15.11.2012/11:56; Fəaliyyət insanın bir şəxsiyyət kimi formalaşmasının əsas amili kimi

Fəaliyyət insanın bir şəxsiyyət kimi formalaşmasının əsas amili    kimi

Böyük rus pedaqoqu A.S. Makarenko demişdir: “ İnsan dünyaya bioloji varlıq kimi gəlir.Ancaq insan kimi formalaşması tərbiyə prosesinin nəticəsində olur”.

Deməli, tərbiyə prosesi insan həyatında  mühüm rol oynayır. İnsanın bir şəxsiyyət kimi inkişafı onun yerinə yetirdiyi çoxplanlı fəaliyyətidir. Fəaliyyət tərbiyənin mühüm amilidir. Müxtəlif fəaliyyət növlərinə daxil olmaqla şagird başqa fərdlərlə və kollektivlərlə müxtəlif şəraitdə münasibətdə olur. Onun ilk ünsiyyətdə olduğu fərd anası, ilk kolektiv isə ailəsidir. Uşaq böyüdükcə ünsiyyətdə olduğu fərdlər çoxalır, kollektiv böyüyür.  Onlar üçün ilk, tanımadıqları və ünsiyyətdə olduqları kollektiv uşaq bağçası, sonra isə məktəbdir. Bu münasibət nə qədər geniş və zəngin olarsa şagirdin ünsiyyət dairəsi də bir o qədər geniş olar. Bu da onun mənəvi inkişafını daha da zənginləşdirər. Mənəviyyatı zəngin olan şagird gələcəkdə böyük bir şəxsiyyət kimi formalaşar.

Fəaliyyət prosesində şəxsiyyətin mənəvi və əxlaqi dəyərləri formalaşır. Fəaliyyət tərbiyənin əsas amillərindən biridir. Fəaliyyətin müxtəlif növləri var və onlar şəxsiyyətin formalaşmasına müxtəlif şəkildə təsir edir. Burada yaş dövrü üçün əsas fəaliyyət növünün olması və onun necə təşkil edilməsi əsas rol oynayır. Fəaliyyət növü dedikdə burada əsas oyunlar nəzərdə tutulur. Oyunlar kiçikyaşlı uşaqlar üçün nəzərdə tutulur. Onu da qeyd etmək lazımdır ki, bu oyunlar uşaqların təxəyyülünün məhsulu olur. Məsələn, kiçikyaşlı uşaqlar ilk vaxtlar,( yəni 3-5 yaşlarında) qızlar öz gəlinciklərinə “layla çalır”, bir növ “ana” rolu oynayırlar; oğlanlar isə “əsgər” olurlar və “düşmən” tuturlar. Adətən, uşaqlar oynamaq istədikləri “obrazların” nitqini, səhnəciklərin ssenarisini özləri şifahi şəkildə yazır və səhnələşdirirlər. Belə ssenarilərin qurulması gələcəkdə onların sərbəst inşa yazmalarına, öz fikirlərini sərbəst ifadə etmələrinə kömək edəcəkdir. Adətən, müşahidə qabiliyyəti çox yaxşı inkişaf etmış uşaqların fəaliyyəti yüksək olur. Onlar qurduqları oyun- səhnəciklərə öz yaşıdlarını da dəvət edirlər. Kiçik kollektiv yaranır. Oyun davam edir.Artıq onlar arasında dialoqlar yaranmağa başlayır.Çox vaxt kənardan oyun oynayan uşaqları müşahidə edirəm.Hər zaman diqqətimi bu kiçikyaşlı uşaqların müsbət qəhrəman olmaq istəməsi cəlb edir.Onlardan heç kəs “pis adam” olmaq, yəni mənfi obraz olmaq istəmir. Uşaqlar artıq kiçik yaşlardan anlayirlar ki, “yaxşı” və “pis” insan kimdir. Artıq onlar “yaxşı”, “pis” anlayışlarının nə demək olduğunu anlayırlar.  Deməli,  artıq onlarda mənəvi və əxlaqi dəyərlər haqqında anlayışlar formalaşmağa başlayır. Kiçikyaşlı uşaqların oynadıqları oyunların onların həyatında baş verən hadisələrdən, yaxud peşələr ilə bağlı münasibətlərdən bəhs edən kişik səhnəciklərin qurulmasından ibarət olur. Belə səhnəciklərin qurulması uşaqların nitq qabiliyyətini inkişaf etdirir, söz ehtiyatını zənginləşdirir, qarşılıqlı münasibətlərin,ünsiyyətlərin yaradılmasına kömək edir. Belə oyunlar uşaqlarda sənət və peşələr haqqında anlayışlar formalaşdırır. Məsələn, uşaqların şox sevdikləri peşələr “müəllim”,”həkim”,”polis”dir.  Uşaq vaxtı qurduqları səhnəciklərdə “müəllim”, “polis”, “həkim” olan bəzi uşaqların gələcək həyatlarında  bu peşələri seçdiklərinin şahidi olmuşam.

Məlum olduğu kimi ,məktəb dövründə  uşaqların müəllimlər tərəfindən təşkil olunan və istiqamətləndirilən , onlarda şəxsiyyətin məqsədəyönəlmiş şəkildə formalaşmasına təsir göstərən fəal fəaliyyət növlərindən biri təlimdir. Bilirik ki, təlim dövrü dedikdə məktəb həyatı nəzərdə tutulur. Burada müəllimlərin üzərlərinə çox böyük məsuliyyət düşür. Müəllimlər çox diqqətli olmalıdırlar. Əgər təlim düzgün təşkil edilmiş olarsa şagirdin inkişafına gətirib çıxarar və onun sosiallaşma prosesinin müvəffəqiyyətlə həyata keçməsinə səbəb olar. Təcrübələr göstərir ki, təlimin təşkili şəraitinin düzgün olmaması  şəxsiyyətin hər hansı bir cəhətinin deyil, onun bütövlükdə inkişafına pozucu təsir göstərir.Şagird şəxsiyyətinin inkişafı onun məktəbdəki müvəffəqiyyəti və  müvəffəqiyyətsizliyindən çox asılıdır. Şagirdin müvəffəqiyyətsizliyi onda təkcə idrak sahəsinin inkişafına deyil, şəxsiyyətin formalaşmasına da təsir göstərir. Belə müvəffəqiyyətsizliklər şagirdlərdə özünəinam hissini azaldır,özünüqiymətləndirmə zəifliyi yaradır.Bu cür uşaqlarda qeyri-sabitlik, narahatlıq vəziyyəti yaranır. Belə uşaqlar aqresiv və yalan danışmağa meyilli olurlar.  Deməli, insan şəxsiyyəti fəaliyyətdə ifadə olunur və fəaliyyət onun şəxsiyyətini formalaşdırır.Tərbiyəvi təsir mühiti yaradan zaman şagirdin daxil olduğu mühiti, müxtəli fəaliyət növlərini, şagirdin yaş xüsusiyyətini, onlar arasındakı uyğunluğu nəzərə almaq lazımdır. Bunun üçün hər bir müəllimin fəaliyyət planı olmalıdır.Fəaliyyət planında müəllim tərbiyəvi və ictimai münasibətlərlə bağlı, bir sözlə şagirdin dünyagörüşünə, sosiallaşmasına müsbət təsir edəcək mövzuları nəzərdə tutmalıdır. Şəxsiyyət ətraf aləmlə fəal qarşılıqlı münasibətdə formalaşır. Qarşılıqlı münasibət isə fəaliyyət nəticəsində mümkün olur. Əgər fəaliyyət prosesində fəallıq olmasa, həmin prosesin uğurlu nəticəsindən danışmaq mümkün deyidir. Adətən,insan bütün həyatı boyu bir çox fəaliyyətdən istifadə edir. Lakin bunların hamısı onların şəxsiyyətinin formalaş-masına eyni dərəcədə təsir etmir. Ayrı-ayrı yaş dövrlərində bu fəaliyyətlərin biri əsas, digəri isə aparıcı fəaliyyət olur. Məsələn, məktəbəqədər yaş dövründə əsas fəaliyyət oyun fəaliyyətidirsə, məktəb dövründə bu fəaliyyət təlim fəaliyyətidir.Əvvəl oyun fəaliyyəti əsas olurdusa, sonralar əsas fəaliyyət təlim fəaliyyətidir.

Kiçikyaşlı uşaqların məktəb yaşı dövründə isə təlim fəaliyyəti formalaşır. Təlim fəaliyyəti dövründə isə şagirdlərin fəaliyyəti bilik, bacarıq və vərdişlərin formalaşmasından ibarətdir. Təlim fəaliyyəti dövründə şagirdlərin əldə edəcəyi nailiyyətlərə təkan kimi məktəbəqədərki fəaliyyətinin müəyyən qədər təsiri olur. Belə ki, şagirdlərin təxəyyülünün məhsulu olan bəzi səhnəciklər onların gerçək həyatlarının nəzəri formada əks olunmasını formalaşdırır. Məsələn, kişikyaşlı uşaqların məktəbə gəlməzdən əvvəl səhnələşdirib oynadıqları “müəllim- şagird” səhnəciyini onlar artıq real həyatda, özü də gerçək şəkildə reallaşdırırlar. Və həmin  kişikyaşlı uşaqlar məktəbdə müəllimlə, şagird yoldaşları ilə ünsiyyət qurmaqda heç bir çətinlik çəkmirlər. Onlar artıq şüurlu şəkildə “məktəb” anlayışını dərk edirlər, asanlıqla məktəb qaydalarına riayət edirlər.

Təhsil sistemində aparılan islahatların və Milli Kurikulumun qəbul edilməsi ilə əlaqədar yeni təlim stategiyaları yarandı. Bu təlim stategiyalarının sırasında “Rollu-oyun”metodu məktəbəqədərki dövrdə əsas fəaliyyət hesab olunur. Çünki, kişikyaşlı uşaqların məktəbəqədərki fəaliyyətinin əsas hissəsini rollu oyunlar təşkil edir. “Rollu-oyun” metodundan təlim fəaliyyəti dövründə geniş istifadə olunması şagirdlərin şəxsiyyət kimi formalaşmasının əsas amillərindən biridir.Bəzən sinifdə müəllim uşaqlara müxtəlif “vəzifələr” verir.  Müəllim “həkim”, “sinif nümayəndəsi”, gündəlik seçilən ”növbətçilər” və s.  seçir. Belə ictimai işlərə uşaqların cəlb olunması onlarda liderlik, təşkilatçılıq bacarıqlarını formalaşdırır.

Hər bir yaş dövründə əsas, aparıcı fəaliyyət növü ilə yanaşı başqa fəaliyyət növləri də olur. Məsələn, məktəbəqədər yaş dövründə əsas fəaliyyət olan oyunla yanaşı, əmək və təlim fəaliyyətinin elementləri də özünü göstərir.Lakin bu dövrdə nə əmək, nə də təlim fəaliyyəti özünü göstərir, bu vəzifəni oyun yerinə yetirir.Beləliklə, çoxplanlı fəaliyyət növləri hər yaş dövründə uşaqların həyatların-da mühüm rol oynayır.Uşaqları çoxplanlı fəaliyyətə cəlb etmək və bu aparıcı fəaliyyətlərdən səmərəli şəkildə istifadə etməklə əsl gələcək şəxsiyyətlərin formalaşmasına nail olmaq mümkündür

Məmmədova Gülsədət Arif qızı,  Gəncə şəhər internat tipli xarici dillər təmayüllü gimnaziyanın  ibtidai sinif müəllimi,

           Gəncə şəhər Təhsil İdarəsinin ibtidai siniflər və tərbiyə işləri üzrə  metodisti

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *