05.11.2012/16:19; Birincilərin sevimlisi

Birincilərin sevimlisi

Qazax rayon 5 №-li tam orta məktəb səliqə-sahmanı və yaraşıqlı görkəmi ilə diqqətimi cəlb etdi. Məktəblə tanışlıqdan sonra məlum oldu ki, məktəbdə öz peşəsinə şərəflə yanaşan müəllimlər çoxdur. Bunlardan biri də ibtidai sinif müəllimi Rüxsarə Əhmədovadır.

Əhmədova Rüxsarə Heydər qızı 1955-ci il dekabrın 18-də Qazağın İkinci Şıxlı kəndində anadan olub. Gəncə Dövlət Pedaqoji Universitetinin ibtidai metodika fakültəsini bitirdikdən sonra ilk fəaliyyətini Gürcüstan Respublikasının Rustavi şəhərindəki 12 №-li məktəbdən başlamışdır. Elə oradaca Gürcüstan Respublikasının Maarif Xadimi adını almışdır. 1992-cı ildən Qazax rayon 5 №-li məktəbə gəlmiş və bu günə kimi də burada körpə balaların təlim-tərbiyəsi ilə məşğul olur. 1992-ci ildə birinci dərəcəli müəllim, Beynəlxalq dərəcəli diplom alıb. Rayon üzrə əməkdə fərqləndiyinə görə ensiklopediyaya adı düşüb. 1993-cü ildə keçirilən Müəllimlər Müsabiqəsində “Səs və hərf” adlı mühazirəsinə görə 3-cü yeri tutub. Professor Yəhya Hüseynovun iştirak etdiyi bu müsabiqədə ondan tövsiyələr almışdır. 2010-cu ildə Təhsil üzrə Fəxri Fərmanla təltif edilmişdir. 5 il müddətində isə Müəllimləri Təkmilləşdirmə İnstitutunda müəllim işləyib. Həmçinin 3 il “Odlar Yurdu” Universitetinin Qazax filialında pedaqogika müəllimi kimi fəaliyyətini davam etdirib.

36 illik iş təcrübəsi olan R.Əhmədova dəfələrlə Bakı Metodbirləşməsinə irad və təkliflərini göndərib. “Kurikulum” jurnalının əməkdaşı Afət Süleymanova ilə iş birliyi qurub. Aparılan rəy sorğusuna görə birinci yerə çıxıb.

İllər keçsə də Rüxsarə müəllimə öz şagirdlərini unutmur. Onun yetişdirdiyi şagirdlərdən təkcə 16 nəfər eyni ildə BDU-nə daxil olub. Şagirdlərdən İsayev Samir Qazax Müəllimlər İnstitutunda, Məmmədov Ramin Moskva hüquq-mühafizə orqanlarında çalışırlar.

R.Əhmədova məktəb metodbirləşməsinin sədri, məktəbdaxili şuranın üzvüdür.

Rüxsarə müəllimə bu gün öz işindən və taleyindən razıdır. Həyatda Allah Təala ona övlad verməsə də, o, bütün dərs dediyi şagirdlərini öz doğma övladı sayır, onlara mənəvi ana olduğu üçün fəxr edir.

Dürdanə Məmmədova, Qazax

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *