından özünü qoruyaraq məhv olmadı. Daşı daşa çırparaq parçaladı. Bu parçalar içərisindən təsəvvürünə uygun kəsici alət düzəltdi və həmin alətlərlə ov ovladı, quş quşladı, ac qalmadı. Daşı daş üstə qoyub dam ucaltdı, özünə isti yurd-yuva qurdu və beləliklə ilk incəsənət növü daş üzərində rəsmlər oldu. Buna misal olaraq, ən zəngin qayaüstü təsvirlər olan, Qobustan qayaüstü rəsmlərini göstərə bilərik. Qobustan petroqrifləri-açıq səma altında olan muzeydir. Petroqriflər, yəni qayaüstü rəsmlər Yer planetində insan təkamülünün bədii arxivi olduğunu aşkara çıxardı. Bu cür arxivlərin sənədləri isə insanın öz mənliyini ilk dəfə ətraf aləmə translyasiya etməsinə səbəb oldu. Qobustanda Böyükdaş, Kiçikdaş, Çınqirdağ, Şonqardağ və Şıxqaya dağlarında daş dövrünə aid olan çox sayda qayaüstü təsvirlər, incəsənət abidədəri, düşərgələr, yaşayış məskənləri, qəbir daşları var ki, bunlar ibtidai insan həyatını, təsərüfatını, dünyagörüşünü, adət-ənənələrini əks etdirərək keçmişi bu günə daşıyan bir mənbədir!.. Bundan əlavə ilk tariximiz daş kitabələr oldu. Buna misal olaraq,Təbriz yaxınlığındakı Bisütun dağı üzərində həkk olunmuş tarixi salnaməni göstərmək olar! İlk musiqi alətimiz də daşdan oyuldu-Qobustan qaval daşı!..
Daş dedikdə ilk öncə göz önündə güllü-çiçəkli, bağlı-bağaltlı, daşlı-kəsəkli, qumlu-çınqıllı müqəddəs vətən, ana torpaq canlanır. Vətən, torpaq, daş bu üç varlıq bir-birinə o qədər dərin məhəbbətlə bağlıdır ki, bunları ayri-ayrılıqda təsəvvür etmək qeyri-mümkündür. Bütün bunlara bağlı dördüncü varlıq isə insandır! -Bəli insan!
Əbəs yerə insan məhfumundan söz açmadım. İnsan vətəndə dogulur, torpaqla qidalanır, daşın sayəsində özünə yaşayış yeri, məskən salaraq, onun möhkəmliyindən, əzəmətindən güc-qüvvət alıb, cəmiyyətdə bir vətəndaş kimi formalaşır.
Diqqət et vətən və daş
Çoxdan olubdu qardaş.
Dünən doğulan insan,
Bu gün olur vətəndaş.
Bəli, daxilimdən qaynaqlanan bu şeir parçası, doğurdan da vətənin daşa, daşın insana bağlılığına bir növ sübutdur. Lakin, daşın qüdrəti,onun əzəməti o qədər mükəmməl və qədim tarixə malikdir ki, min illər ərzində onun üzərində dünyanın mədəniyyət xəzinəsinə daxil olan ən zəngin mədəni irs yaradılaraq tarixin daş yaddaşlarına silinməz hərflərlə həkk olundu.
İnsan və daş, daş və insan münasibətlərinin fəlsəfəsi həmişə keşməkeşli olub…
İnsan həmcinsi ilə fəxr edəndə onun vücudunu daşda həkk edib daşlaşdırmaqla uca tutmağa çalışıb. Eyni zamanda həmcinsinin ucalığa xələl gətirən əməllərindən xəbər tutunca öz yaratdığı daş abidəni yerlə yeksan edib. Sevincinin də, qəzəbinin də harmoniyasını daşda taparaq onun möhkəmliyinə, mükəmməlliyinə söykənib.
Daşların qatları açıldıqca insanla daş arasında bağlılıq da üzə çıxdı, qarşılıqlı mehr və ünsiyyət gücləndi. “Doğulduğumuz ayın daşları”, “Həftə günlərinin daşları”, “Bürclərin daşları”, “Şəfa daşları”, “Qəlb daşları” və sairə inanclar daşlara bağlılığımızın real mahiyyətə malik ruhi və vizual əlamətləri olduğunu bir daha sübuta yetirdi. Dövran dəyişdikcə daşların gözəlliyi də üzə çıxıb göz oxşadı və sirri agah olduqca dərdlərə dərman oldu, qiymətə mindi. Almaz, firuzə, aqat, kvars, rubin, akvamarin, ametist, opal, mirvari, xrizolit, zümrüd…, bunları nə qədər istəsək uzatmaq olar.
Daşlar haqqında qədim “Lapidariya” kitablarında da almaz dayanıqlığın, cəsarətin və mərdliyin simvolu sayılır. Çoxdan elmə məlumdur ki, almaz ən bərk metalları belə cilalaya bilir. Buna misal olaraq:
Müasir dövrümüzdə Azərbaycanın böyük kimyaçı alimi, təkrarolunmaz insan Xudu Məmmədov daşların bir varlıq olaraq ilahi mahiyyətini üzə çıxartdı. Onun kristalloqrafiya sahəsində apardığı fundamental tədqiqatların sonuclarından biri kristal cizgi quruluşunda XUDA sözünün konfiqurasiyasını görməsi idi. Daşların virtual canında gözəgörünməz ilahi qüvvənin inikası onunla insan arasında birbaşa əlaqənin sübutu oldu.
Keşməkeşli münasibətin bir qəribəliyi də odur ki, “təbiət və insan daşa mehr” uğrunda sanki mübarizə aparır. Daş təbiətə məxsusdur. İnsan əlləri zehni əmrlərlə onu cilalayaraq binalar tikir, şəhərlər salır, bir sözlə, gözəllik yaradır və daş füsunkarlığını tarixin yaddaşına həkk edir. Təbiət isə öz tufanları, sel-suları, zəlzələləri ilə bu gözəlliyi dağıdıb viran qoyur, insanın daşa olan məhəbbətinə qısqanclıqla yanaşır. Ancaq, düşünürəm ki, bu ilk baxışda belə görünür. Əslində, təbiət öz malı olan daşın saf, təmiz gözəlliyini qorumağa çalışır, insan isə təbii gözəlliyi duymaqla yanaşı, öz ruhunu oxşayan gözəlliklər yaratmağa səy göstərir. Nəticədə isə daşın sonu görünməyən təzadlı təmasının bədii-estetik dialektikası yaranır. Bu yerdə yenə daşa həsr etdiyim bir şerim yadıma düşdü :
Daş ilahi bir varlıq,
Daş bil haqqın səsidir.
Daş tanrının bizlərə
Olan hədiyyəsidir!..
Hər bir dövrün öz dövranı olduğu kimi, hər bir insan cəmiyyətinin də özünəməxsus xüsusiyyətləri var. Başı daşdan daşa dəyə-dəyə bəşər övladları gah bir-birlərinə qənim kəsildilər-daşlaşdılar, gah da ünsiyyət qurub dağları-daşları yararaq yol saldılar, doğmalaşdılar. İnsan insanla, ailə ailəylə, xalq xalqla daşlaşa-daşlaşa yadlaşdılar, yaxud doğmalaşdılar, amma hər iki halda tarixlərini daşlaşdırdılar.
İnkişaf edə-edə ruhumuz da ucaldı, elmimiz də. Artıq təbiəti kor-koranə müşahidə karımıza gəlmədi, hər canlıda, hər gözəllikdə, hər əşyada bir məna axtarmağa başladıq. Dünyanı dərk etmək istədik. Dünyanı dolaşa-dolaşa darlıqdan dönüb dərinliyə daldıq. Bu yerdə yenə daşa həsr etdiyim şeiri deməyin məqamı çatdı:
Dünya bizi ovsunlayıb, bac aldı.
Ömür ötdü, sanki illər qocaldı.
Daşlar, zaman-zaman tarixləşdilər,
Tariximiz daşlaşdıqca ucaldı.
Dünyada olan hər bir canlının öz dili var. Bəzən deyirlər daşın da dili var. Amma daşı da dilləndirən insandı, insan öz insani halını onun üzərinə köçürərək, daşı daş üstə qoyub xaliqələr yarada bilər.
Daş daşa söykənəndə çevrilib divar olur. Gəlin daşı daşa söykəməyi bacaraq! Beləcə daşlar dil açaraq danışmağın binasını qoydular.
Çalışaq ki, biz də bu binanı daima qoruyaq! Qoruyaq ki, keçmişimiz qorunsun və qoruduğumuz bu daşlar tarixə köçərək gələcəyə böyük səlnamələr yaratsın!
Sonda daşa həsr etdiyim bir şeir parçasıyla fikrimi tamamlayıram!
Bir sual ver özünə,
Söylə görək daş nədir.
Daş keçmişi bu günə,
Daşıyan vasitədir!
Dürdanə ABBASQİZİ





