12.09.2012/14:05; Qəlblərə düşən işıq

Qəlblərə düşən işıq

(Ağdamlı həkim Tofiq Zeynalov barəsində gördüklərim, eşitdiklərim və öyrəndiklərim)

Quzanlı qəsəbəsində son illərdə inşa edilmiş Ağdam Rayon Mərkəzi Xəstəxanasının möhtəşəm binasının birinci mərtəbəsinin geniş dəhlizində Barxudarov Əlövsət Mahmud oğlu ilə tanış oldum. Söhbət əsnasında onun hal-hazırda Tərtərin Mamırlı kəndinin ərazisindəki çadırlardan birində şəraitsiz vəziyyətdə yaşadığını öyrəndim.

Nevropotoloq Tofiq Zeynalovun yanına növbəti müayinəyə gəldiyini və ondan məsləhətlər aldığını bildirdi. Söhbətimiz getdikcə şirinləşir və onun barəsində, səhhəti haqqında ətraflı məlumatlar əldə edirdim. O danışdıqca, Tofiq həkimdən dönə-dönə razılıq etdikcə iltifatlı kəlmələrinin ürəkdən süzülüb gəldiyinə inanmağa başlayırdım. Çünki sözlərindən, danışıq tərzindən səmimiyyət duyurdum. Əlövsət iflic keçirdiyini, nitqdən məhrum olduğunu, çarəsiz və imkansız qaldığını və bu vaxt köməyinə Tofiq Zeynalovun yetişdiyini, yorulmaq, usanmaq bilmədən onu ağır vəziyyətdən qurtardığını və  həqiqi xilaskarı olmaqla ömrünün sonunadək unutmayacağını nəzərimə çatdırırdı. Bildirirdi ki, gördüyünüz kimi sərbəst gəzirəm, ağrı-acılarım ötüb-keçib, buna baxmayaraq həkim məni yenə də özünün nəzarətində saxlayır…

Bu sətirlər loğman şəfası ilə naçarlıqdan qurtulmuş orta yaşlı bir insanın, həyat eşqi ilə mübarizə aparan bir bəşər övladının bəlağətli kəlmələrindən uzaq, qəlbindən gələn minnətdarlıqla dolu sözlərdir.

Bundan əvvəlki yazımda söhbət açdığım və indiki söhbətimdə onun xilaskarlıq missiyasını əksər aspektlərdə uğurlu başa çatdırdığını yəqinləşdirdikdən sonra Tofiq Zeynalov haqqında daha inamla, olduğu kimi danışmaq istəyindəyəm. Yeniyetməlik dövründə tanıdığım bir insanın bu günkü xilaskarlıq missiyası və peşəkarlıq səviyyəsi həqiqətən də məni qürurlandırır və qazandığı şöhrəti fərəhləndirir. Həkimlik digər peşələrdən xeyli fərqlənir. İnsanları sağaldaraq, ömürlərinə sağlam bir durum bəxş etməkdən ötrü həkimə psixoloq qabiliyyəti, səbr, inam yaratmaq və ümid işıqlarını gur yandıra bilmək bacarığı,  yorulmazlıq və usanmazlıq gərəkdir. Bu keyfiyyətlərin, daxilindəki məziyyətlərin inama kökləndiyini və ümidə söykəndiyini iç dünyasından gələn səslə duyanlar, vicdanını və andına sadiqliyini hər şeydən uca tutanlar əsl həkim adını daşımaqda haqlıdırlar, buna layiqdirlər. Belə həkimlərin cərgəsində mən Tofiq Zeynalovu da görürəm. Onda loğmanlıq və insanlıq özünəxas boyalarla ülviləşmişdir və səciyyələnmişdir. Bu, Tofiq Süleyman oğlunun ömür yaşantısıdır, həyat tərzidir. Hər bir xəstəsinə məhrəmanə duyğularla yanaşmaq, onları fiziki və psixoloji anlamda cəmiyyətin sağlam fərdləri kimi görmək onun həyat tərzindən doğan bir impulsdur desəm, ürəyimdən keçirdiyim hissləri və yaşadığım duyğuları dilə gətirmiş olaram.

Tofiq Zeynalovu əlli ilə yaxın bir müddətə gedib çıxan ötən əsrin altmışıncı illərinin ortalarından tanımışam. Onunla və böyük qardaşı Rafiqlə Şuşada Ağdam Rayon Təhsil Şöbəsinin təşkil etdiyi pioner düşərgəsində ilk dəfə ünsiyyət yaratmışam. Heç zaman yadımdan çıxmayan o çağlar kino lentidək gözlərim önündə müdam canlanır. Aradan onilliklər ötsə də, yaşı altmışı haqlasa da bu günkü nurlu sifətində o zaman gördüyüm və yaddaşıma həkk olunmuş bu munis insanın yaxşı xatırladığım cizgiləri və duyğulu gözləri onu mənə ilk görünüşündəcə doğmalaşdırmışdı. Bu məqam Bərdə şəhər poliklinikasında təsadüfdən olmuşdu və Ağdam səhiyyəsinin çoxsaylı kollektivinin bir hissəsi həmin müddətdə orada fəaliyyət göstərirdi. Atalarımızın əlli il öncə Şuşada fəaliyyət göstərən məktəblilərin yay istirahət düşərgəsinə övladlarının yanına gəlmələri ilə iki ziyalının – tanınmış pedaqoq Süleyman Zeynalovun və tanınmış jurnalist Zülfüqar Fərəcovun dostyana görüşləri  üst-üstə düşmüşdü. Yaddaşıma köçmüş və bu günədək unutmadığım həmin anlar xəyalımda iz buraxan müstəsna məqamlardan idi. Bunlar məni Tofiqə bağlayan xatirələrimin bu gün davam edən təcəssümüdür. Beləliklə yazımın əsas motivindən bir qədər kənara çıxdım. Görünür mən ülvi hisslərimin təsirinə düşmüşəm. Yazımın ilk abzasında həkim nevropotoloq Tofiq Zeynalovdan bəhs etdiyim söhbətimə davam etmək niyyətimi yen də ortaya qoyuram.

Qabiliyyəti, istedadı sayəsində əhalinin güvəndiyi və hörmət bəslədiyi həkimlərdən biri olub. Nevropotoloqlar içərisində isə etibar göstərilənlərdəndir və adamlar onun müalicəsinə daha çox üstünlük verirlər, ona inanırlar. Bu inam Tofiq Zeynalovun zaman-zaman əldə etdiyi təcrübəsindən və peşəkarlığından qaynaqlanıb. Peşəkarlıq isə özünü o vaxt daha qabarıq göstərir ki, düzgün diaqnozdan tutmuş müalicə kursuna və profilaktiki tədbirlərə qədər proseslərin ardıcıllığına əsl mütəxəssis səriştəsi ilə diqqət yetirilsin. Belə olduqda müalicə səmərə verir, mərəzə üstün gəlmək olur. Mübaliğəyə uymadan nəzərə çatdırıram ki, otuz beş illik həkimlik xidməti sayəsində o, təmasda olduğu xəstələrin sağlamlığına zəmanət verə bilən, missiyasını bütün dönəmlərdə demək olar ki, əsl xilaskar olmaqla başa çatdıran, bir loğman fədakarlığını özündə təcəssüm etdirən iradəli ağ xalat daşıyıcısıdır. Həmin iradəyə söykənərək vəzifə borcunu, sədaqətli xidmətini gecə-gündüz bilmədən, usanıb yorulmadan yerinə yetirməkdədir. Şərəfli peşəsinə qəlbən bağlanmasaydı, istedadına güvənib qabiliyyətinə sığınmasaydı və inamını mübarizələrlə dolu həyatında özünün genetik enerjisinə çevirməsəydi insanların xidmətində onlarla bu qədər sayagəlməz yoldaşlıq edə bilməzdi. Tofiq həkim peşəsinə qırılmaz tellərlə bağlıdır və taleyinə yazılmış peşəsinin sədaqətli yol yoldaşıdır. Əgər belə olmasaydı o, müqəddəs peşəsinin ətrafında yorulmadan qanad çalan pərvanəyə dönməzdi. Şəfa verdiyi, sağlam həyata qaytardığı insanların, onların doğmalarının, əzizlərinin hər birinin qəlbində özünə yer tutub, müqəddəs insana çevrilib. Ağdamın Əliağalı kəndindən köçkün düşərək Bərdənin Əyricə kəndində məskunlaşan Bünyad Ağayev beyin iflici keçirməklə koma vəziyyətində olduğu vaxtlarda və bir sıra həkimlərin ona çarə tapa bimədiyi ağır məqamda Tofiq Zeynalov onun uzunmüddətli müalicəsinə başlamış və sağlam duruma gətirmişdir. Bünyad Ağayevin bu gün ailə üzvləri, yaxınları və dostları ilə çiyin-çiyinə dayanması Tofiq Zeynalovun tətbiq etdiyi iynə-dərmanlarla, müalicə kursları ilə birlikdə həm də bu cəfakeş həkimin psixoloq və ən ümdəsi əsl insan kimi xəstəyə göstərdiyi nəvazişi, mehriban münasibəti və qayğısı fövqündə inam yaratması sonda fərəhləndirici notlarla yekunlaşmışdır.

Onu yaxından tanıyanlar, müalicə üsullarına azdan-çoxdan bələd olanlar, xəstələrlə təmasına nəzər yetirənlər Tofiq Zeynalovun onların hər birinə xüsusi təbəssümlə baxdığını, gözlərini onların gözlərindən çəkmədiyini, ümidli kəlmələri ilə inam yarada bilmək bacarığını söyləyirlər. Müayinə və müalicə vaxtı xəstələrin əksəriyyəti həkimin ovqatının hansı və necə bir tərzdə olduğunu hiss etməyə çalışır. Həkimin nikbin əhval-ruhiyyəsi, çöhrəsindəki təbəssüm xəstəni ümidləndirir, güc verir. Üzbəüz, qarşılıqlı qısa yaşantılar xəstənin əhvalına, müalicəsinin təsirli olmasına stimul yaradır. Həkimə inanmaq hər hansı xəstə insanın mərəzdən qurtulmasında əhəmiyyətli rol oynayır. Sözün həqiqi anlamında əsl təbib xəstədə pozitiv çalarları yaratmağı, onu inama yükləməyi, sabaha nikbin baxmaqla bədbin düşüncələrdən çıxarmağı bacarmalıdır. Tofiq həkim bu sadaladığım fenomenal qabiliyyəti sayəsində xəstəni özünə “tabe” edir. İntizar, təlaş, nigarançılıq qısa bir zamanda ötüb keçir. Belə olmasaydı saysız hesabsız insan onu özünə əvəzsiz dost, munis xilaskar, könül həmdəmi bilməzdi.

Ağdam rayonunun Ballar kəndindən olan Hidayət Mustafayev, Ağdam şəhərindən köçkün düşmüş Vəliyəddin Səfərov, həmin rayonun Qızıllı Kəngərli kənd sakini və hal-hazırda Bərdə şəhərində yaşayan Reyhan Babayeva, son iyirmi ilə yaxın Ağcabədidə ömür sürməyə məhkum olmuş Lətifə Məmmədova, Ağdamın Bağbanlar kəndindən didərgin düşmüş Musa Abbasov, Qaradağlı kəndində yaşayan Güləbətin Zeynalova, ad və soyadlarını çəkmədiyim çoxlu sayda insanla etdiyim qısa söhbətlər zamanı Tofiq həkimə olan məhəbbətin, minnətdarlığın, ülvi hisslərin hərarətini duydum. Onlar Tofiq Zeynalovdan təmənnasız olmaqla gördükləri qayğını, nəvazişi barəsində xoş və ümidli sözləri dönə-dönə söyləməkdən usanmırlar. Nəyinsə naminə söylənmiş kəlmələrdən uzaq olan əsl səmimiyyətə söykənərək demək istəyirəm ki, Tofiq Zeynalov təkcə diplomu, iynə və dərmanları, ənənəvi prosedurları, əyninə geyindiyi təmiz bəyaz xalatı və digər nikbin ovqat yaradan məziyyətləri ilə insanlarda razılıq doğurmur. O, biliyi, təmiz qəlbi, yanan şamı xatırladan ömrü ilə adamların yaddaşına köçüb. Sağ ikən  ürəklərdə yaşamaq hər kəsə nəsib olmur. Tofiq həkimin müqəddəsliyin bir addımlığında dayanmasının səbəbini kimliyindən asılı olmayaraq fərq qoymadan şəfa bəxş etdiyi hər bir kəsin taleyinə zərrə-zərrə sağlamlıq toxumu əkməsində görmək lazımdır. Cəsarətlə deyirəm ki, o, şəfa verərək ömrünü uzatdığı hər bir kəsin həyatında mənən yaşayır. Mənalarla dolu ömrünü yaşamaqda davam etməklə ona yeni naxışlar həkk etmək heç də hamıya qismət olmur.

P.S. Tofiq Zeynalov yetərincə təcrübəli, geniş biliyə malik həkim-nevropotoloq kimi tanınıb dəyərləndirilsə də daim öyrənməyə, mütaliə etməyə xüsusi diqqət yetirir. Tibb aləmindəki yenilikləri oxuyur, öyrənir və fəaliyyətində tətbiq edir. Bilir ki, səhiyyə dinamik inkişafdadır. Yüksək texnologiya sayəsində hər şey sürətlə dəyişir, yeniləşir, dərinləşir. Buna görə də o, əyalətdə işləməsinə baxmayaraq tibbin bu günkü inkişafı ilə ayaqlaşmaqda paytaxt həkimlərindən geri qalmır.

Bütün Ağdamda, Qarabağın digər bölgələrində çoxları onun adını rəğbətlə, hörmətlə çəkir, barəsində ehtiramla danışırlar. Bunu o, dəyərli həkim olması və mənəvi təmizliyi ilə qazanıb. Rayon səhiyyəsinin baş həkimi Gülnar Abbasovanın onun haqqında dediyyi sözlərlə yazıma yekun vururam:

— Tofiq Zeynalovun rayonumuzda həkim işləməsindən olduqca məmnunam. Nevropotoloq olmaqla dəyəri misilsizdir. Gördüyü işlər, bacarıqlı təbib olması, xəstələrə qayğıkeş münasibəti kollektivimizin hər bir üzvündə fərəh doğurur.

 Eldar Fərəcov,  Agdam-Quzanlı

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *