• 08.06.2010/09:11; “Gəncənin səsi”-iki əsrin güzgüsüdür

      0 şərh

    “Gəncənin səsi”-iki əsrin güzgüsüdür

    Bu il Azərbaycan mətbuatının, daha doğrusu “Əkinçi” qəzetinin 135-ci ildönümü respublikanın hər yerində, eləcə də bütün Şərq dünyasında təntənəli sürətdə qeyd edilir. Əsası milli mətbuatımızın korifeyi Həsənbəy Zərdabi tərəfindən qoyulan “Əkinçi” qəzeti özündən sonra böyük bir məktəb yaratmışdır. “İrşad”, “Fiyuzad”, “Azərbaycan” qəzetləri, “Molla Nəsrəddin” jurnalı kimi dünyada tanınan mətbu orqanlar məhz “Əkinçi” qəzetinin davamçıları olmuşlar. 

    Bu mətbu orqanlar içərisində layiqli və şərəfli yer tutan “Gəncənin səsi” qəzetinin bu il 90 yaşı tamam olur. Bu illər ərzində müxtəlif adlarla işıq üzü görən, bölgədə ən nüfuzlu qəzet sayılan “Gəncənin səsi” olduqca çətin, keşməkeşli, lakin şərəfli bir həyat yolu keçmişdir.

    “Gəncənin səsi” qəzeti 1920-ci ilin may ayında olduqca qarışıq, çətin bir dövrdə “Qırmızı Gəncə” adı ilə fəaliyyətə başlamışdır. Bu elə dövr idi ki, Azərbaycanı Qırmızı imperiya işğal etmişdi, imperiyanın hər yerində olduğu kimi odlar yurdunda da hərc-mərclik, özbaşnalıq hökm sürür, xalqın qaymaqları, başbilənləri sorğusuz-sualsız güllələnirdi. Belə bir şəraitdə nəşrə başlayan bu qəzetin qarşısında müəyyən maneələr, çətin və mürəkkəb vəzifələr dururdu. Yeni cəmiyyəti, onun qayda – qanunlarını, beynəlmiləlçilik hisslərini təbliğ etmək, bununla yanaşı, milli mentaliteti qoruyub saxlamaq çox çətin bir məsələ idi. Elə buna görə də qəzet cəmi 5-6 ay fəaliyyət göstərib, 30-a yaxın nömrəsi işıq üzü gördükdən sonra yuxarı dairələrin göstərişi ilə bağlandı. Qəzetin ilk redaktoru Məmmədkazım Ələkbərli milli mətbuatdan uzaqlaşdırıldı, daha doğrusu, didərgin salındı. Az sonra onun yerini “Füqarə sədası” adı altında nəşrə başlayan yeni mətbu orqan tutdu. Bu ad altında çıxan qəzetin də həyat üzünə gülmədi. 1923-cu ildə qəzetin redaktoru Balabəy Həsənbəyovun da işlərində “bağışlanmaz nöqsanlar” tapıldı və tezliklə redaktor vəzifəsindən uzaqlaşdırıldı, qəzetin nəşri məsələsi düyünə düşdü…

    Dövrün qarışıqlığı, bir-birinin işinə qarışan inqilab və qəza komitələrinin arasında gedən kreslo çəkişmələri, yerlərdə olan haqsızlığa və ədalətsizliyə qarşı baş verən üsyanlar mətbu orqanların işini olduqca çətinləşdirirdi. Qəribə burası idi ki, 1925-ci ildə şəhər qəza komitələrində aparılan srtuktur dəyişiklikləri qəzetin fəaliyyətini tam məhdudlaşdırdı, 1929-cu ildə isə ayda iki dəfə işıq üzü görən “Zərbə” adı ilə nəşr olunan qəzet 1935-ci ildə adını dəyişərək əvvəlcə “Kirovabad bolşeviki”, sonra isə “Kirovabad fəhləsi” adlarını daşıdı. Qəzetin redaktoru olduqca təcrübəli naşir, tanınmış jurnalist Cavad Fərhadovun taleyi də özündən əvvəlki redaktorların taleyinə bənzədi. 1937-ci il repressiyası bu gözəl şəxsiyyətdən də yan keçmədi. O, xalq düşməni adlandırılaraq həbs edildi və az keçmədi ki, güllələndi. Yuxarıdan göründüyü kimi, Sovet dönəminin ilk onilliklərində mətbuatın keçdiyi yol heç də asan və hamar yol olmamışdır.

    Qəzetin redaktor və yazarlarından Məmmədkazım Ələkbərli, Balabəy Həsənbəyli, Cahangir Hüseynov, Cavad Fərhadov, Qara Abbas və digərləri, söz-sənət sərrafları Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq kimi məşəqqətli, ağır və faciəli bir ömür yaşadılar.

    1953-cu ildə el şairi Məzahir Daşqının insan cəlladı adlandırdığı, “xalqlar atası”, xalqımızın ən qəddar düşməni Stalin dünyasını dəyişdi. Stalin öləndən sonra vətənpərvər oğullara da, onları təbliğ edən mətbu orqanlara da münasibət bir qədər yumşaldı. Elə həmin dövrdə qərb rayonlarını əhatə edən Gəncə vilayəti yaradıldı, qəzetin adı dəyişdirilib “Gəncə kommunisti” oldu. Lakin Gəncə adından qorxan, vahiməyə düşən mərkəz, sapı özümüzdən olan baltaların köməyi ilə Gəncə vilayətini ləğv etdi.Üstəlik qəzetin də adını dəyişib “Kirovabad kommunisti” elədilər. Qəzet düz 37 il bu adı daşımalı oldu. Nəhayət Gəncənin adının bərpası ilə əlaqədar olaraq 1 yanvar 1990-ci il tarixdən qəzet “Gəncənin səsi” adı altında nəşr olunmağa başladı.

    Sevindirici hal odur ki, bütün respublika qəzetləri susdurulan zaman 20 Yanvar qırğınını, əliyalın oğul və qızlarımızın gülləbəran edildiyini, Qorbaçuvun, Yazovun, Bakatinin, eləcə də onların Azərbaycandakı əlaltılarının – o zamankı rəhbərliyin ikiüzlülüyünü, qaniçənliyini, qəddarlığını dünyaya çatdıran məhz “Gəncənin səsi” qəzeti oldu. Eyni zamanda fəxrlə deyə bilərik ki, qəzet müxtəlif dövrlərdə müxtəlif adlarla nəşr olunsa da həmişə xalqın güvənc yeri və trubinası olmuş, xalqımızın maariflənməsi, yüksək mədəniyyətə yiyələnməsi və digər sosial məsələlər uğrunda gedən mübarizədə öz sözünü yerli-yerində deyə bilmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, “Gəncənin səsi” qəzeti bir çıraq kimi həmişə öz ətrafına əsl söz-sənət pərvanələrini toplamışdır. Səməd Vurğun, Mir Cəlal Paşayev, Əhməd Cəmil, Ələkbər Ziyatay, Fərrux Həsənli, Nürəddin Babayev, Canbaxış Cavadzadə, Altay Məmmədov, Oqtay Məmmədov və onlarla başqaları ilk qələm təcrübələrini məhz bu qəzetdə dərc etdirmişlər. Müxtəlif illərdə Məmməd Qurbanov, Xudadat Tağıyev, Kəramət Tağıyev, Abdulla Şərifov, Zahid İsmayılov, Fərid Cəfərov kimi görkəmli simalar şəhər qəzetinə rəhbərlik etmiş və qəzetin nüfuzunun artması üçün əllərindən gələni əsirgəməmişlər. Onları tanıyanlar həmin redaktorlardan 3 nəfərin – Kəramət Tağıyevin, Abdulla Şərifovun və Zahid İsmayılovun barəsində söhbət düşəndə həmişə ağızdolusu, fərəhlə danışırlar. Belə ki, ciddi və tələbkar olan Kəramət Tağıyev qəzetin nəzdində müxtəlif mövzularla bağlı müsabiqələr elan edir, gənc istedadları üzə çıxarır və onları qəzet işinə cəlb edirdi. Həmçinin jurnalistikanın müxtəlif janrları barədə məşğələlər təşkil edir, gənclərin əsl jurnalist kimi yetişməsinə zəmin yaradırdı. Abdulla Şərifov isə həmişə yazarlara, rəhbərlik etdiyi kollektivə xüsusi qayğı ilə yanaşmış, onların problemlərinin həll olunması üçün əlindən gələni əsirgəməmişdir. Zahid İsmayılov Gəncə jurnalistikasında öz dəsti-xətti, nizam-intizamı, jurnalisti müxtəlif bürokratik maneələrdən qorumağı ilə seçilirdi…

    Uzun illərdir ki, “Gəncənin səsi” qəzetinə Respublika Jurnalistlər Birliyi Gəncəbasar təşkilatının sədri, Əməkdar jurnalist, gözəl qələm sahibi Sabir Hacıyev rəhbərlik edir. Bu gün respublikada öz dəsti-xətti ilə tanınan, imzaları dünyanın hər yerindən ölkəmizə şərəf və başucalığı gətirən Qərib Mehdi, Hamlet Qasımov, Amalya xanım Qasımova, Bahadur Fərman, Etibar İbrahimov, Sabir Əliyev, Vaqif Tanrıverdiyev, İbrahim Məsimoğlu, Məmməd Alim və onlarla başqaları ilk addımlarını “Gəncənin səsi” qəzetində, Sabir müəllimin bu qəzetə rəhbərlik etdiyi dövrdə atmışlar. Eləcə də bu gün qəzetdə çalışan yazarlardan Rəfiqə xanım Sadıqova, Asya xanım Əliyeva, Füzuli Ruzigar və başqaları nəinki Gəncə mətbuatında, eləcə də Azərbaycan jurnalistikasında öz yeri, öz cığırı, öz izi olan peşəkar jurnalistlərdir. Yuxarıda adları sadalanan yazarların hər biri gənc jurnalistlər üçün örnək və əvəzedilməz məktəbdir.

    90 illik bir dövrdə öz səlnaməsini, öz məktəbini yaradan “Gəncənin səsi” qəzeti respublikamız müstəqillik qazandıqdan sonra Azərbaycan dövlətçiliyinin qorunmasının, onun iqtisadiyyatının inkişafının, o cümlədən Gəncə şəhərində qazanılan məqsədyönlü nailiyyətlərin təbliğində həmişə mühüm rol oynamış və bu gün də mühüm rol oynayır. Ümumiyyətlə qəzetin 70-ci ildən bu günə kimi olan fəaliyyətini “Gəncənin səsi”nin intibah dövrü adlandırsaq zənnimizcə yerinə düşər. Qəzetin hər nömrəsində köşə yazısı, Gəncə şəhərində qazanılan məqsədyönlü naliyyətlər, ayrı-ayrı şəxsiyyətlərin fəaliyyəti və digər sosial məsələlər öz əksini tapır. Bəli, bu dövrdə “Gəncənin səsi” dərin bir ümmana, bu qəzetin yazarları isə həmin ümmana tələsən gur sulu dağ çaylarına bənzəyirlər…

    “Kür” İnformasiya Agentliyinin yaradıcı kollektivi adından üzümüzü qəzetin redaktoru, Gəncə jurnalistikasının ağsaqqallarından biri olan Sabir müəllimə və onun rəhbərlik etdiyi kollektivin hər bir üzvünə tutub deyirik: – Ömrünüz ümman kimi uzun, su kimi təmiz, bahar kimi təravətli və axarlı-baxarlı, qələminiz qılınc kimi kəsərli olsun. Bayramınız mübarək!

    Ramiz Təmkin, Gəncə.

    Şərh yazmaq




    Spam protection by WP Captcha-Free