25.11.2012/10:37; Təcrübəli müəllim

Təcrübəli müəllim

Azərbaycanın dilbər guşələrindən biri olan  Göygöl rayonunda Aidə xanım Əliyevanı hamı qabaqcıl müəllim kimi tanıyır.

Əliyeva Aidə Qədir qızı 1965-ci ildə Göygöl rayonunda fəhlə ailəsində anadan olub. 1984-cü ildə 4 saylı məktəbi qurtarıb. Elə həmin ili Gəncə Pedaqoji məktəbinə daxil olub. Təhsilini davam etdirməklə yanaşı ailə həyatı qurub. 1987-ci ildə pedaqoji məktəbi qurtarıb. 1990-cı ildə Göygöl rayon 3 saylı məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. Elə işə başladığı ilk günlərdən peşəsinə bağlı olub. Dərs keçdiyi sinifdə olarkən Aidə müəllimənin öz əlləri ilə hazırladığı bir sıra əyani vəsaitlərin şahidi olduq. Riyazi qaydalar, əlifbadakı hərflərin sıra ilə hazırlanması diqqətimizi cəlb etdi. Aidə müəllimə dəfələrlə riyaziyyat fənni üzrə açıq dərslər keçirmişdir. Açıq dərslərin təhlilində rayonun müxtəlif məktəblərindən olan təcrübəli müəllimlər Aidə müəllimənin iş üsuunu bəyənmiş, onun barəsində dəyərli fikirlər söyləmişlər. 2009-cu ildə Aidə müəllimənin pedaqoji fəaliyyəti haqqında yerli “Göygöl” rayon qəzetində material verilmişdir. O, hazırda aşağı siniflər üzrə metodbirləşmənin sədri işləyir. Aşağı siniflərdə əlifba bayramlarının, müxtəlif tədbirlərin keçirilməsində yaxından iştirak edir. Aidə müəllimə dərslərini təşkil edərkən çalışır ki, müasirliyə üstünlük versin. 2009-cu ildə Göygöl rayonu 1 nömrəli məktəbdə Müəllimləri Təkminləşdirmə kursunda olarkən öz savad dairəsini artıqmağa çalışıb. O, çalışır ki, kurikulumla bağlı uşaqlarda bilik və vərdişlərin aşılanmasına, riyaziyyat fənni üzrə məntiqi məsələ və misalların öyrədilməsinə daha üstünlük versin. Aidə müəllimə aşağı siniflərdə yeni qiymətləndirmə üsulunu daha çox bəyəndiyini qeyd etdi.

Hər şey insanda kiçik yaşlarında formalaşdığı üçün Aidə müəllimə öz şagirdlərinə həmçinin, böyüklərə hörmət, vətənə məhəbbət, təbiətə vurğunluq, əmək vərdişləri kimi hisslər aşılayır. Bunun üçün mütamadi olaraq onlarla söhbət aparır, onlarla təbiət qoynunda ekskursiyalar təşkil edir, onlara öz hüquqlarını başa salır.

Aidə müəllimə öz ailəsinə çox bağlı bir xanımdır. 3 qızı, 1 oğlu var. Qızı Aygün anasının yolunu davam etdirir. O da ailə təhsilli ingilis dili müəlliməsidir. Aidə xanım həm də nənədir, 2 nəvəsi var.

Aidə müəllimə musiqiyə bağlı insandır. Xalq mahnılarını çox sevir. Boş vaxtlarında mütaliə etməyi və özünün dediyi kimi şirniyyat bişirməyi, ailəsi üçün dadlı yeməklər hazırlamağı sevir.

Aidə müəllimə hazırda 4b sinfinin sinif rəhbəridir. Sinifdə 26 şagird var. Bunlardan 16-sı əlaçıdır. O hər zaman şagirdlərini sevir, öz işi və sənəti ilə fəxr edir.

Dürdanə Məmmədova, Göygöl.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *